Ömrümdə qaraya ağ demədim mən,
Tale verdiyinə qane olmuşam.
Heç zaman təpəyə dağ demədim mən,
Sitəmdən yarılıb, dərd dolmuşam.
Bəzən şən oluram, bəzən fikirli,
Dostlar qınamayın heç zaman məni.
Gəlir göz önümə ömrün nəhs ili,
Çox atıb-tutubdur bu dövran məni.
Heç kəsdən sadağa, kömək ummadım,
Halal zəhmət oldu arxalandığım.
Ömrün boz üzünə mən göz yummadım,
İnamdır, ümiddir arxa sandığım.
Həyatda büdrəyib yıxılmadım mən,
Arxamda sevdiyim Vətən dayandı.
Büdrədim min insan tutdu əlimdən,
Gözümdə sabahın günəşi yandı.
Sentyabr 1983