Ötüb-keçən günlər ağlı, qaralı,
Mən kimlərdən, mən nələrdən aralı,
Dərdli könlüm həyəcanlı, yaralı,
O keçən çağları anmasam olmur.
Ürək qəfəs-sevinclə qəm mehmanı,
Yerlər, göylər, bütün aləm mehmanı,
Şair dərdli, kağız, qələm mehmanı,
Özümü günahkar saymasam olmur.
Qəlbə oxdur bir namərdin sözləri,
Məlhəm olur ona mərdin sözləri,
Niyə dünən yelə verdin sözləri?
Hikmət zirvəsinə qonmasam olmur.
Əli Vəkil, təkcə ona arxalan,
Hər nə olub qoy bir yana, arxalan,
Bu həyatda tək insana arxalan,
Düşünüb halına yanmasam olmur.
30 yanvar 2001