Özü yıxılan…

Öz yolunu sən özün seç,
Sıldırımlı yollardan keç,
Son mənzilə yolların köç,
«Özü yıxılan ağlamaz».

Səhv eləmə dünyada sən,
Meydan vermə heç yada, sən,
Vallah düşərsən oda sən,
«Özü yıxılan ağlamaz».

Gizli tələ quranlar var,
Hey pusquda duranlar var,
Kürəyindən vuranlar var,
«Özü yıxılan ağlamaz».

Nə çoxdur can-can deyənlər,
Mən sənə qurban deyənlər,
Az deyil qan-qan deyənlər,
«Özü yıxılan ağlamaz».

Demə hanı günahkarlar?
İnsanın dostu çox olar,
Əli Vəkil, yadda qalır –
«Özü yıxılan ağlamaz».

10 avqust 2002
Rusiya, İvanovo şəhəri