Fəsillər ardınca gəlir fəsillər,
Qışın öz yeri var, yazın öz yeri.
Mizrab toxunduqca dil açır tellər,
Tarın öz yeri var, sazın öz yeri.
İşıqlı dünyaya vurulur könül,
Çaylartək çağlayır, durulur könül,
Gözəllik önündə qul olur könül,
Dağın öz yeri var, düzün öz yeri.
Bir-bir yola salır illəri insan,
Cənnətə döndərir hər yeri insan,
Dərk edir ulduzlu göyləri insan,
Ürəyin öz yeri, gözün öz yeri.
Eşqin badəsini içən aşiqlər,
Bu yolda canından keçən aşiqlər,
Yaxşını yamandan seçən aşiqlər,
İpəyin öz yeri, bezin öz yeri.
Dəyişir kainat, dəyişir zaman,
Kimi sərraf olur, kimi də nadan,
Gözümüz doymayır ulu dünyadan,
Çoxun öz yeri var, azın öz yeri.
Sabaha inamla baxmalıyıq biz,
İllərin əlini sıxmalıyıq biz,
Uca zirvələrə çıxmalıyıq biz,
Yolun öz yeri var, izin öz yeri.
Kimi bağ becərib barını dərdi?
Mənim söz dərdimi el-oba dərdi,
Əli, öyünməyin bəlkə hədərdi?
Odun öz yeri var, sözün öz yeri.
1979