İnsanın ömrünə bənzəyir tamam,
Saralan, tökülən yarpağın ömrü.
Çinarın altında fikrə dalmışam,
Nağıldır bu ölən yarpağın ömrü.
Biri çoxdan qopub öz budağından,
Qocaman çinara əlvida deyib.
Çəkib qılıncını üstünə xəzan,
Qarışıb torpağa son söz söyləyib.
Yarpaq yorğan olub yerdə torpağa,
Budaqdan qopmayıb, dözənlər də var.
İnsan var həyatda gedər uzağa,
İnsan var arzusu çiçəktək solar!
İnsanın ömrünə bənzəyir tamam,
Saralan, tökülən yarpağın ömrü.
Çinarın altında fikrə dalmışam,
Nağıldır bu ölən yarpağın ömrü!
16 oktyabr 1982
Yurmala