Öz yurdunu atıb qaçan eloğlum,
Gec deyil, bu köçü qaytarın geri.
Dəyanəti satıb qaçan eloğlum,
Kimə tapşırırsız doğma evləri?
Əl qaldırın, gedən köçə saxlayın,
Vətəndən Vətənə qaçmaq olarmı?
Xalqı rüsvay edən köçu saxlayın,
Belə dəhşət, belə də dağ olarmı?
Gendən baxıb qəşş eləyir düşmənlər,
Bu anları yüz illərdir gözləyir.
Qürrələnib ğələr deyir düşmənlər?
Onlar bizi hər addımda izləyir.
Haray salır doğmaların ruhları,
Üsyan edir məzarlarda yatanlar.
Necə dözsün bəs onların ruhları?
Şər qarışda uluların zi var.
Şəhid olmaq insan üçün səadət,
Vətən sənə oğul deyib əzəldən,
Miras qalıb babalardan cəsarət,
Torpaq bizi əzizləyib əzəldən.
Sınaq anlarıdır, dərk edin barı,
Azadlıq yolunda çarpışmaq gərək.
Üz alıb yurduma soxulanları
Qovaq son mənzilə zəfər, deyərək.
Sözündən dönməyən Nəsimi babam,
Amalı yolunda soyulub dünən.
Eşitsin Hələbdə Nəsimi babam,
Bu torpaq qanımla yuyulub dünən.
Şuşanı tərk edən ərlər, oğullar,
Qayıdın o qartal yuvasına siz.
Hardasa gizlənib daldalananlar,
Övladtək borclusuz axı ona siz.
Qanından qorxanlar, qayıdın geri,
İndi səngərdədir igid şahinlər.
Canından qorxanlar, qayıdın geri,
Daldan atılan daş topuğa dəyər.
Sahibsiz qoydunuz isti ocağı?
İnsan itirərmi çörəyi, duzu?
Kimlər becərəcək bağçanı, bağı?
Cəsurdur bu yurdun hər oğlu, qızı.
Ay evin kişisi, hara qaçırsan?
Qayıt ön cəbhəyə, səngərə qayıt.
Vətəni qoruyur Sahilə, Ceyran,
Harda doğulmusan o yerə qayıt!
Beləmi verirsən Vətən borcunu?
Silaha sarılıb Nurcahan indi.
Azəri türküsən, dərk elə bunu,
Unutma, unutma bircə an indi.
Kəmalə, Nəzakət, igid Nazilə,
Həcərin, Nigarın mərd nəvələri.
Cəsur Simuzəri demirəm hələ,
Aslantək vuruşur bu gün hər biri.
Sizə beşik olan obaya, elə,
Sabah nə üz ilə dönəcəksiniz?
Xalqın tənəsini demirəm hələ,
Qeyrət zirvəsindən enəcəksiniz.
Döyüşdə fürsəti düşmənə versək,
Vallah bağışlamaz bu yer, göy bizi.
Yaşasaq qoltuqda qaçqın, köçküntək,
Hörmətdən salarıq mərd keçmişimizi.
Qisasa səsləyir Xocalı dərdim,
Bəs niyə boşalsın Füzulim bu gün?
Nə qədər günahsız qurbanlar verdim,
Çıxır imtahandan mərd elim bu gün.
Ürəyim dayanar Ağdam boşalsa,
Mərdanə dayansın Tərtərim mənim.
Doğma kəndlərimdən köçlər baş alsa,
Yağılar önündə sınar Vətənim.
Qıfıllar asılıb neçə qapıdan?
Ac-susuz neyləyir itlər, pişiklər?
«Nə ola sahibi keçə qapıdan» –
Sükuta qərq olub evlər, eşiklər.
Qayıdın, birləşin yumruğa dönək,
İgid babaların ruhu bizimlə.
Torpağa baş əyək, torpağa dönək,
Zəfər bayramını görüm gözümlə.
Vətən müqəddəsdir, vüqarlı dağdır,
Qoruyur ərlərim, bir də haq bizi.
Qaliblər yurdutək tanıdacaqdır,
Azadlıq yolunda bu sınaq bizi!
Aprel 1992