Nə məğrurdur şiş dağların,
Nəğmə deyir bulaqların,
Möcüzədir yaylaqların,
Gözəl diyar – Qarabağım!
Çəmənlikdə süfrə açaq,
Meh əsdikcə yansın ocaq,
Qoy dolaşım oymaq-oymaq,
Gözəl diyar – Qarabağım!
Hara baxsan bağça-bağdır,
Övladının üzü ağdır,
Nələr tikib-quracaqdır,
Gözəl diyar – Qarabağım!
Ha baxıram doymur gözüm,
Bağda tənək düzüm-düzüm,
Şirin nəğməm, şirin sözüm,
Gözəl diyar – Qarabağım!
Şikarın var, qartalın var,
Vaqif sözü qanadlanır,
Sən cənnətsən, qoynu bahar,
Gözəl diyar – Qarabağım!
Yüksəlirsən gündən-günə,
Qələbədən söz aç yenə,
Vəsf edərəm dönə-dönə,
Gözəl diyar – Qarabağım!