Ömrün bir səhəri

Xoş gördük, xoş gördük, ay yeni səhər!
Ömrümə yazılan günlərdən biri.
Oyatdı yuxudan məni xoş hisslər,
Sən əldə qabarsan, sən alın təri.

Ömür sarayında sən bir kərpicsən,
Yolunu həsrətlə gözləyənlər var.
Uğurlu günlərə, aylara əhsən,
Yaşar yaddaşlarda, əbədi yaşar.

Axdı pəncərəmdən, axdı içəri,
Günəşin qızılı telləri axdı.
Yığdım gözlərimə al şəfəqləri,
Səhərin gözüylə səhərə ğaxdım.

Şairlər deyəcək sözünü sənə,
Yadigar qalacaq gör neçə nəğmə?
Nələr yaranacaq bu bircə gündə,
Kimsə son qoyacaq kədərə, qəmə.

Niyə boş keçirək biz gələn günü?
Yaşayaq, qoy duyaq dadını sənin.
Bəxş elə ellərə toyu, düyünü,
Nəğmədə yaşadaq adını sənin!

Pidsunda.
Oktyabr 1987