Öndən zəfər gətirən illər bizimdi, bizim

Daşı daş üstə qoyan əllər bizimdi, bizim,
Öndən zəfər gətirən illər bizimdi, bizim.

Dağlarımız vüqarlı, yaylaqlarım səfalı,
Lalə, nərgiz ətirli çöllər bizimdi, bizim.

Urmiyəm var uzaqda, Arazın o tayında,
Göy göl, Maralgöl adlı göllər bizimdi, bizim.

Göyçəm yad tapdağında, Borçalım anır məni,
İtirilən mahallar, ellər bizimdi, bizim.

Şuşa gedib dözürük, Ağdamsız günlər qara,
Qarabağda yad dərən güllər bizimdi, bizim.

Cənnət yerlər əsirdi, səfərbərlik gərəkdi,
Silahdan möhkəm tutan əllər bizimdi, bizim.

Əli Vəkil ümidlə Qələbəni gözləyir,
Kükrəyən Milli Ordu – sellər bizimdi, bizim.

17.08.2002