Qazanmırsa halal çörək dünyada

Qazanmırsa halal çörək dünyada,
Tənbəl adam nəyə gərək dünyada?
Tüfeyli yaşayıb, göz diksə ələ,
Ondan üz döndərər ürək dünyada.

Ah-nalə yüksəldi kar oldu dünya,
Nahaq qan töküldü kor oldu dünya,
Saysız qırğınları, faciələri
Ha gördü, eşitdi, yoruldu dünya.

Kimsə ovçu olub insan övladı,
Dindi, gileyləndi bəşər övladı,
«Gidi dünya», «fani dünya» – dedilər,
Gör haçandan o daşıyır bu adı?

Eşqin bağçasına qoyma qar yağa,
Baxışlar zillənsin gözə, yanağa,
Bir sim üstə köklənərsə ürəklər,
Məhəbbət bənzəyər əlçatmaz dağa.

Baxışların ürəyə od salandı,
Qəlb oxşayan, məni məndən alandı,
Xoş hisslərlə xatırlaram həmişə,
Ömrüm boyu yaddaşımda qalandı.

Sevdiyin insanı tanıya bilsən,
Peşiman olmazsan tanıya bilsən,
Taylı öz tayını taparsa əgər,
Görənlər bu eşqə söyləyər əhsən.

Ömür-gün yoldaşı müqəddəs ana,
Ər də hörmət edib baş əysin ona,
Qadına xəyanət ər tərəfindən
Həm də xəyanətdi öz övladına.

Çarəsiz dərdinin dərmanı sənsən,
Könlüsün təbibi, loğmanı sənsən,
Ayrılıq sıyırıb öz qılıncını,
Könlümün pənahı, gümanı sənsən.

Yar yanına yolum düşə, İlahi,
Tələsirəm mən görüşə, İlahi,
Bircə gülüşünlə dərdim azalar,
Kaş ki, günlər tez ötüşə, İlahi.

Səni səsləyirəm bu gün uzaqdan,
Çatsın qulağına bu ün uzaqdan,
Yəqin ki, bu anda düşdüm yadına,
Mənə gülümsədi gözün uzaqdan.

Gələrəm arxanca, səslə, yar, məni,
Bu yoldan axı kim saxlayar məni?
Olsan da sən göyün yeddi qatında
Açaram qapını saxla, yar məni.

Dənizləri, ümmanları içərəm,
Dənizlərdən, ümmanlardan keçərəm,
Milyonların arasında dərhal mən
Səni tanıyaram, səni seçərəm.

Yəqin yad edirsən indi sən məni,
Niyə saldın bəs özündən gen məni?
Heç vaxt unutmasın, heç vaxt atmasın
Gərək bu dünyada sevən sevəni.

Sevgiyə baxmayaq əyləncə kimi,
Hər kəs olsun öz qəlbinin hakimi.
Aşiqlər əl-ələ verib həyatda
Birgə qarşılasın sevinci, qəmi.

19 avqust 2002
Rusiya, İvanovo şəhəri