Öz adını niyə qoydun özgəyə

Öz adını niyə qoydun özgəyə?
Öz eybini görməyirsən sən niyə?
Öz andının varisidir hər insan,
Onu qoymaq olmaz heç vaxt kimsəyə.

Vurub öz əliylə töküb gözünü?
Axı niyə bədbəxt edib özünü?
Görsələr ki, əyri yolla gedirsən,
Heç bir kəs istəməz görsün üzünü.

Onun örkəninin üstünə darı
Sərmək düzgün deyil, anlayın barı.
Bir də görərsən ki, çəkdi örkəni,
Onda gəl axtar, tap sən günahkarı.

Pay bölən olacaq ya öz payından,
Ya da öz imanından bil, inan.
Payından olarsa heç nə itirməz,
İmanı itirmək yamandır, yaman.

İti öldürəcək pişiyin dərdi,
Bilməyir ki, qəmlənməyi hədərdi.
Ev sahibi fərq qoymayır heç zaman,
Qoruyur onları, gözündə birdi.

Kor kimidir vallah savadsız adam,
Savad yoxsa, olur bir adsız adam.
Gərək ömrü boyu cəhd etsin insan,
Oxusun, öyrənsin, çalışsın müdam.

Yalandan kimisə lağa qoyursan,
Saqqaldan götürüb bığa qoyursan.
Ağıllı adama qulaq asmalı,
Məsləhətə qulaq assın hər insan.

Pis söhbətdən susmaq daha yaxşıdı,
Elə qulaq asmaq daha yaxşıdı.
Pis söhbət bənzəyir ara sözünə,
Fikir dərin, sözlər baha – yaxşıdı.

Pis söz salar söyləyəni hörmətdən,
Qoy düşməsin düz söz deyən hörmətdən.
Müdrik insan mənasız söz söyləməz,
Aqilsənsə düşməzsən sən hörmətdən.

Vallah günü keçər ahnan-vaynan,
Taylı öz tayını tapmasa, inan.
Taparsa həyatda hərə tayını,
Ömrünü mənalı yaşayar insan.

Kimə gərək toydan sonra nağara?
Adamları bir də yığaq mağara?
Oynayarlar, şənlənərlər toylarda,
Heç kimsə getməsin qoy qanı qara.

Toyuğu sayarlar tarda həmişə,
Bilinər neçəsi orda həmişə.
İşdi girsə tülkü toyuq hininə,
Toyuq-cücə onda tez keçər dişə.

Küllükdə çalınır elə bil toyu,
Həsrətlə gözləyib neçə il toyu.
İnsanın yadında toy günü qalır,
Unuda bilmirsən sən ömrün boyu.

Ağlı topuğunda uzun adamın,
Adından bu sözü pozun adamın.
Uzundur, qısadır insanın boyu,
Ağlından, fikrindən yazın adamın.

Uşaq bir hədiyyə, uşaq bir nübar,
Səni düşmən qapısına aparar.
Axı uşaq padşahdan da hökmlü,
Odur dövlət, odur sərvət, odur var.

25 sentyabr 2002