Qəmli ürəyimdə közüm var mənim,
Xalqa deyiləsi sözüm var mənim.
Doğma Qarabağım yad tapdağında,
Böyük Qələbədə gözüm var mənim.
«Dünyanı gözəllik xilas edəcək!»
Dünya gözəlliklə qoşa gedəcək.
Əgər bacarırsan fırça götürüb
Ülvi gözəlliyi ağ kətana çək!
Gedən getdi, gələn gəldi, bəllidi,
Vaxt yetişdi, ölən öldü, bəllidi.
Elin, yurdun qayğısına qalaraq,
Öz yerini bilən bildi, bəllidi.
Lap çoxdan yetişib kamala dünya,
Bəşər övladından kam ala dünya.
Gör neçə insanı yola salıbdır
Basılmaz bir qaladı, qala dünya.
«Daldan atılan daş topuğa dəyər»,
Gecikən nahaqdan özünü əyər.
Həyatda peşiman olmazsan inan,
Görsən öz işini vaxtında əgər.
Xoşbəxtlik, bədbəxtlik qoşadır, qoşa,
Payına düşəni qəbul et, yaşa.
Qonşudur həyatda xeyir ilə şər,
Dünya işgəncədir, dünya tamaşa.
Öz xeyrini, öz cibini güdən çoxdu,
El yolunda şəhid olan, gedən çoxdu.
Düşünmürlər beşcə günlük qonağıq biz,
Qəribədir, hələ pislik edən çoxdu.
Qartalın məskəni zirvələr oldu,
Orda ömür sürdü, orda doğuldu.
Darıxır zirvəsiz, mavi göylərsiz,
Harda zirvə gördü, orda doğuldu.
Qəflət yuxusunda yatma, amandı,
Halalı harama qatma, amandı.
Çalış insanları barışdırasan,
Bir savaş ocağı çatma, amandı.
Dözürük şaxtaya yazın eşqinə,
Qalxırıq yoxuşu düzün eşqinə.
Dözür hər əzaba qələm sahibi
Sənətin eşqinə, sözün eşqinə.
Az ömür sürürük ulu dünyada,
Gərək azmayaq biz yolu dünyada.
Əbədi mənzilə yol gedir hamı,
Bizim boş dünyada, dolu dünyada.
Aqilin kəlamı, sözü mənalı,
Yalan yox, dünyanın düzü mənalı.
Müdrik və sərrafsa bəşər övladı,
Sözü inci olur, gözü mənalı.
Yalandırmı Koroğlunun qeyrəti?
Səttarxanın igidliyi, cürəti?
Güclülərə bel bağladı yağılar,
İtiridk torpağı biz müvəqqəti.
Darıxma, Qarabağ, gözlə sən məni,
Harayla sən məni, izlə sən məni.
Öndədir inadlı, qanlı döyüşlər,
Sinəndən salsa da düşmən gen məni.
Vallah günahkaram, ay ana torpaq,
Ən böyük Qələbə öndədir ancaq.
Üç rəngli bayrağım yaxın günlərdə
Şuşa qalasında dalğalanacaq.
Bu doğma Vətənə ana demişik,
Hər dərdinə yana-yana, demişik.
Lazım gəlsə azadlığı yolunda
Qıymalıyıq biz bu cana – demişik.
Bu torpağın hər qarışı – Vətəndir,
Meşələri, dağı, daşı – Vətəndir.
Aqnamızdır – anamızı qoruyaq,
Bilsin bədxah, bilsin naşı – Vətəndir.
İlhamlı ürəkdə köz dəyərlidir,
Vaxtında deyilən söz dəyərlidir.
Yalanın, böhtanın ömrü az olur,
Həqiqət dəyərli, düz dəyərlidir.
«Kişi öz söznü bir dəfə deyər»,
Doğru söz güllədir, hədəfə dəyər.
Aqillər sözünü elə söyləyib,
Əbədi yaşayır keçsə də illər.
Silmək mümkün deyil üz qarasını,
Görmüşük qəlblərin yüz yarasını.
Güllə yarasını sağaltmaq asan,
Sağaltmaq olmayır söz yarasını.
Məhəbbət ömürün yazıdır, yazı,
Odur könüllərin şirin avazı.
Sevgiyə xəyanət etmək nə lazım,
Xoşdur öz yarının işvəsi, nazı.
Sevgi qismətimsən, iftixarımsan,
Sevincimi, fərəhim, mülküm, varımsan.
Ürək sirdaşına yarım – dedilər,
Ay gülüm, paramsan, mənim yarımsan.
Qəlbimiz ləkəsiz, eşqimiz təmiz,
Leyliyə, Məcnuna bənzəməyək biz.
Hərənin öz adı, öz ünvanı var,
Hicranın qəddini birgə əyək biz.
Qoymaram heç zaman tapsın qəm səni,
Həsrətli anlarda səslərəm səni.
Dolaşıb gəzsən də, olsan da harda,
Qəlbimdə əzizlər, bəslərəm səni.
Para-para olan könlüm yasdadı,
Hey boşalıb, dolan könlüm yasdadı.
Üzür məni Ağdam, Şuşa həsrəti,
Qəm havası çalan könlüm yasdadı.
Kövrəlmişəm, dindirməyin siz məni,
Qəm atından endirməyin siz məni.
Qarabağı itirəndən yanıram,
Qoy kül olum, söndürməyin siz məni.
Qorumadıq təmiz adı, niyə biz?
Tanımadıq axı yadı, niyə biz?
Yağı düşmən xam xəyala düşəndə
Söndürmədik yanan odu, niyə biz?
Cəfanı çəkməyə hazıram, gülüm,
Adına nəğmələr yazıram, gülüm.
Səndən uzaqdayam, uzaqda indi,
Sənli yuxuları yozuram, gülüm.
Necə yaranıbdır? Kim bilir bunu?
Sirdir, müəmmadır əvvəli, sonu.
Kainat – demişik, dünya – demişik,
Gəlin gözümüztək qoruyaq onu.
Niyə itirmişik Ulu Göyçəni?
Enibdi dağlara örpək göy çəni.
Qarlı zirvələrdə gözüm qalıbdır,
O doğma mahala yetirin məni.
Dağında, daşında izim qalıbdır,
Yalçın qayasında sözüm qalıbdır.
Köçürdüm qəlbimə Göyçə gölünü,
Orda Ələsgərim, sazım qalıbdır.
Durub haraylaram Növrəs İmanı,
Görən oyadarmı bus əs İmanı?
Ələsgər ocağı sönməsin gərək,
Sazdı Göyçəmizin dini, imanı.
Göyçə adlı bir mahalım, ay haray,
Ələsgərim, ustad Alım, ay haray.
Həsrətini gecə-gündüz çəkdiyim
Dağım, dərəm, çölüm, yalım, ay haray.
Taraz olub məhəbbətim, nifrətim,
Qəlbimdədir dəyanətim, qeyrətim.
Bilirəm ki, öz sözünü deyəcək
Doyma yurdum, məmləkətim, millətim.
Çətində sınayır el öz oğlunu,
Odlar övladıyıq, kim bilmir bunu?
Hardan peyda oldu alaq otları,
Bitmədi zəfərlə davanın sonu?\
Güldürər, şad edər insanı sözlər,
Qəlbən əyləndirər insanı sözlər.
Dərmandı, xəncərdi illərdən bəri,
Yaşadar, öldürər insanı sözlər.
Söz nədi? Dillərdə dolaşan nəğmə,
Sədləri adlayan, dağ aşan nəğmə.
Sözlərdən yaranıb, dürlü sözlərdən,
Dəniztək kükrəyib hey daşan nəğmə.
Tənəli söz yar qəlbini yaralar,
Yar könlünü yar sındırar, yar alar.
Acı sözdən gəl bu qədər qəmlənmə,
Xoş sözlə də sağalacaq yaralar.
Ulu dünyamıza aqillər gəldi,
Doğulandan aqil elə aqildi.
Həyatı oyuncaq saydı çoxları,
Müdriklər insanın qədrini bildi.
Göyçək gölüm – Göyçə gölüm qan ağlar,
Qorqud yurdu, doğma elim qan ağlar.
Gör haçandan at oynadır yağılar,
Sarınərim, neçə çölüm qan ağlar.
Dədə Qorqud çalan sazım Göyçədə,
Qışa döndü güllü yazım Göyçədə.
Şah İsmayıl xeyir-dua vermişdi,
Həsrətliyəm, qalıb gözüm Göyçədə.
Taxta çıxdı mənəm-mənəm deyənlər,
Qürrələnib sinəsinə döyənlər.
El yanında dili gödək olubdur
Böyüklərin önündə baş əyənlər.
Hbkm elədi, at oynatdı fatehlər,
Qanlar tökdü, qana batdı fatehlər.
Varlı, kasıb tanımayır Əzrayıl,
Öz quluyla qoşa yatdı fatehlər.
Yaza vurulmazdıq qışı görməsək,
Kövrəlməzdik gözdə yaşı görməsək.
Arif insanların qədri bilinməz,
Cahili görməsək, naşı görməsək.
Babəklərin nəvəsiyik, bilir hamı,
Koroğludan almalıyıq biz ilhamı.
Qarabağı xəyanətə qurban verdik,
Uduzmuşuq, üstümüzə gülür hamı.
Qəddardı, hiyləgərdi düşmənimiz,
Tanıya bilməmişik düşməni biz.
İtirmişik neçə cənnət diyarımı,
Qorxaq olduq bu dünyada yəni biz?
Ürəyinə qəm dolanda səslə məni,
Kövrələndə, çətin anda səslə məni.
Sənin ilə bir bölərik dərdi-səri,
Darıxanda, tək olanda səslə məni.
Qarabağsız dərdə, qəmə dözənik,
Dil-dil ötüb, hələ boş-boş gəzənik.
Gözümüzdə tiri seçə bilmirik,
Yad gözündə tük axtaran, sezənik.
Sənintək qəlbimi duyan harda var?
Məni qibləgahı sayan harda var?
Bircə baxışıyla yaralarıma
Loğmantək ilk məlhəm qoyan harda var?
Sevən könüllərin aynasıdır söz,
Həyatın, varlığın mənasıdır söz.
Yaşadır şairin arzularını,
Ölümsüz, əlçatmaz dünyasıdır söz.
5 iyul 1999