Qanad açıb Göyçəmizə uçammıram, neyləyim?
Bulaqların buz suyundan içəmmirəm, neyləyim?
Xəyal karvanına sarban olub dönə-dönə mən,
Mahalımın qucağına köçəmmirəm, neyləyim?
Torpaqlarım, Qarabağım əldən gedib haçandan?
Cəhd edirəm, bu sirdən baş açammıram, neyləyim?
Gedəmmirəm Təbrizimə, Dərbəndimə, Şuşama,
Mən tikanlı məftilləri keçəmmirəm, neyləyim?
Nə dövrandı, nə zamandı dərk eləmək olmayır,
Namərdi tanıyıb dərhal seçəmmirəm, neyləyim?
Sapı özümüzdən olan baltalar vurdu bizi,
Çaş-baş qalıb, xəyanətdən qaçammram, neyləyim?
Əli Vəkil nələr gördü yağılardan, yadlardan,
Zəmilərim yetişəndə biçəmmirəm, neyləyim?
15 avqust 2002