Qırx birdən qırx beşə qədər

Bilir dünya,
Bilir bəşər,
Tarixdə dörd qanlı il var.
Çaya döndü,
Selə döndü insan qanı,
Bilmədik ki, nədir bahar.
Neçə ana övladına
Layla çaldı göz yaşını
Silə-silə.
Layla çaldı düşmənlərə
Nifrət ilə.
Ağır keçdi dəqiqələr
Qırx birdən qırx beşə qədər.

Həm işlədik,
Həm oxuduq.
Biz sevincdən uzaq olduq.
Tarlalarda yer şumladıq,
Ataları əvəz etdik,
Qorxmaz olduq,
Qoçaq olduq.
Çalışdıq biz axşam-səhər
Qırx birdən qırx beşə qədər.

Soyuğa da,
Şaxtaya da
Öyrənmişdi bədənimiz.
Vaxt olardı gecələrdik
Dağlarda biz,
Çöllərdə biz.
Səkkiz-doqquz yaşlarında
Biz görərdik
Çölün, evin işlərini.
Bilirdik ki,
Üstümüzə qıcayıbdır
Düşmən qanlı dişlərini.
Nə sərt külək, nə də yağış
Eylməzdi bizə əsər
Qırx birdən qırx beşə qədər.

Gözləyirdik
Həsrət ilə
Kiçik, üçkünc məktubları,
İzləyirdik poçtalyonu:
«Xoş xəbərlə gələ barı».
Bir günümüzü ilə döndü.
Neçə arzu könüllərdə
Alovlanıb
Külə döndü.
Ağır keçdi aylar, illər
Qırx birdən qırx beşə qədər.

Vaxt oldu ki,
Qatil düşmən
Tutdu bir çox yerimizi.
Ölüm-dirim vuruşunda
Çox sınadı həyat bizi.
Cəbhələrdə mərd atalar
Düşmənlərin qarşısından
Bir dəfə də qaçmadılar.
Koroğlu tək nərə çəkdi
Mərd Həzilər,
Mərd Mehdilər
Qırx birdən qırx beşə qədər.

Sona yetdi müharibə,
Hər tərəfdən alqış səsi,
Zəfər səsi eşidildi.
İnsanların toy şənliyi,
Təntənəsi eşidildi.
Güldü ellər,
Güldü yurdum.
Qalib gəldi doğma xalqım,
Qalib gəldi igid ordum.
Vətən üçün candan keçdi
Min-min şahin,
Miin-min əsgər
Qırx birdən qırx beşə qədər.

Reyxstaqın üzərində
Bayrağımız dalğalandı.
Doqquzu May zəfər günü
Fərəhləndi bütün bəşər.
Ürəklərdə günəş yandı.
Yer üzünü xilas etdik
Biz faşizmin taununundan,
Şanlı, böyük qələbədən
Söhbət getdi
Zaman-zaman
Yurdumuzda böyük-kiçik
Gözləyirdi xoş bir xəbər
Qırx birdən qırx beşə qədər.

İndi bütün yer üzünə
Bir mayakdır Vətənimiz.
Sülhə, haqqa, ədalətə
Bir dayaqdır Vətənimiz.
Dayanmışdıq bu dünyada
İnsanlığın keşiyində.
İstəyirik diksinməsin
Bir körpə də beşiyində.
Daha geri dönməsin qoy,
Bir də təkrar olunmasın
O tufanlı,
Ağır illər –
Qırx birdən qırx beşə qədər!