Qalıb

Tükənib səbri-qərarım,
Talanıbdır yoxum-varım,
Susubdur kamanım, tarım,
Göyçəmizdə sazım qalıb.

İtirmişəm mən dağları,
Bəxtimə düşən dağları,
Seyr edəydim bir də barı,
Dərəm, təpəm, düzüm qalıb

Mənsiz qalıb Çaldağım da,
Fikrə dalıb Çaldağım da,
Azdım neçə yol dağımda –
Dolaylarda izim qalıb.

Keytidən aşa bilmirəm,
Nəğmələr qoşa bilmirəm,
Nə olub coşa bilmirəm? –
Ürəyimdə sözüm qalıb.

Elsizdi Darın dərəsi,
Gülsüzdü Darın dərəsi,
Selsizdi Darın dərəsi,
Orda güllü yazım qalıb.

Göyçə gölü intizarda,
Çalxalanır qalıb darda,
Hardadır bəs eli, harda?
Sularında gözüm qalıb.

Balığı var qızıl ala,
Kaş ki, bir də mənim ola,
Əli Vəkil, döz bu hala,
Məgər məndə dözüm qalıb?

2 avqust 2002
Rusiya, İvanovo şəhəri