Hər fəslin öz yeri, öz gözəlliyi,
İnsan ömrünün də fəsilləri var.
Payız gözəlliyi, yaz gözəlliyi,
Həyatın mülayim, sərt illəri var.
Şaxtalı, əovğunlu qışı görməsə,
Baharın qədrini bilərmi insan?
Borana, tufana sinə gərməsə,
Gen gündə sevinər, gülərmi insan?
Yayın bürküsündə təntiyəndə biz,
Deyirik sərinlər düşəcək haçan?
Doyur bu fəsildən ürəklərimiz,
Necə dözəcəyik biz payızacan?
Yayda bülbüllərin cəh-cəhi gözəl,
Şirin nəğmələrlə oyanır insan.
Payız bağçalara gəzdirəndə əl,
Ala qarğalara verilir meydan.
Səksənib onların qarıltısından
Qızılı yarpaqlar tökülür bir-bir.
Torpağın üstündən yarpaqdan yorğan,
Deyirsən payız da, qış da gözəldir.
Külək nəğməkara çevrilib bir dəm,
Bağlarda min yeni nəğmə oxuyur.
Şair də düşünür əlində qələm,
Sözlərdən kiçik bir çələng toxuyur.
O zaman qazanır, uduzmur insan,
Hər fəslin gülünü vaxtında dərir.
Qorxmayır həyatın yoxuşlarından,
Yaşamaq borcunu şərəflə verir!
1983