Ortaq nəğmə

İstədim adına bir nəğmə yazım,
İki qəlbin həsrət, vüsal nəğməsi.
Ay mənim sevincim, çiçəkli yazım,
Eşit ürəyində hər vaxt bu səsi.

Bir anda qəlbimi alazladı söz,
Əl atdım qləmə, səni yad etdim,
Hər yeni nəğmənin qol-qanadı söz,
Üşüyən könlümü sözlə isitdim.

Yazanda ilk sözü, ilk misranı mən,
Sanki yanımdaydın, durduq üzbəüz.
Baxıb ilham aldım gülüşlərindən,
Süzüldü qələmdən sənə layiq söz.

Demə sən özün da şair imişsən,
Bu yeni nəğməni birgə yazdıq biz.
Təzə söz deməyə mahir imişsən,
Vurdu bir ahənglə ürəklərimiz.

Hər szü düz dedin, ürəkdən dedin,
Şeiri sən söylədin, mirzə mən oldum.
Dil açıb şairi heyran eylədin,
Nəğmə sərrafısan, bir də vuruldum.

Bu şeiri mən sənsiz, səninlə yazdım,
Bir anda qət etdin uzaq yolları.
Səndən qeyrisini yaxın qoymadım,
Çıxarma yadından bunları barı.

Var ortaq sevgimiz, balalarımız,
Ortaq nəğməmiz də yarandı bu gün.
Sevgi sərvətimiz, övlad varımız,
Yaratdıq bu şeiri biz onlar üçün.

16 avqust 1996