Həzin nəğmə oxuyan
Qırqovuldu, qırqovul.
Gəl heç yorma özünü,
Tutammazsan, ay oğul.
– Ay nənə, heç bilmirəm,
Necə kəsim mən yolu?
Tutub qəfəsə salım,
Bəzəkli qırqovulu?
– Qəfəs nədir, ay bala,
Salınmaz quş qəfəsə.
Həsrət qalarsan onda
Şən cəh-cəhə, şən səsə.
Quşlar uçmaq üçündür,
Qanad çalsın hər zaman.
Qoy ayrı düşməsinlər
Onlar isti yuvadan.