Oyan, Qoç Koroğlum!

Gözlərimiz gördü nələr?
Oyan, Qoç Koroğlum, oyan!
Üz alıbdır yol kəsənlər,
Oyan, Qoç Koroğlum, oyan!

Yenə çaqqallar ulayır,
Qeyrətsiz meydan sulayır,
Yaltaqlar quyruq bulayır,
Oyan, Qoç Koroğlum, oyan!

Yəhərləyin, Qırat hanı?
Nərən bürüsün hər yanı.
Qoru təmiz adı, sanı,
Oyan, Qoç Koroğlum, oyan!

Canımız saydıq biz eli,
Məğlub olmaz oğuz eli.
Türk oğlunun bu öz eli,
Oyan, Qoç Koroğlum, oyan!

Ulu torpaq – yer bizimdir,
Döyüşən əsgər bizimdir.
Qələbə, zəfər bizimdir,
Oyan, Qoç Koroğlum, oyan!

Çənlibel sənsiz darıxıb,
Oba, el sənsiz darıxıb,
Sazda tel sənsiz darıxıb,
Oyan, Qoç Koroğlum, oyan!

12 mart 1992