Qocalıq

Tökülür dişlərin, bükülür belin,
Qoyur işığından gözü qocalıq.
Büdrəyir ayağın, titrəyir əlin,
Vaxtından tez bükür dizi qocalıq.

Ağlın gücdən düşür, sözün kəsərdən,
Oturub xəyala dalırsan hərdən,
Böyük dahilərdən, sərkərdələrdən
Qorxub çəkilməyir düzü qocalıq.

Bəlkə öz evində dustaqsan, dustaq,
Elə bil yenidən uşaqsan, uşaq,
Enişdən-yoxuşdan uzaqsan, uzaq,
Gəzməkçün axtarar düzü qocalıq.

Gözlərində eynək, əlində əsa,
Keçinə bilməzsən onlar olmasa,
Gəl batma kədərə, gəl batma yasa,
Onsuz da eşitmir sözü qocalıq.

Dəyişir insanın tamam görkəmi,
Qızlar baba deyir, gəlinlər əmi,
Elə bil dolaşır su üstə gəmi,
Qoymur haqlayasan yüzü qocalıq.

Çinar qamətindən qalmayır əsər,
Həyəcan, intizar qəlbini üzər,
Nəvəylə əylənər, nəvəylə gəzər,
Sirdaşındır geci-tezi qocalıq.

Ülvi arzularla yaşarsa insan,
Yaratmaq eşqiylə coşarsa insan,
Əlçatmaz sədləri aşarsa insan,
O zaman qorxutmaz bizi qocalıq.

1971