Qırx beş yaşım

İllər gəldi, illər keçdi durmadan,
Gördüm ki, haqladım artıq qırx beşi.
Elə arxayındı illərə insan
Sabaha saxlayır bu günkü işi.

Razı deyiləm heç vaxt özümdən,
İllər nə tez ötür, nə tez artır yan.
Ayılıb görürsən ad günündə sən,
İlləri zamana vermisən şabaş.

İllər nə tez gəldi, neyləmişəm mən?
Yıxılan bir kəsi qaldırmışammı?
Susuzun dolçası düşüb əlindən,
Vaxt tapıb yenidən doldurmuşammı?

Ötmüşəm yanından sərin bulağın,
Əyilib suyundan içməmişəm mən,
Gör neçə çəmənin, neçə yaylağın,
Yaşıl sinəsindən keçməmişəm mən.

Necə yad etməyim, unudum bunu?
Hələ neyləmişəm bu Vətən üçün?
Yeyib çörəyini, içib suyunu,
Vermişəm çoxunu mən yelə ömrün.

O qanlı, qadalı dava illəri
Ömrün beş ilini alıbdır əldən.
Qayıtmaz bir an da, qayıtmaz geri,
Bir-bir yad etsəm də keçənləri mən.

Bir göz qarpımında çatdım qırx beşə,
Nə bilim uzaqdı, yaxındı mənzil?
Yox, yox çıxmalıyam zirvəyə, döşə,
Fəth olan hər zirvə sonuncu deyil.

Sadiq əsgəriyəm Odlar yurdunun,
Övladlıq borcumu haçan vermişəm?
Bir cana borcluyam yolunda onun,
Əsgərtək səngərə sinə gərmişəm!

Sentyabr 1983
Peredelkino