Qədim odlar diyarının dağı, düzü – bir əfsanə

Qədim odlar diyarının dağı, düzü – bir əfsanə,
İsti yayı, qarlı qışı, güllü yazı – bir əfsanə.

Əksim qalıb sularında Maralgölün, o Göy gölün,
Murov dağı, Savalanı, Qarayazı – bir əfsanə.

Nizaminin, Füzulinin o hikmətli kəlamları,
Ürəkləri ovsunlayan dürlü sözü – bir əfsanə.

Koroğlunun qəhrəmanlıq ənənəsi bil yaşayır,
Mərd Babəkin bizə miras qalan izi – bir əfsanə.

Xətainin Göyçəmizdə izi, səsidir yadigar,
Ələsgərin söz çələngi, telli sazı – bir əfsanə.

Aşiqlərə xoşdu yarın tez-tez qonaq gəlməsi,
Yadda qalan gülüşləri, bir də nazı – bir əfsanə.

Əli Vəkil qala qurur ən dəyərli sözlərindən,
Hikmət adlanan çeşmənin qaynar gözü – bir əfsanə.

16 avqust 2002