Qayıt

Yazammıram ürəyimdən keçəni,
Hardasan ilhamım, qayıt, hardasan?
Vallah üzəcəkdir xəyallar məni,
Hardasan ilhamım, qayıt, hardasan?

Kövrəlirəm, nələr düşür yadıma,
Çətin anda yetişmisən dadıma,
Şöhrət oldun sən imzama, adıma,
Hardasan ilhamım, qayıt, hardasan?

Axı, niyə könlümü tərk etmisən?
Göy gölümü seyr etməyə getmisən?
Axtarıram, yoxa çıxıb itmisən,
Hardasan ilhamım, qayıt, hardasan?

Qürbət elin havasına dözmədin?
Mənim ilə bu dünyanı gəzmədin?
Qəm gölündə əl-qol atıb üzmədin?
Hardasan ilhamım, qayıt, hardasan?

Heç nə gəlmir vallah sənsiz əlimdən,
Süzülərdi nəğmələrim dilimdən,
Ayrılmışam Vətənimdən, elimdən,
Hardasan ilhamım, qayıt, hardasan?

Sən yurdumu qarış-qarış dolan gəl,
Küləklərlə, sellə yarış, dolan gəl,
Axırda sən mənlə barış, dolan gəl,
Hardasan ilhamım, qayıt, hardasan?

Bu yolları bir gəlmişik səninlə,
Bir ağlayıb, bir gülmüşük səninlə,
Alqışları bir bölmüşük səninlə,
Hardasan ilhamım, qayıt, hardasan?

2 yanvar 2001-ci il
Rusiya, İvanovo şəhəri