Ötürmə köksünü

Köksünü ötürdün, bilmirəm niyə?
Yamanca sarsıldım bir anda, gülüm.
Yol tapdı qəlbinə axı qəm niyə?
Sahib ol sevincə cahanda, gülüm.

Köksünü ötürdün dərd oldu mənə,
Kədərin dağlara, ahın dağlara.
Mən çəkim qoy dərdi sənin yerinə,
İncə ürək hara, ağır dərd hara?

Köksünü ötürdün bir də dərindən,
Sonsuz xəyallara qərq etdin məni.
Xəbərdar olaydım kaş kədərindən,
Qəlbimə dağ çəkdin, incitdin məni.

Əzəzim, köksünü ötürmə barı,
Əlimdən nə gəlir, neyləyim axı?
Mətin ol, özünü itirmə barı,
Unuda bilmərəm çəkdiyin ahı.

Ötürmə köksünü, dözmək çətindir,
Tapaydım dərdinin çarəsini kaş.
Ver dərdi mən çəkim, kişi mətindir,
Görməyim nə kədər, nə gözündə yaş,
Tapaydım dərdinin çarəsini kaş!

22 iyun 1999