QOŞMALAR

 

 

 

QOŞMALAR

 

OD-OCAQ SEVGİSİ, TORPAQ HƏSRƏTİ

 

 

 

 

Əli sənin sadiq bəndən…

Varım da, yoxum da sözdü cahanda,
Əli sənin sadiq bəndən, İlahi!
Əqidəm, amalım düzdü cahanda,
Əli sənin sadiq bəndən, İlahi!

Yaddaşımda Böyük Cahan Savaşı,
Lənətlədi Yer, Asiman Savaşı,
Söndürmədi tökülən qan Savaşı,
Əli sənin sadiq bəndən, İlahi!

Atam oldu o Savaşın qurbanı,
Ac-yalavac yola saldım hər anı,
Bəlalardan qorumusan bu canı –
Əli sənin sadiq bəndən, İlahi!

Kömək oldun yarı yolda qalmadım,
Mən öz tay-tuşumdan dalda qalmadım,
Həzrəti Əlinin adıdır adım –
Əli sənin sadiq bəndən, İlahi!

Sən yetişdin mən yetimin dadına,
Çatar özgə kimlər kimin dadına?
Hörmət etdim ata, baba adına,
Əli sənin sadiq bəndən, İlahi!

Sanırıq ən adil bir hakim səni,
Xoşbəxt olmaz tanımasa kim səni,
Darda qoymamısan heç vaxt kimsəni,
Əli sənin sadiq bəndən, İlahi!

Azmadım yolumu kainatda mən,
Buldum öz yerimi bu həyatda mən,
Yoxdur şikayətim verdiklərindən,
Əli sənin sadiq bəndən, İlahi!

Halal çörək üçün sənə borcluyam,
Təmiz ürək üçün sənə borcluyam.
Arzu, dilək üçün sənə borcluyam –
Əli sənin sadiq bəndən, İlahi!

Hər bir kəlməm Haqdan gələn sədadı,
Bəxş etmisən üç ağıllı övladı,
Atanın, ananın ağzının dadı –
Əli sənin sadiq bəndən, İlahi!

4 may 2004

 

Qoşmamı

Dəyəri var şeirin, sözün,
Oxuyanda gülsün üzün,
Qələm alıb mən də bu gün
Yazdım qoşmamı-qoşmamı.

Ələsgərin ruhu onda,
Vurğunum yaşatdı qanda,
Hüseyn Arif bağçasında
Gəzdim qoşmamı-qoşmamı.

Doğru söz qəlbin hakimi,
Dilləndirir sarı simi,
İpə-sapa inci kimi
Düzdüm qoşmamı-qoşmamı.

Dilə gəlir indi harda,
Yaxınlarda, uzaqlarda,
Ürəklərdə, uzaqlarda,
Sezdim qoşmamı-qoşmamı.

Gərək təmiz olsun vicdan,
Əli Vəkil, odlara yan,
Könlümdəki gülüstandan
Üzdüm qoşmamı-qoşmamı.

2 avqust 2002

Bakı

Qorki Neapola bənzətmiş səni,
Çox şair şeirində vəsf etmiş səni.
Əməkçi insanlar yüksəltmiş səni,
Parlayan günəşin özüsən, Bakı.

Sənsən yaraşığı göy Xəzərin də,
Nəğmən dilə gəlir ləpələrində,
Yenicə dil açan körpələrin də
Əzəl kəlməsisən, sözüsən, Bakı.

Baxçadır hər yanın, bağdır hər yanın,
Gözəl guşəsisən sən bu dünyanın.
Qurbanı olduğum Azərbaycanın
Vuran ürəyisən, gözüsən Bakı!

10 iyun 1967

 

Şeirim

Sən ki, qolum-qanadım
Göz dağı ol yada, şeirim!
Həm şöhrətim, həm adımsan,
Düşməlisən yada, şeirim!

Məşəl kimi yana-yana,
Qanadlanıb uç hər yana,
Nəzər yetir bu cahana,
Fəqət düşmə oda, şeirim!

Göyərçintək süzə-süzə,
İşıq payla sən hər gözə,
Darda qalmış bir gücsüzə
Kömək ol dünyada, şeirim!

Həyat gülsün, üzlər gülsün,
Dumanlanmış gözlər gülsün,
Misra gülsün, sözlər gülsün,
Ürəklərə qida şeirim!

Zərbə endir zalımlara,
Qoyma kimsə düşsün dara,
Buludları yara-yara
Dön şimşəyə, oda, şeirim!

10 iyun 1979

 

Könlüm

Qürbətdə dolmuşam, kövrəlmişəm mən,
Kaman istər könlüm, tar istər könlüm!
Vətənin həsrəti çıxmır qəlbimdən,
Ana torpağımı var istər könlüm!

Xəyalım Muğandan, Mildən ayrılmaz,
Odlar diyarından, eldən ayrılmaz,
Mizrabım dil açan teldən ayrılmaz,
Göyçay bağlarından nar istər könlüm!

Şəhərlər dolaşıb çox üzlər gördüm,
Sevincli, kədərli çox gözlər gördüm,
Günəşli, çovğunlu gündüzlər gördüm,
Kəpəzin köksündən qar istər könlüm!

Gah qəmgin, gah da ki, şad olur ürək,
Bəzən hisslərimə yad olur ürək,
Köksümün altında od olur ürək,
Ona sirdaş olan yar istər könlüm!

Bilirəm hicranın ömrü bir andır,
Atını dördnala çapan zamandır,
Həyatım, vüqarım Azərbaycandır,
Nə ziynət, nə də ki var istər könlüm!

5 noyabr 1980

 

Nə gözəl

Bahar libasını geyinmiş dağlar,
Çiçəklər nə gözəl, güllər nə gözəl!
Burda nəğməkardı ayna bulaqlar,
Kükrəyən gur çaylar, sellər nə gözəl!

Ətrindən məst oldum qızılgüllərin,
Laləylə bəzənmiş sakit çöllərin,
Söyüd sinəsinə tökdü tellərin,
Küləklər nə gözəl, yellər nə gözəl!

Möcüzə axtaran Göy-gölə baxsın,
Duyğular nur olub qəlbinə axsın,
Sahildən gül dərib döşünə taxsın,
Yaşıl haşiyəli göllər nə gözəl!

Yenə ilham versin nəğmələr bizə,
Sübh çağı bürünək dumana, sisə,
Şirinlik süzülsün hər dürlü sözə,
Ürəkdə səslənən tellər nə gözəl!

Fərəhdən daşlar da gəlibdir cana,
Günəş sığal çəkib burda hər yana,
Doyunca nəzər sal Azərbaycana,
Tarlalar nə gözəl, çöllər nə gözəl!

10 iyun 1981

 

Məndən soruş

Dağlar çoxdur bu dünyada,
Dağlar düşər tez-tez yada,
Vurulmuşam mən bu ada –
Sən Qoşqarı məndən soruş!

Nəğmə deyər şəlalələr,
Saçlarını darar, sərər,
Duydum nələr, sezdim nələr,
Bulaqları məndən soruş!

Könlüm xalqa, elə vurğun,
Muğanıma, Milə vurğun,
Yamaclara, çölə vurğun –
Yaylaqları məndən soruş!

Məhəbbətin odu sönməz,
Könlüm quşu göydən enməz,
Neyləmişəm, küsüb, dinməz?
Nazlı yarı məndən soruş!

Odlar yurdu canım mənim,
Damarımda qanım mənim,
Eşqim, adım, sanım mənim –
Bu diyarı məndən soruş!

9 aprel 1983

 

Mənə qalıb

Nazlanan bahardır, qış uzaqlaşıb,
Bülbül mənə qalıb, gül mənə qalıb.
Odlu ürəyimdə söz aşıb-daşıb,
Min hava çaldığım tel mənə qalıb.

Çiçəkli, səfalı yaylaq gözəldir,
Dodağı nəğməli bulaq gözəldir,
Yamaclar gözəldir, oymaq gözəldir,
Çəmən mənə qalıb, çöl mənə qalıb.

Bu uca dağları mən də dolaşdım,
Dumanda dolaşdım, çəndə dolaşdım,
Kim deyir bu yerdən gendə dolaşdım?
Zirvəyə uzanan yol mənə qalıb.

Endim yastanadan, keçdim meşədən,
Baharın ətrini içdim meşədən,
Min avaz xoşladım, seçdim meşədən,
Yarpağı dindirən yel mənə qalıb.

Çəmən şehdir ayağımı soyunum,
Leysanında bir doyunca yuyunum,
Dərə boyu, yal boyunca yuyunum,
Yağış sənə qalıb, sel mənə qalıb!

10 iyun 1983

 

Məni

Ağrıma ürəyim, büdrəmə dizim,
Yormasın yollarda yoxuşlar məni.
Bu torpaq üstündə qalmasa izim,
Nə Vətən, nə də el bağışlar məni.

Gərək səhv düşməsin heç kəsin yeri,
Yapışım qolundan büdrəsə biri,
Yanağım görməsin xəcalət təri,
İsladır islatsın yağışlar məni.

Elin qayğısını çəkə bilməsəm,
Sözümlə qəlblərə çökə bilməsəm,
Dar günündə harayına gəlməsəm,
Çəksin imtahana baxışlar məni.

Sıldırım yollardan knçmək də borcdur,
Yaxşını yamandan seçmək də borcdur,
Köçəndə kişitək köçmək də borcdur,
De, niyə çaşdırsın naxışlar məni?

10 iyun 1985

 

Gəldi-gedər dünyamızda

Hansı gülü iyləmişəm?
Hansı sözü söyləmişəm?
Axı, hələ neyləmiqəm?
Gəldi-gedər dünyamızda?

Az getmişəm, çox getmişəm,
Gah görsənib, gah itmişəm,
Kimə həyat bəxş etmişəm
Gəldi-gedər dünyamızda?

Sipər olsa bir gün sinəm,
Dar ayaqda niyə sinəm?
Odlar yurdu, mən səninəm
Gəldi-gedər dünyamızda.

Təntiyənin yet dadına,
Çat əlsizin imdadına.
Hörmət elə öz adına,
Gəldi-gedər dünyamızda.

Araz bölüb ürəyimi,
Süfrəmdəki çörəyimi,
Hər arzumu, diləyimi
Gəldi-gedər dünyamızda.

Bakı-Təbriz deyə-deyə
Bel bağladım gələcəyə,
Dedim tilsim sınmır niyə
Gəldi-gedər dünyamızda?

28 may 1983

 

Sonra

Qopub düşəcəkdir meyvə budaqdan
Payızda yetişib dəyəndən sonra.
Qaytara bilməyir gəncliyi insan
Qocalıq qəddin əyəndən sonra.

Bir yanda ağlayan, bir yanda gülən,
Bir gün köç edəcək dünyaya gələn.
Nə qədər istəsən qəmlən, qüssələn,
Bədbəxtlik qapını döyəndən sonra.

Özüylə doğulur insanın bəxti,
Xoşbəxtlik həm yaxın, həm də uzaqdı,
Ay Əli, sarsılar şahın da taxtı,
Zaman öz sözünü deyəndən sonra.

Oktyabr 1984

 

Olmaz-olmaz

Vətəndən didərgin düşən insanın
Ürəyi heç zaman şad olmaz-olmaz.
Çəkər həsrətini elin, obanın,
Bal yesə ağzında dad olmaz-olmaz.

Kim ki, öz yurdunu sevmir dünyada,
Əl tutmaz kimsəyə, yetişməz dada,
Uyar əyləncəyə, şöhrəə, ada,
Amma xatırlanıb yad olmaz-olmaz.

Səndən incisə də, küssə də doğman,
Əlini əlindən üzsə də doğman,
Bəzən uzaqlarda gəzsə də doğman,
Yenə can-ciyərdi, yad olmaz-olmaz.

Hərə bir sifətdə, hərə bir donda,
Yaşayır, sevilir bizim cahanda,
Naxələf insanda, dönük insanda
Yaddaşa yazılan ad olmaz-olmaz.

Yaxşı bax dünyaya, ay Əli Vəkil,
Sözünü ellərə yay, Əli Vəkil,
Bu yurdu müqəddəs say, Əli Vəkil,
Yoxsa ürəyində od olmaz-olmaz!

İyun 1985

 

Olan yerdə

Kədər nədir, qüssə nədir, qəm nədir,
Könlünün sirdaşı yar olan yerdə.
Bahar nədir, çiçək nədir, gül nədir,
Şaxta olan yerdə, qar olan yerdə.

Doğulur, boy atır, sevilir insan,
Gah qəmə qərq olur, gah gülür insan,
Pislik eləməyi ar bilir insan,
Namus, qeyrət, inam, ar olan yerdə.

Əzəldən dünyanın öz qanunu var,
Ədalət naminə düz qanunu var,
Başını torpağa əyər ağaclar,
Budaqda bol bəhrə, bar olan yerdə.

Qəfəsdə heç kimsə şadlanıb gülməz,
Namərddən, bədxahdan uzaq dolan, gəz,
Həyatda təntiyər, büdrəyər hər kəs,
Fitnə olan yerdə, tor olan yerdə.

Qoru təmiz adı, qoru qyrəti,
İnana xas olan əzmi, cürəti,
Gizlətmə, ay Əli, saf məhəbbəti,
Eşqin el içində car olan yerdə.

Dekabr 1986

 

Xalqımın

Dünyaya bəllidir, qoy bir də deyim,
Həmişə ağ olub üzü xalqımın.
Önündə diz çöküm, yenə baş əyim,
Vahiddir arzusu, sözü xalqımın.

Bu torpaq əzəldən ərlərin yeri,
Qovubdur yurdundan yadelliləri.
İgid Koroğludur bu gün hər biri,
Heç vaxt bükülməyib dizi xalqımın.

Məqsədi yolunda bir olub elim,
Müqəddəs sayılıb, Pir olub elim.
Xəyanət görəndə şir olub elim,
Silinməz torpaqdan izi xalqımın.

Hikmətdə Nizami, qeyrətdə Babək,
Sönməyən Günəşdir köksündə ürək,
Qəzəbdən, nifrətdən od püskürəcək,
Yadları yandırar közü xalqımın.

Hər yanda hörmətlə çəkilir adı,
Qoymsayıb yurduna bədxahı, yadı.
Ağır döyüşlərdə məğlub olmadı,
Zəfər çalmalıdır düzü xalqımın.

Olmayıb çörəyi dizinin üstə,
Qonağa yer verib gözünün üstə.
Möhkəm dayanıbdır sözünün üstə,
Sərraf gözləridir, gözü xalqımın.

Uludan uludur, öz yurdu olub,
Əzəldən od yurdu, köz yurdu olub,
Basılmaz, yenilməz bir ordu olub,
Hər cəsur oğulu, qızı xalqımın.

Dağları səfalı, aranı – cənnət,
Gözəl Qarabağı, Muğanı – cənnət,
Qaxı, Lənkəranı, Şirvanı – cənnət,
Gül açıb dağları, düzü xalqımın.

Çətin anlarınja Qırata minib,
Qəzəbli aslana, pələngə dönüb,
Günəşdə bərq vuran qılıncı enib,
Qışa dönməyibdir yazı xalqımın.

«Vağzalı» səsinə qərq olub hər yan,
Dillənib Şuşada Vaqif, Natəvan,
Toylarda, məclisdə ötəcək hər an
Ələsgər çaldığı sazı xalqımın.

Namusu, qeyrəti, vüqarı vardır,
Murovu, Səhəndi, Qoşqarı vardır,
İkiyə bölünmüş torpağı vardır,
Əli, birləşəcək özü xalqımın.

10 iyun 1983

 

Doymuram

Məcnuntək vurğunam bu diyara mən,
Al-əlvan çiçəkdən, güldən doymuram.
Yayır xoş ətrini yazda çöl-çəmən,
Tez ötür fəsillər ildən doymuram.

Xanımtək sevirəm ana torpağı,
Bol məhsul yetirən bağçanı, bağı,
Gəzib, dolaşdıqca sərin yaylağı,
Məni yorğun slan yoldan doymuram.

Fəxrimdir öz obam, öz elim mənim,
Yurdumu bəzəyir çox iqlim mənim,
Canlı əfsanədir Göy gölüm mənim,
Bu dağlar gözəli göldən doymuram.

Dolaşdım Qazağı, gördüm Qubanı,
Ayna bulaqların varmıdır sanı?
Min dəfə gəzsəm də Azərbaycanı,
Muğandan, Şirvandan, Mildən doymuram.

Köçürdüm qəlbimə hər yaylağı mən,
Neçə buz bulağı, uca dağı mən,
Baş əyib öpürəm bu torpağı mən,
Vətəndən doymuram, eldən doymuram.

10 iyun 1988

 

Yavaş-yavaş

Günlər günü qovur, aylar da ayı,
Gəlir qışdan sonra yaz yavaş-yavaş.
Baharda donunu yaşıldan biçir,
Dağlar yavaş-yavaş, düz yavaş-yavaş.

Görməyib həyatda de nəyi insan?
Yerin də, göyün də bəzəyi insan,
Ulu kainatın dirəyi insan,
Salır torpaq üstə iz yavaş-yavaş.

Gecələr can atır pərvanə oda,
Əhdinə, eşqinə sadiqdir o da,
Sevib-sevilirlər qoca dünyada,
Oğlan yavaş-yavaş, qız yavaş-yavaş.

Vaxt gəlir qapını döyür qocalıq,
Fəxr edir, özünü öyür qocalıq,
Deyir öz sözünü deyir qocalıq,
Öyrən yavaş-yavaş, döz yavaş-yavaş.

Əli Vəkil, anla qoca dünyanı,
Düzlükdür həyatın şöhrəti, şanı,
Qəlbində gəzdirib Azərbaycanı
Ömür kitabını yaz yavaş-yavaş.

İyun 1989

 

Dağda bənövşəni…

Bahardır, torpağa nur ələnibdir,
Dağda bənövşəni saymağa gəl sən.
Gözəllik hər yana səpələnibdir,
Ondan ilham alıb doymağa gəl sən.

Yurdum gözəl olur hər bahar çağı,
Yanır ürəklərdə eşqin çırağı,
Kəpəz, Qoşqar, Murov, bir də Şah dağı,
Sərin yaylaqlara, oymağa gəl sən.

Dünyada hər şeydən əzizdir qonaq,
Torpağın ətrindən olarmı doymaq?
Halal süfrələrdə yeməkdən qbaq,
Gəl, beçə balına, qaymağa gəl sən.

Dolan yamacları, dərəni, düzü,
Dağ olur sinədə şairin sözü,
Qonağa kəsilir əmlik bir quzu,
Onu öz əlinlə soymağa gəl sən.

Dolandım Şirvanı, Mildən doymadım,
Çəməndən doymadım, çöldən doymadım,
Canımdır bu Vətən eldən doymadım,
Qəlbini bu yerdə qoymağa gəl sən.

21 iyul 1981

 

Təmənnasız

Yaşı bilinməyən qoca dünyada
Sıxaydı əlləri əl təmənnasız.
Müqəddəs dünyada, uca dünyada,
Tarixə çevrilir il təmənnasız.

Günəş öz nurunu milyon illərdi,
İnsana bəxş etdi, torpağa verdi,
Həmişə hamını bir gözlə gördü,
Süzüldü qızılı tel, təmənnasız.

Nə xoşdur dolaşmaq dərəni, düzü,
Sinədə dağ olur şairin sözü,
Qoynuna səsləyir hər birimizi,
Çəmən təmənnasız, çöl təmənnasız.

Qəlbdə yer tapmasın nə kin, nə küdrət,
İnsana yar olsan qeyrət, cəsarət,
Qoy yaddan çıxmasın dosta sədaqət,
Güləndə üzümə, gül təmənnasız.

Qruyaq həmişə eşqi, isməti,
Xoşdur xalq tənəsi, xalq məzəmməti.
Ay Əli, insana verir qiyməti,
Oba təmənnasız, el təmənnasız.

10 iyun 1987

 

Mənimdi, mənimdi

Başı qarlı uca dağlar,
Çöllər mənimdi, mənimdi.
Coşğun çaylar, gur bulaqlar,
Göllər mənimdi, mənimdi.

Bakı kimi şəhərim var,
Xoş soraqlı səhərim var,
Mavi gözlü Xəzərim var,
Güllər mənimdi, mənimdi.

Azərbaycan – eşqim, canım,
Bu Milimdi, bu Muğanım,
Ətir saçır gülüstanım,
Çöllər mənimdi, mənimdi.

Şair xalqın mərd oğluyam,
Elin, obanın quluyam,
Həm cavanam, həm uluyam,
İllər mənimdi, mənimdi.

Hey kükrəyir, daşır çaylar,
Yeni nəğmə qoşur çaylar,
Bəzən pıçıldaşır çaylar,
Sellər mənimdi, mənimdi.

Öz sözündən dönməz Əli,
Zirvələrdən enməz Əli,
Xalqdan ayrı dinməz Əli,
Ellər mənimdi, mənimdi.

Aprel 1989

 

İyirmi Yanvar günü

Qəsdimizə durdular,
Sinəmizdən vurdular,
Günahsızdıq -qırdılar,
İyirmi yanvar günü.

Qorxu nədir bilmədik,
Geriyə çəkilmədik,
Şəhid olduq, ölmədik,
İyirmi yanvar günü.

Neçə-neçə qəhrəman,
Susduruldu həmin an,
Küçələrdən axdı qan,
İyirmi yanvar günü.

Düşdüksə də biz dara,
Baş əymədik yadlara,
Qara yazıldı, qara –
İyirmi yanvar günü.

Qızıl ordu tökdü qan,
Qırğın oldu nahaqdan,
Düşmən güldü uzaqdan –
İyirmi yanvar günü.

Güllələndi diyarım,
Savalanım, Qoşqarım,
Qan ağladı baharım –
İyirmi yanvar günü.

Allah, dözüm ver, dözüm,
Nələr görmədi gözüm,
Köks ötürdü Təbrizim –
İyirmi yanvar günü.

Tanklar meydan suladı,
Mərkəz ocaq qaladı,
Yad Bakını taladı,
İyirmi yanvar günü.

Bəla var başımızda,
Dil açdı daşımız da,
Qaldı yaddaşımızda –
İyirmi yanvar günü.

26 yanvar 1990

 

Ürəyim

Dövranın bu ağır zərbələrinə
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.
Bir ömrün yükünə, dərdi-sərinə
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Namərdlə, bədxahla qarşılaşırsan,
Xəzərtək çağlayır, aşıb-daşırsan,
Gah doğma olursan, gah yadlaşırsan,
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Seçə bilməyən var qızılı misdən,
İstini soyuqdan, yaxşını pisdən,
Namərd də çəkinmir, qorxmur heç kəsdən,
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Başda qox sındırır bir vəzifəli,
Özünə ağadır hər vəzifəli,
Dayıdır, qağadır hər vəzifəli,
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Keçirir ələkdən bu dövran səni,
Qəsdən yaralayır bir nadan səni,
Həmişə gözləyir imtahan səni,
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Dost ilə düşməni seçəmməmişik,
İllərlə kimlərə qonşu demişik,
İnsanlıq səddini keçəmməmişik,
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Tapdanır ləyaqət, tapdanır vüqar,
Bu qədər azğınlıq deyin, harda var?
Qalmayıb dünada vəfa, etibar,
Gəl tablaş, ürəyim, gəl döz, ürəyim.

Avqust 1990

 

Yad edəcək

1991-ci ilin yanvarında Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən vəhşicəsinə öldürülmüş jurnalist Salatın Əsgərovanın xatirəsinə.

Faciənə şahid olan,
Yasa batıb, fikrə dalan,
Qanın ilə suvarılan
Yollar səni yad edəcək.

Başı qarlı uca dağlar,
Geniş düzlər, göy yaylaqlar,
Coşğun çaylar, gur bulaqlar,
Sellər səni yad edəcək.

Ay qeyrətli Salatınım,
Dəyanətli Salatınım,
Sədaqətli Salatınım,
Ellər səni yad edəcək.

Yaşa dolacaq Ceyhunun,
Təhsil alacaq Ceyhunun,
Ata olacaq Ceyhunun,
İllər səni yad edəcək.

Qəmli keçən hər anımız,
Şirvanımız, Muğanımız,
Mizrab tutmuş ozanımız,
Tellər səni yad edəcək.

Qatil dərddən boğulacaq,
Arzuların çin olacaq,
Salatınlar doğulacaq,
Dillər səni yad edəcək.

Sevinməsinə yadlar əbəs,
Vurulduğun yer müqəddəs,
Göylərdə süz, göylərdə gəz,
Çöllər səni yad edəcək.

Səməndərsən bu cahanda,
Unutmayır qızıl dan da,
Uyuduğun Xiyabanda
Güllər səni yad edəcək.

Elimin ismətli qızı,
Namuslu, cürətli qızı,
Salamlayıb hər il yazı,
Çöllər səni yad edəcək.

Qılınc tutan, dağlar yaran,
Üçrəngli bayraq aparan,
Tikanlı məftil qoparan
Əllər səni yad edəcək.

Yanvar 1991

 

Vətən

Sənsiz yer üzündə nəyə gərəyəm?
Vuran ürəyimsən, gözümsən, Vətən.
Oğlunam, önündə gərək baş əyəm,
Dəyərli nəğməmsən, sözümsən, Vətən.

Eşqim, məhəbbətim Günəşdir sönməz,
Qoynundan ayrılsam ürəyim dinməz,
Üç rəngli bayrağın bir daha enməz,
Cürətsən, qeyrətsən, dözümsən, Vətən.

Hərdən xam xəyala düşsə də yadlar,
Atəşin onları yandırar, odlar,
Şöhrət timsalıdır müqəddəs adlar,
Döyüşən əsgərik, bizimsən, Vətən.

Udduğum havasan, sənsən həyatım,
Vüqarım, qeyrətim, şərəfim, adım,
İlhamım, inamım, qolum, qanadım,
Sən canım, ciyərim – özümsən, Vətən.

1 may 1991

 

Dərdimi-dərdimi

Millətmin axır qanı,
Gəl başa sal hər nadanı,
Bölünməmiş torpaq hanı,
Əkim dərdimi-dərdimi.

Yaz, ay mirzə, qələm al yaz,
Mənim üçün nə qış, nə yaz?
Heç bir dərman sağaldammaz,
Həkim, dərdimi-dərdimi?

Aman Allah, böhtana bax,
Vallah məni dərd boğacaq,
Ortaq olub azaldacaq,
De kim, dərdimi-dərdimi?

Qəlbimi sızlatdı sözüm,
Gəl dözüm ver, tale, dözüm,
Fil çəkəmməz, gərək özüm,
Çəkim dərdimi-dərdimi.

Namərd, mənə qorxaq demə,
Bel bağladım axı, kimə?
Al Günəşin şəfəqinə,
Büküm dərdimi-dərdimi.

12 sentyabr 1991

 

Çətindir

Aman, Tanrım, özün yetiş dadıma,
Nəfəs almaq, ömür sürmək çətindir.
Yağıv hər gün böhtan deyir adıma,
Bədxahlara salam vermək çətindir.

Ümman olub, qərq eləyir dərd eli,
Namərd yaman hədələyir mərd eli,
Nələr gördük, nələr çəkdik dörd ili,
Bu ağrıya sinə gərmək çətindir.

Arxasıyla qürrələnir şər bu gün,
Üz alıbdır, yenə dinir hər bu gün,
Başım üstə hey hərlənir şər bu gün,
Seltək axan qanı görmək çətindir.

Cani yıxdı, yoxsa nadan çəpəri?
Götürdülər tez aradan çəpəri,
Tufan, külək, sel dağıdan çəpəri,
Bərpa edib, bir də hörmək çətindir.

18 sentyabr 1991

 

Sözüm çoxdur

Tanrım, sən yetiş dadıma,
Böhtan deyirlər adıma,
Yanıb kül oldum oduma,
Bu dünyaya sözüm çoxdur.

Səhv salmışam zili, bəmi,
Qəm üstündə köklə simi,
Niyə eşitmir səsimi?
Bu dünyaya sözüm çoxdur.

Əsəblərim tarım-tarım,
Susub sazım, susub tarım,
Şəhid olur soydaşlarım,
Bu dünyaya sözüm çoxdur.

Yollar uzun, yollar qısa,
Dözmək olmur dərdə, yasa,
Kaş ki, Haqqa qulaq asa,
Bu dünyaya sözüm çoxdur.

Düşmənin cəhdi nahaqdı,
Mən haqlıyam, işim haqdı,
Elim zəfər çalacaqdı,
Bu dünyaya sözüm çoxdur.

11 fevral 1992

 

Azərbaycanım

Yolunda canımı verərəm hər an,
Adına bağlaram yüz yeni dastan,
Çox çəkib sınağa səni bu dövran,
Ey şanlı, şöhrətli Azərbaycanım.

Şirvanın, Muğanın, Qarabağın var,
Neçə buz bulağın, uca dağın var,
İkiyə bölünmüş bir torpağın var,
Mübariz, cürətli Azərbaycanım.

Uludan ulusan, hər daşın qədim,
Düşüncən, kamalın, yaddaşın qədim,
Üzündə gülüşün, göz yaşın qədim,
Yenilməz, qeyrətli Azərbaycanım.

Nəbin, Cavanşrin, Koroğlun cəsur,
Babəkin, mərd Mehdin, hər oğlun cəsur,
Ulu Dədə Qorqud, nər oğlun cəsur,
Nizami hikmətli Azərbaycanım.

Nələr çəkməyibdir bəlalı başın,
Qana boyanıbdır torpağın,U daşın,
Əkizsən dünyayla, bilinmir yaşın,
Dözümlü, qüdrətli Azərbaycanım.

7 iyun 1981

 

Bax-bax

Baş veribdir dönə-dönə xəyanət,
Ayaq tutub gəzir yenə xəyanət,
Kmsə edir bir-birinə xəyanət,
Düşməndə hiyləyə, yalana bax-bax.

Yenə öz işini görür kasıblıq,
Verir öz hökmünü, verir kasıblıq,
Yoxsulun boynunu vurur kasıblıq,
Asan varlanana, kalana bax-bax.

Dünya fırlandıqca başlar fırlanır,
Gör neçə sapandda daşlar fırlanır,
Qurunun oduna yaşlar fırlanır,
Doğma Qarabağda talana bax-bax.

Həyatda yolunu azanlar da var,
Düşmənin qəbrini qazanlar da var,
Məclislər aşiqi ozanlar da var,
Sazında yüz hava çalana bax-bax.

Sağalmaz dərdlərə əlac edən yox,
Dərd bilən fərdlərə əlac edən yox,
Cəsura, mərdlərə əlac edən yox,
Kədərdən saralıb-solana bax-bax.

Yandırır sinəmi torpaq həsrəti,
Müqəddəs yurd yeri, ocaq həsrəti,
Göyçənin nisgili, Şahdağ həsrəti,
Orada yurd salıb qalana bax-bax.

Dil açsın payızım, yazım ürəkdən,
Səslənsin sinəmdə sazım ürəkdən,
Söyləyim ürəkdən, yazım ürəkdən:
«Torpağı yağıdan alana bax-bax».

Qılınclar qınından sıyrılsın gərək,
Azğın yağıların dərsini verək,
Əlvan çiçəklərdən min çələng hörək,
Qələbə marşını çalana bax-bax.

Ay Əli, yeri var bizim ərlərin,
Koroğlu nərəli mərd əsgərlərin,
Əyəmməz qəddini dərd əsgərlərin,
Tarixdə əbədi qalana bax-bax.

7 iyun 1998

 

İçəmmirəm

Dünya tərsinə fırlanır,
Məlumdur mənə, fırlanır,
El dərdindən qəlbim yanır,
Od-alovdan qaçammıram.

Var elimə məhəbbətim,
Yet dadıma dəyanətim,
Zəhər olubdur şərbətim,
Mən ağını içəmmirəm.

Tanrım, özün ver dözümü,
Deyim elə Haqq sözümü,
Dərə ilə mən düzümü,
Səhv salmışam, seçəmmirəm.

Kədərlidir sözüm yaman,
Dumanlanıb gözəm yaman,
Bəmdə dinir sazım yaman,
Qıl körpüdən keçəmmirəm.

Qəmə batdı arzularım,
Yenə itdi arzularım,
Bada getdi arzularım?
Arxasınca uçammıram.

Hanı ömrün gözəl çağı?
Qəlbdə kədər, dildə ağı,
İtirmişik Qarabağı,
Bu dünyadan köçəmmirəm.

Əli Vəkil, tanı yadı,
Qoru, yaşat təmiz adı,
Bu dünya sirli dünyadı ,
De, ondan baş açammıram.

25 oktyabr 1998

 

Qonaq gəl

Açıqdır üzünə qapım taybatay,
Qonaq gəl, şeirimin pərəstişkarı.
Səni alqışlasın göydə Günəş, Ay,
Qonaq gəl, şeirimin pərəstişkarı.

Könül dəftərimi vərəqlə, oxu,
Şairin ömrü də yuxudur, yuxu.
Hikmətli sözlərdən bir çələng toxu,
Qonaq gəl, şeirimin pərəstişkarı.

Gəl tanış ol, varım-yoxum kitablar,
Nə qədər istəsən bolca kitab var,
Mənim üçün onlar dövlət, onlar var,
Qonaq gəl, şeirimin pərəstişkarı.

Buyur, əyləş, söz süfrəmin başında,
Nə qazanıb gör şair bu yaşında?
Şeiriyyət var bu yurdun hər daşında,
Qonaq gəl, şeirimin pərəstişkarı.

Gör necə yaranır, nəğmələr, necə?
Kainat başımdan qəm ələr, necə?
Şairlər yuxusuz nə çəkir gecə?
Qonaq gəl, şeirimin pərəstişkarı.

Asan yaranmayır incilər, bilin,
Hər əsər dünyada sərvəti elin,
Həmişəürəkdən sevin, sevilin,
Qonaq gəl, şeirimin pərəstişkarı.

Nə qalacaq bu görüşdən yadında?
Əliylə yan bir nəğmənin odunda,
Unudulmaz ünvanın da, adın da,
Qonaq gəl, şeirimin pərəstişkarı.

11 avqust 1999

 

Ömür fəlsəfəsi

Ömrümdən bir gün də getdi,
Səs də getdi, ün də getdi,
Ötən hər gün sanki itdi,
Bir ömürdü, yaşayırıq.

Sevinc gördüm, qəhər gördüm,
Gecə gördüm, səhər gördüm,
Şərbət gördüm, zəhər gördüm,
Bir ömürdü, yaşayırıq.

Zindan oldu dövran mənə,
Günlər gəldi bir an mənə,
Varmı, yoxmu yanan mənə?
Bir ömürdü, yaşayırıq.

Qayıdarmı ötən günlər?
Həm kədərli, həm şən günlər,
Düşündükcə qəlbim inlər,
Bir ömürdü, yaşayırıq.

Uçub, hara səpələnib?
Düşüb dara, səpələnib,
Misralara səpələnib,
Bir ömürdü, yaşayırıq.

14 avqust 1999

 

Nə vecinə

Doğulan kim, ölən kimdir?
Bu dünyanın nə vecinə.
Ağlayan kim, gülən kimdir?
Bu dünyanın nə vecinə.

Hey dolubdur, boşalıbdır,
Kimisə dərdə salıbdır,
Uduzanlar mat qalıbdır,
Bu dünyanın nə vecinə.

Kimlər gəlib, kimlər gedib?
Yoxsullar, hakimlər gedib.
Dillənmədən ha seyr edib,
Bu dünyanın nə vecinə.

Dərəm, dağım yad əllərdə,
Qarabağıi yad əllərdə,
Bağça-bağım yad əllərdə,
Bu dünyanın nə vecinə.

Birinin başında tacdı,
Biri çörəyə möhtacdı,
Kimlər toxdu, kimlər acdı?
Bu dünyanın nə vecinə.

Qalmayıbdır Suleymana,
Nalə çəkib neçə ana,
Zülm edilib çox cahana,
Bu dünyanın nə vecinə.

Kimə qışdı, kimə yazdı,
Ömür uzun, ömür azdı,
Ötən tardı, ya da sazdı,
Bu dünyanın nə vecinə.

Nə soruşum, nə yazım mən?
İmdad umur bizdən Vətən,
Bəlkə düşür gözdən Vətən?
Bu dünyanın nə vecinə.

Münaqişə, toqquşma var,
Dərə keçmə, dağ aşma var,
Çoxalıbsa xəyanətkar,
Bu dünyanın nə vecinə.

20 iyul 1999

 

Narahatam

Dinclik nədir, bilmirəm,
Vallah yaman narahatam.
Heç şadlanıb gülməyirəm,
Vallah yaman narahatam.

Bir tərəfdən yar həsrəti,
Hər ürəyin var həsrəti,
Qətidir bu sözüm, qəti,
Vallah yaman narahatam.

Torpaq dərdi çıxmır yaddan,
Xilas olsun görək yaddan,
Kim qurtarsın onu oddan?
Vallah yaman narahatam.

Ərşə çəkilibdir yuxum,
Əldən gedib varım-yoxum,
Hədəfdən yan keçir oxum,
Vallah yaman narahatam.

Heç ürəkdən güləmmirəm,
Bəlkə sirdi, biləmmirəm?
Vətən darda – öləmmirəm,
Vallah yaman narahatam.

Cənnət Qarabağım əsir,
Turş suyum, yaylağım əsir,
Şuşam, uca dağım əsir,
Vallah yaman narahatam.

Əli Vəkil, döz bir az da,
Zəfər dilə, gəz bir az da,
«Kərəmi» çal, telli sazda,
Vallah yaman narahatam.

12 sentyabr 2000-ci il

 

Unutmasın

Bu dünyada namus ilə yaşa sən,
Xidmətinlə şöhrət gətir yaşa, sən,
Ləyaqətlə vur ömrünü başa, sən,
Adını bu Vətən, el unutmasın.

Xəhd elə ki, izin qalsın həyatda,
Dildə gəzən sözün qalsın həyatda,
Kökdəndüşmə sazın qalsın həyatda,
Mizrab unutmasın, tel unutmasın.

Seyrə çıxıb qələmə al dağları,
Vəfalı ol, hey yada sal dağları,
Doyunca gəz, dolan göy yaylaqları,
Yamac unutmasın, çöl unutmasın.

Könüldədir hər arzu da, dilək də,
Gözün olsa bir gözəldə, mələkdə,
Adın elə yazılsın ki, ürəkdə,
Dodaq unutmasın, dil unutmasın.

Ədalətdir bəyəndiyin, seçdiyin,
Gur bulaqdır saf suyundan içdiyin,
Çalış səni sinəsindən keçdiyin
Cığır unutmasın, yol unutmasın.

Səmimi ol dost-tanışla görüşdə,
İştirak et, canla-başla görüşdə,
İllər keçir, yaddan çıxar görüş də,
Kaş səni sıxdığın əl unutmasın.

Bu torpağın hər qarışı müqəddəs,
Mənim üçün dağı, daşı müqəddəs,
Əli Vəkil yurdu bir də dolan, gəz,
Muğan unutmasın, Mil unutmasın.

3 oktyabr 2000

 

Yaşamaq olmur

Bir-birindən şən keçsə də anlarım,
Qürbətdə Vətənsiz yaşamaq olmur.
Odur yer üzündə eşqim, vüqarım,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Elə bil ki, çatışmayır hava da,
Hər an düşür torpaq yada, el yada.
Onlardan qiymətli nə var dünyada,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Könül istər bir «Kərəmi», «Dilqəmi»,
Aciz olur vəsf etməyə dil qəmi,
Bacarırsan ürəyindən sil qəmi,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Azərbaycan gözəlləri harda var?
Torpağımın tər gülləri harda var?
Yaylaqları, ya çölləri harda var?
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Tanışlardan, doğmalardan uzaqsan,
Qohumlardan, dostdan, yardan uzaqsan,
Bulaqlardan, yaylaqlardan uzaqsan,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Könlüm həsrət bir kamanın səsinə,
Ürəyimin naləsi nə, səsi nə?
Hicran adlı bir səngərə gər sinə,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Əli Vəkil, kim yetişsin haraya?
Baş götürüb gedəcəksən haraya?
El sevgisi məlhəm olur yaraya,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

22 dekabr 2000

 

Özümdən baş aça…

Gör haçandan ayrılmışam Vətəndən,
Özümdən baş aça bilmirəm, Allah!
Xəyallara qərq olmuşam yenə mən,
Özümdən baş aça bilmirəm, Allah!

Ürəyimdə tükənibdir sözlərim,
Axı niyə hey yaşarır gözlərim?
Taqətlidir, yox, bükülməz dizlərim,
Özümdən baş aça bilmirəm, Allah!

Tapammıram mən özümü bəs niyə?
Gəlmir qulağıma doğma səs nyiə?
Göz dikirəm gah yollara, gah göyə,
Özümdən baş aça bilmirəm, Allah!

Uzun sürür ürəyimlə söhbətim,
Hər arzumla, diləyimlə söhbətim,
Can sirdaşım, mələyimlə söhbətim,
Özümdən baş aça bilmirəm, Allah!

Qürbət eldə nə sağlama, nə xəstə,
Qəlb kamanım nə zildədi, nə pəsdə,
El sevgisi dilə gəlir ahəstə,
Özümdən baş aça bilmirəm, Allah!

Mən Vətəndə açsam bir gün gözümü,
Vallah onda tapacağam özümü,
Əli Vəkil, Tanrı versin dözümü,
Özümdən baş aça bilmirəm, Allah!

3 yanvar 2001

 

Od-ocaq sevgisi

Mənimlə olacaq ta qəbrə qədər,
Od-ocaq sevgisi, torpaq sevgisi.
İnsanı Kərəm də, Məcnun edər,
Od-ocaq sevgisi, torpaq sevgisi.

Ürəyin ilhamı, dizin dayağı,
Həyatın mənası, ömrün mayağı,
Gül açır könlündə hər bahar çağı,
Od-ocaq sevgisi, torpaq sevgisi.

Əbədi dövr edir qanında sənin,
Yaşayır beynində, canında sənin,
Dünyada adın da, sanın da sənin –
Od-ocaq sevgisi, torpaq sevgisi.

İsmətin, namusun, arındır inan,
Sərvətin, dövlətin, varındır inan,
Canıntək sevdiyin yarındır inan,
Od-ocaq sevgisi, torpaq sevgisi.

Səadət deməkdir, muraz deməkdir,
Fəsillər içində o yaz deməkdir,
Göy Xəzər deməkdir, Araz deməkdir,
Od-ocaq sevgisi, torpaq sevgisi.

Əli Vəkil bel bağlayıb onlara,
Sevib yurd-yuvanı, düşməyib dara,
Dönüb ürəyində ulu Qoşqara –
Od-ocaq sevgisi, torpaq sevgisi.

5 yanvar 2001

 

Əbədi

 

Millətin Öndəri, Ali Şəxsiyyət,
O, həm memar, həm İlahi Şəxsiyyət,
Ürəyində təmiz arzu, xoş niyyət,
Hər işdə zəfərlər çaldı əbədi.

Şöhrəti, şanıydı Odlar diyarı,
Damarda qanıydı Odlar diyarı,
Nəfəsi, canıydı Odlar dyiarı –
Adını tarixə saldı əbədi!

Ömrünü əritdi bu millət üçün,
Qəlbini şam etdi bu millət üçün,
Gəldi, dada yetdi bu millət üçün,
Koroğlu “Cəngi”si çaldı əbədi!

Yurdun Bayraqdarı, Ağsaqqalıydı,
Şərəfi, vüqarı, Ağsaqqalıydı,
Müdrik havadarı, Ağsaqqalıydı,
Millətin dahisi oldu əbədi!

O, ali fenomen, o, nadir insan,
Gərək vəsf edəsən, gərək yazasan,
Ayrılmadı Vətənindən bircə an,
Dərdinə dərmanı buldu əbədi!

Bir dövlət yaratdı əməlləriylə,
Saraylar ucaltdı əməlləriylə,
Yondu heykəlini öz əlləriylə, –
O, canlıdı, tunc heykəldi əbədi!

Fəxri kürsülərdə öz yeri oldu,
Ölkəsi ən böyük əsəri oldu,
Köçəndə hamının gözləri doldu,
Satqına, namərdə güldü əbədi!

Böhtan dedi mənliyini satanlar,
Sui-qəsd düzəldib, ara qatanlar,
Peyğəmbər nəsliydi, adı, sanı var,
Dünyaya kişitək gəldi əbədi!

Nahaqdan axırdı millətin qanı,
Təkcə ona gəldi elin gümanı,
Yurdun göylərindən çəni, dumanı,
Ağlı, zəkasıyla sildi əbədi!

Dövlətin dayağı İlham böyütdü,
Rəhbəri, mayağı İlham böyütdü,
Ölkənin çırağı İlham böyütdü,
Dərdini onunla böldü əbədi!

Ruhu qonaq oldu qadir Allaha,
Xiyaban çevrildi ziyarətgaha,
Qəbrini biz Məkkə sayırıq daha,
Bəşər yaddaşında qaldı əbədi!

Milyon-milyon ellər gəldi görüşə,
Qucaq-qucaq güllər gəldi görüşə,
Yaşadığı illər gəldi görüşə,
Vətənin qədrini bildi əbədi!

Fəxri Xiyabanda gül-çiçək dağı,
Ətir saçsın, təzə-tər görək dağı,
Sonsuz insan seli, çaylar sayağı,
O, öz qiymətini aldı əbədi!

Əydi qəddimizi bu dərd, bu ələm,
Ümmana bənzədi ürəklərdə qəm,
Şairin əlində od aldı qələm,
Söz üstə xəyala daldı əbədi!

Ağır itki – Əli Vəkil neyləsin?
Oda yanıb, olubdur kül, neyləsin?
Gedən geri dönən deyil, neyləsin?
Xiyabanda lövbər saldı əbədi!

 

Səndə

 

Sual verdim öz-özümə yenə mən,
Hardandı bu qədər şan-şöhrət səndə?
Daldım xəyallara dönə-dönə mən,
Allah vergisiymiş qətiyyət səndə.

İlham aldın öz yurdundan, obandan,
Ayrılmadın sən bircə an obandan,
Miras qalıb Şah İsmayıl babandan,
Dövlətə əbədi məhəbbət səndə.

Azəri xalqının qəhrəman oğlu,
Amalın həqiqət, yolun haqq yolu,
Əcdadların cəsur Babək, Koroğlu,
Onlardan yadigar cəsarət səndə.

Yeni söz deməyə acizdir qələm,
Ürəyimdə yurd salıbdır kədər, qəm,
Mən özüm də qəmkeşəm, dərd əhliyəm,
Vətənə vurğunluq, sədaqət səndə.

Gördün Moskvada sərt rəftarı da,
Dönük Qorbaçovu, riyakarı da,
Ömründə yazı da, boran-qarı da,
Vardı dözüm səndə, dəyanət səndə.

Dilləri bəzədi HEYDƏR ƏLİYEV!
Elləri bəzədi HEYDƏR ƏLİYEV!
İlləri bəzədi HEYDƏR ƏLİYEV!
Soy kökə bağlılıq, nəcabət səndə.

Odlar diyarının fəxri övladı,
Tez seçdin, tanıdın doğmanı, yadı,
Unudan deyildir bəşər bu adı,
Xalqı azad görmək – xoş niyyət səndə.

Fərəhli günlər var, kədərli an var,
Elin soyqırımı – İyirmi Yanvar,
Faciəni törədənə olsun ar,
Bombaya çevrildi mətanət səndə.

Ölkələr eşitdi haray səsini,
Yay, dedik dünyaya, tez yay səsini,
Vahimən titrətdi Yer kürəsini,
Düşmənə sonsuzdu küdurət səndə.

Qürbətdən tez döndün Azərbaycana,
Çətin anda gərək idin sən ona,
Sadiq övlad oldun doğma anana,
Qəlbinin sirdaşı həqiqət səndə.

Gəncəmizdə qardaş qanı axırdı,
Göylərində ildırımlar çaxırdı,
Dövlətin başçısı durub baxırdı,
Vallah şir ürəyi var, əlbət səndə.

Yaratdığın, qurduqların möcüzə,
Sərkərdəydin, sarban idin sən bizə,
Dərdimiz ağırdı, yaramız təzə,
Böyük xadimlərlə ünsiyyət səndə.

Ön cəbhəyə, səngərlərə yollandın,
Təhlükəli neçə yerə yollandın,
Ölkələrə, səfərlərə yollandın,
Bayrağa çevrildi ülviyyət səndə.

SES-lər tikdirdin, gərəkdir bizə,
Hər biri şölədir, işıqdır bizə,
Şan-şöhrət gətirdin Vətənimizə,
Var uzaqgörənlik, kəramət səndə.

Heykəlləri seyrə dalaq, sayaq biz,
Nəsimidən axı necə doyaq biz?
Məğrur durub Mixaylomuz – Mehdimiz,
Ölməz insanlara var hörmət səndə.

Nərimanov Nərimana adibə,
Cabbarlı tək bir insana abidə,
Dahilərə, qəhrəmana abidə,
Əlçatmaz zirvədi Şəxsiyyət səndə.

Cavidimi qaytarmısan Vətənə,
Minnətdardı ölkə sənə, el sənə,
Ucaltdığın məqbərəyə getsənə,
Olub əfsanəvi məharət səndə.

Açıldı gör neçə ev-muzeyləri,
Yadigardı, hədiyyədi hər biri,
Doğma Bakımıza axıtdın Kürü,
Anadangəlmədi bu qüdrət səndə.

Hədiyyəndir “Əsrin müqaviləsi”,
Gəldi ölkələrdən sədası, səsi,
Adınla öyündü Odlar ölkəsi,
Müdriklik – ən ali keyfiyyət səndə.

Bakı-Ceyhan əsas ixrac kəməri,
Dillərdə dolaşır illərdən bəri,
Nələr eləmədin ondan ötəri,
Örnəkdir sadiqlik, mərifət səndə.

Ürəyində “Yanardağ”dandı odun,
Lideri, Öndəri, Dahisi yurdun,
Xalq şairi – Bəxtiyarı qorudun,
Sənətə sevgidi şeiriyyət səndə.

Vətən şamdır, sən də yanan pərvanə,
Eli üçün gündə yanan pərvanə,
Məmləkəti, xalqı anan pərvanə,
Yetdi ölməzliyə dürr, hikmət səndə.

25 dekabr 2003

 

Atatürk

Yüz iyirmi üç il əvvəl cahana
Tanrının töhfəsi oldu Atatürk.
Dünyaya əznbhlb Zibeydz ana,
Öndər idi, mərd doğuldu Atatürk.

Onun ata yurdu –  şəhər Salonik,
Sevindi nurlu bir səhər Salonik,
Yeni sakin – ər oğlu ər, Salonik,
Nə yaxşı, nə yaxşı gəldi Atatürk.

Keçən əsr – qanlı on səkkizinci il,
Təhlükədə türk dünyası, bütün el.
O günlər yaddaşdan silinən deyil,
Azadlıq yolunu buldu Atatürk.

İtalyan, fransız, ingilis gəlib,
İşğalçı, hiyləgər yüz iblis gəlib.
«Çarpışın, vuruşun!» Haqdan səs gəlib,
Torpağı yağıdan aldı Atatürk.

Dörd böyük ölkənin ordusu min-min,
Onlar qələbəyə oldular əmin.
«Millət, dur ağaya, daha susma, din»,
El sənin ardınca gəldi, Atatürk.

«İstiqlal, ya ölüm» – şüyarın buydu,
Ulu məmləkətin, xalq səni duydu,
Olmasaydın Türkiyənin sonuydu,
Nə yaxşı ki, yad qovuldu, Atatürk.

Lloyd Corc – baş naziri İngiltərənin,
Düşməniydi həm xalqının, həm sənin,
Oldu alqışlayıb, tərif deyənin,
Sözləri tarixdə qaldı, Atatürk.

«Tarixdə az olur belə dahilər,
Bəlkə də yüz ildə bir dəfə gələr,
Xoşbəxtdi Türkiyə, gör etdi nələr?
Əfsanədi, həm xəyaldı Atatürk».

Dünyəvi bir dövlət Anadoluda,
Düşmənə kin-nifrət Anadoluda,
Sənə sonsuz hörmət Anadoluda,
Xalq həm cəsur, həm yekdildi, Atatürk.

Əbədi mayakdı əməlin sənin,
Ölkəni bəzəyir heykəlin sənin.
Doğru yol göstərir tunc əlin sənin,
Yad uduzdu, tez əkildi, Atatürk.

Dahi oğlum, deyir cüt Ağrı dağı,
Önündə baş əyir cüt Ağrı dağı,
Zirvəyə səsləyir cüt Ağrı dağı,
Korogöu cəngisi çaldı Atatürk.

Tarixdə ən ali bir şəxsiyyətdi,
Nadir şəxsiyyətdi, Pir şəxsiyyətdi,
Sənə oğlum deyən Böyük millətdi
Söylədilər: Zəfər çaldı Atatürk.

«Torpaqsız, Vətənsiz yaşamaq olmaz,
Kölə xalqın kef-damağı çağ olmaz».
Dahi sərkərdəsən,, el darda qalmaz,
Əli Vəkil fikrə daldı, Atatürk,
Tarixə bir nəzər saldı, Atatürk.

4 avqust 2004

 

Dünya yarış meydanıdır

Ayıq ol, Adəm övladı,
Qoru eşqi, qoru adı,
Tükənməsin qəlbin odu,
Dünya yarış meydanıdır.

Eşq əhli var düşür dərdə,
Qəlbi dinir pərdə-pərdə,
Qoy söyləim bunu bir də –
Dünya yarış meydanıdır.

Üzürsənsə ümmanlarda,
Tale səni qoymaz darda.
Lövğər salıb gəmin harda?
Dünya yarış meydanıdır.

Sevən ürək ötər dil-dil,
Aşiq olub sən də sevil,
Bu həyatın qədrini bil,
Dünya yarış meydanıdır.

Unutma ömrün yazını,
Bülbülün xoş avazını,
Köklə məhəbbət sazını –
Dünya yarış meydanıdır.

Şan-şöhrətə hey can atan,
Söz ovlayan, qələm tutan,
Az deyil zirvəyə çatan,
Dünya yarış meydanıdır.

Əli Vəkil, bir gül ək sən,
Bəsləyib nazını çək sən,
Anlamaza ha dil töksən,
Dünya yarış meydanıdır.

27 iyul 2002

 

Getdi

Bərabər doğuldu Adəm övladı,
Hər insan bir cürə ad aldı getdi.
Əcəl kimlərisə tez yaxaladı,
Kimlərsə yaşadı, qocaldı, getdi.

Böyük hökmdarlar, fironlar oldu,
Ev yıxan, qan tökən tək onlar oldu,
Dövranı, zamanı yoranlar oldu,
Çoxları dünyadan bac aldı, getdi.

İgidlər tanınmaz qorxaq olmasa,
Dünya boş qalardı mərd doğulmasa,
Fatehlər ad üçün qırğın salmasa,
Deməzdik filankəs tac aldı, getdi.

Gücsüzə, kasıba arxa olanlar,
Zalımdan, cəlladdan qisas alanlar,
Ədalət naminə qılınc çalanlar
Bəşərin gözündə ucaldı, getdi.

Əli Vəkil, diqqət elə tarixə,
Borcun vardır sənin elə, tarixə,
Kim şöhrət yaratdı ilə tarixə,
Hər biri silinməz iz saldı, getdi.

30 iyul 2002
Rusiya, İvanovo şəhəri

 

Sorağındayam

Bir ömür sürürəm bu dünyaya mən,
Haqqın, ədalətin sorağındayam.
Yalan sözlər çıxmaz heç vaxt dilimdən,
Vəfanın, ülfətin sorağındayam.

Pozmasın həyatda əhdini heç kəs,
Sevgidə xəyanət əbəsdir, əbəs,
Daim qulağımda, qəlbimdə bir səs –
«Namusun, ismətin sorağındayam».

Gərək tanıyasan sən öz yerini,
Gecə yox, gəl gündüz axtar yarını,
Qıyma heç kimsəyə sən düz yerini,
Qəlbdə xoş niyyətin sorağındayam.

Çtsın arzusuna, çatsın millətim,
Layiqli yerini tutsun millətim,
Düşmənin başını qatsın millətim,
İnsanda qeyrətin sorağındayam.

Xilas edək torpağımı yad əldən,
Xalqımızın qeyrəti var əzəldən,
Qarabağda saxta dövlət düzəldən –
Düşmənə nifrətin sorağındayam.

Yalan ayaq tutar, amma yeriməz,
Yox, polad əyilməz, qızıl çürüməz,
Yaz gəlməsə, dağlarda qar ərimə,
Kəlamın, hikmətin sorağındayam.

Əli Vəkil, nifrət elə şərə sən,
Öz borcunu ləyaqətlə verəsən,
Həqiqətdən gərək çələng hörəsən,
Eşqə sədaqətin sorağındayam.

31 iyul 2002

 

Qalmasın

Kimlərisəı salır oda,
Kömək edib yetmir dada,
Beləsinin bu dünyada
İzi qalmasın, qalmasın.

El malına əl vuranın,
Aşiqlərə pəl vuranın,
Kef çəkib məclis quranın
İzi qalmasın, qalmasın.

Vətəni darda qoyanın,
Rüşvət alıb, cib soyanın,
Ömrü oyuncaq sayanın –
İzi qalmasın, qalmasın.

Taxta-taca göz dikənin,
Evlər yıxanın, ev sökənin,
Nahaq yerə qan tökənin
İzi qalmasın, qalmasın.

Əli Vəkil, söz hikmətdi,
Arif olmaq səadətdi,
Bədxah adam müsibətdi,
İzi qalmasın, qalmasın.

3 avqust 2002

 

Çarəsizdi

Qışı bahar eyləmək,
Dərdi yetənə demək,
Bircə anı əyləmək,
Çarəsizdi, çarəsiz.

Qorxaqdan qeyrət ummaq,
Yoxsuldan sərvət ummaq,
Satqından hörmət ummaq,
Çarəsizdi, çarəsiz.

Dilbilməzi anlatmaq,
Yalan sözü anlatmaq,
Bir qanmazı anlatmaq,
Çarəsizdi, çarəsiz.

Qaniçənə can demək,
Qəlbi buza yan demək,
Cəllada insan demək,
Çarəsizdi, çarəsiz.

Əli Vəkil, bir ah çək,
Yurdu sev divanətək,
Səni yoldan döndərmək,
Çarəsizdi, çarəsiz.

6 avqust 2002

 

Sinəmdə dağ…

Yerdəyəmmi, göydəyəmmi, bilmirəm,
Sinəmdə dağ çalçarpazdı, çalçarpaz.
Yaxamdan əl çəkmir qüssə, kədər, qəm,
Sinəmdə dərd çalçarpazdı, çalçarpaz.

Bircə tikə halal çörək bəsimdi,
Mənə sadiq odlu ürək bəsimdi,
Öndə qələbə var, demək bəsimdi,
Sinəmdə dərd çalçarpazdı, çalçarpaz.

Tək Şuşanı itirsəydik nə vardı,
Ağdamım, Laçınım silahlanardı,
Nifrət hissi alışardı, yanardı,
Sinəmdə dərd çalçarpazdı, çalçarpaz.

Dərbəndin, Təbrizin həsrəti ümman,
Doğma Zəngilanın itgisi yaman,
Biz necə əl çəkdik bəs Cəbrayıldan?
Sinəmdə dərd çalçarpazdı, çalçarpaz.

Əli Vəkil, çarəsi var bu dərdin,
Bir gün burnu əziləcək namərdin,
«Qələbə marşı»nı töhfə edərdin,
Sinəmdə dərd çalçarpazdı, çalçarpaz.

13 avqust 2002

 

Vay o gündən

Mərd namərdə əl açırsa,
Vay o gündən, vay o gündən.
Dərd ürəkdə dil açırsa,
Vay o gündən, vay o gündən.

Ah çəkirsə Göyçə eli,
Ağlayırsa «Göyçəgülü»,
Yasdadırsa Göyçə gölü,
Vay o gündən, vay o gündən.

Şuşam əldən gedibdirsə,
Laçın eldən gedibdirsə,
Sonam göldən gedibdirsə,
Vay o gündən, vay o gündən.

Namus, qeyrət satılırsa,
Əsir oda atılırsa,
Elin başı qatılırsa,
Vay o gündən, vay o gündən.

Sərhəddimiz pozulursa,
Yalan, böhtan yazılırsa,
Səhvlər yüz cür yozulursa,
Vay o gündən, vay o gündən.

Satqınların sayı çoxsa,
Yüz minlər ac, beşi toxsa,
Bu dərdlərə çarə yoxsa,
Vay o gündən, vay o gündən.

Namərd torpağı satırsa,
Qeyrət qında pas atırsa,
Ah, nalə ərşə çatırsa,
Vay o gündən, vay o gündən.

Kələk toru hörülürsə,
Kəndlər bir-bir verilirsə,
Şəhid yerə sərilirsə,
Vay o gündən, vay o gündən.

Gəliriksə tuş vədlərə,
Uçuruqsa boş vədlərə,
Tablaşırsa baş vədlərə,
Vay o gündən, vay o gündən.

Artırsa şəhid məzarı,
Almırıqsa torpaqları,
Talanırsa elin varı,
Vay o gündən, vay o gündən.

Ağdamda dam qalmayıbsa,
Ordum zəfər çalmayıbsa,
Xalqım qisas almayıbsa,
Vay o gündən, vay o gündən.

Düşmən qəddar, düşmən qansız,
Qalmışıqsa Zəngilansız,
Yaşayırsa bədən cansız,
Vay o gündən, vay o gündən.

İldən-ilə, aydan-aya,
Səhvimizi saya-saya,
Həsrətiksə biz Şuşaya,
Vay o gündən, vay o gündən.

Tərk edibsə nifrət ğizi,
Aldadırsa şöhrət bizi,
Azmışıqsa yolu, izi,
Vay o gündən, vay o gündən.

Batıb yasa Qubadlımız,
Darıxırsa Qubadlımız,
Alınmırsa Qubadlımız,
Vay o gündən, vay o gündən.

Kəlbəcəri qaytarmasaq,
Doğma yeri qaytarmasaq,
Əsirləri qaytarmasaq,
Vay o gündən, vay o gündən.

Ötsə fəsil Cəbrayılsız,
İl il deyil Cəbrayılsız,
Dözsə bu el Cəbrayılsız,
Vay o gündən, vay o gündən.

Füzulidə yad gəzirsə,
Damağı çağ, şad gəzirsə,
Gözləməkdən el bezirsə,
Vay o gündən, vay o gündən.

Torpağını satan çoxsa,
Kürsüyə can atan çoxsa,
Vəzifəyə çatan çoxsa,
Vay o gündən, vay o gündən.

Əllər zərif, dil qabarsa,
Göz dumanlı, qulaq karsa,
El dəniz tək qabarırsa,
Vay o gündən, vay o gündən.

Düşmən döyür sinəsinə,
Fürsət güdür sinə-sinə,
Tor qurulsa bizə yenə,
Vay o gündən, vay o gündən.

Sinəmizə döyürüksə,
Özümüzü öyürüksə,
Gündə bir don geyiriksə,
Vay o gündən, vay o gündən.

Dəbdədirsə haralısan?
Söylə kəsə: haralısan?
Yoxsa sənə qulaq asan,
Vay o gündən, vay o gündən.

Allah, nələr gördü gözüm,
Faciələr gördü gözüm,
Tükənərsə bir gün sözüm,
Vay o gündən, vay o gündən.

Yanvar 1994

 

Şuşasız

Tanrım, rəhm elə sən, bu nə sınaqdır?
Dərd bizi nə qədər yandıracaqdır?
Nəfəs almağımız vallah nahaqdır,
Söz tutmur ağzımda dilim Şuşasız!

Düşmənə qalıbdır basılmaz qala,
O, dünən yuvaydı məğrur qartala.
İnsafmı qatilə, yadlara qala?
Bəs necə tablaşır elim Şuşasız?

Kədərlidir Xurşud Banu Natəvan,
Yuxu sayır bəlkə bunu Natəvan?
Vuruşdur bu yolun sonu, Natəvan,
Qələmə yatmayır əlim Şuşasız!

Elin nəğməkarı Bülbül ötməyir,
Üsyana səsləyir bğizi Üzeyir,
Vaqifin, Nəvvabın ruhu nə deyir?
Açmayır bağçamda gülüm, Şuşasız!

Qədim qala – nəğməkarlar beşiyi,
Tərk elədik niyə evi-eşiyi?
Qarabağım – qeyrət, vüqar beşiyi,
Mən necə şadlanım, gülüm Şuşasız?

Axı niyə qıydıq onu yada biz?
Məqamında yetişmədik dada biz,
Oda atdıq bir diyarı, oda, biz,
Çağlamır çaylarım, selim Şuşasız!

Qarabağsız kor sayıram özümü,
Xəyanətlər qamaşdırdı gözümü,
Kimsə daha gülər görməz üzümü?
Yamanca bükülüb belim Şuşasız!

Torpağın qədrini biləydik gərək,
Yadın öhdəsindən gələydik gərək,
Yolunda hamımız öləydik gərək,
Daim pərişandır halım Şuşasız!

Qubadlı, Zəngilan əsirdir, Allah,
Kəlbəcər, Cəbrayıl yasdadır, billah,
Gül açmır o vaxtdan, gül açmır, vallah,
Çəmənim Şuşasız, çölüm Şuşasız!

Üzəcəkdir qüssə bizi, dərd bizi,
Tariximdən tanıyırlar mərd bizi,
İtirmişik Dərbəndimi, Təbrizi,
Göz yaşımı necə silim, Şuşasız?

Sanıram ömrümün xəzan çağıdır,
Orda at oynadan yaddır, yağıdır,
Uduzmuşuq, bu, yurda göz dağıdır,
Nə qədər saralım, solum Şuşasız?

İndi kimlər dərir xarıbülbülü,
O gül unutmayır, yarı – bülbülü,
Qonaq eyləyəydi barı, bülbülü?
Yaşamaq zülümdür, zülüm, Şuşasız!

Varmı belə diyar de, yer üzündə?
Tərənnümdə gücü satmır sözün də,
Ölüb-qalam kaş ki, Cıdır düzündə,
Düşübdür yanıma qolum Şuşasız!

Qucağında güllələndi heykəllər,
Yaralandı, yerə endi heykəllər,
Dilə gəlib, qəfil dindi heykəllər,
Ay ellər, qorxuram ölüm, Şuşasız.

Üzeyirin, Natvəvanın harayı,
Bülbülümün, mərd insanın harayı,
Yaralı büstlərin, anın harayı,
Siz deyin, nə qədər qalım, Şuşasız?

Onu düşmənlərdən almalıyıq biz,
Qoruyub qeydinə qalmalıyıq biz,
Tezliklə Qələbə çalmalıyıq biz,
Qalmasın Muğanım, Milim Şuşasız!

Rəsmi danışıqlar, məxfi söhbətlər,
Siyasi görüşlər getməsin hədər,
Allah eləməmiş, şəhərim gedər?
Mümkünmü mən sülhə gəlim, Şuşasız?

18 noyabr 1999

 

Bu azadlıq

Allahımın töhfəsidir,
Ədalətin gur səsidir,
Elimin məğrur səsidir
Bu azadlıq, müstəqillik.

Tapdıq əsrin sonunda biz,
Dilə gəldi ürəyimiz,
Günəş kimi odlu, təmiz,
Bu azadlıq, müstəqillik.

Biz o günü çox gözlədik,
Arzuladıq, hey izlədik,
Mütləq bir gün gələr dedik,
Bu azadlıq, müstəqillik.

Əbədi bir səadətdir,
Zəfər çalan həqiqətdir,
Doğma yurda məhəbbətdir
Bu azadlıq, müstəqillik.

Güldü üzü məmləkətin,
Onu əldən almaq çətin,
Haqq işidir bir millətin
Bu azadlıq, müstəqillik.

10 oktyabr 2001

 

Bəsdir daha

Torpağımda töküldü qan,
Daha məndə qalmadı can,
Yazım İyirmi Yanvardan –
Bəsdir dözdük, bəsdir daha!

Qarabağ qana boyandı,
Qəzəb, nifrət hissi yandı,
Bıçaq sümüyə dayandı –
Bəsdir dözdük, bəsdir daha!

Düşmən yamanca baş alır,
Doğma kəndlərim boşalır,
Neçə oba, el boş qalır,
Bəsdir dözdük, bəsdir daha!

Şəhidlər verdik nə qədər,
Faciə gördük nə qədər,
Qəm-kədər dərdik nə qədər,
Bəsdir dözdük, bəsdir daha!

El dərdindən qəlbim yara,
Vətən yaman düşüb dara,
Dərs verilsin cəlladlara,
Bəsdir dözdük, bəsdir daha!

Səbrin də öz həddi vardır,
Qırğının sərhəddi vardır,
Gen dünya başıma dardır,
Bəsdir dözdük, bəsdir daha!

Dərdli kədərlidir hamı,
Susub yurdumun İlhamı,
Başlasın xalq ittihamı,
Bəsdir dözdük, bəsdir daha!

24 aprel 1992

 

Kəlbəcərim, hey…

 

Vallah boğacaqdır yad nəfəs səni,
Yabançı səs səni, ögey səs səni,
Qoruya bilmədik niyə bəs səni?
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Dəlitək qışqırır Dəlidağ, Allah,
Qoynunda yurd salıb yad-daşnaq, Allah,
Kor etdi gözümü boğanaq, Allah,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Səmədsiz, Şəmşirsiz Ceyran bulağı,
Çən-duman bürüyüb dərəni, dağı,
Xəyala dönübdür elin xoş çağı,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Sürülər çəkilib çox yaylağından,
Gül dərə biləydim bir də bağından,
Göyçəyə aşaydım Keyti dağından,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Yalçın qayaların qartalı hanı?
Qaçqının harayı tutub dünyanı,
Tanrım yerdə qoymaz bu nahaq qanı,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Uşaqlar, qadınlar Murovdan aşdı,
Çaylar qəzəbindən kükrədi, daşdı,
Cəlladın, qatilin ürəyi daşdı,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Xəyanət qurbanı olan məkanım,
Düşmən tapdağında qalan məkanım,
Hər kəndi, obası talan məkanım,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Çox oldu yollarda, dağlarda donan,
Niyə tapılmadı halına yanan?
Xəyanət eylədi əslini danan,
Füsunkar diyarım, Kəlbəcərim, hey.

Xilas etməliyik qəfəsdən səni,
Qovaq başın üstən dumanı, çəni,
Bütöv görməliyik biz bu Vətəni,
Füsunkar diyarım, Kəlbəcərim, hey.
Qartallı dağlarım, Kəlbəcərim, hey!

15 may 1993

 

Torpağın

 

Düşmən tapdağında, yad əllərdədir,
Seçilmir qışıyla yazı torpağın.
Elə bil qürbətdə, yad ellərdədir,
Həsrətdən yaşarır gözü torpağın.

Dağ çəirklər sinəsinə dözürük,
Yağı gəzir sinə-sinə, dözürük,
İllər keçir, amma yenə dözürük,
Çoxdur deyiləsi sözü torpağın.

Haraylayır, harayına yetmirik,
Baş əyməyə, görüşünə getmirik,
İstəyinə niyə əməl etmirik?
Sönübdür atəşi, közü torpağın.

Laçın gedib, Şuşa gedib susmuşuq,
Fiyrə dalıb, huşa gedib susmuşuq,
Ağdam başdan-başa gedib, susmuşuq,
Küsüb bizdən, dönüb üzü torpağın.

Ərşə çatdı Xocalının naləsi,
Tez unutduq o harayı, o səsi,
Balam deyib, sevəcəkdir o kəsi,
Qalsın sinəsində izi torpağın.

Elin qisası var, ittihamı var,
Qoca da, cavan da ayağa durar,
Bu yolda qoy qana qərq olsun, dostlar,
Dərəsi torpağın, düzü torpağın.

Əli Vəkil, Haqqa söykən, haqqa sən,
Qəlbi düzsən Allahla sən, Haqla sən,
O günü qarşıla təmtəraqla sən,
Azad olsun, dinsin sazı torpağın.

1 iyun 1998

 

Əsgər marşı

Torpağıma göz dikənin
Gözlərini ovam gərək.
Zəfərlərlə çatsın başa
Hər döyüşüm, davam gərək!

Yad edək olub-keçəni,
Qovaq eldən qaniçəni,
Xoşbəxt görək biz Vətəni,
Azad olsun obam gərək!

Unutmayaq xəyanəti,
Var bu xalqın dəyanəti,
Təbrik etsin məmləkəti
Dədə Qorqud babam gərək!

Odlar oğlu yenə dinsin,
Misri qılınc bir də ensin,
Düşmənlərdən təmizlənsin
Ev-eşiyim, yuvam gərək!

Yad əldədir Ağdam, Şuşa,
Bu, ləkədir ömrə, yaşa,
Səs yayılsın dağa, daşa,
Dinsin «Cəngi» havam gərək!

 

Nifrət hissim…

 

Qılınc çəkib diz çökdürür dərd məni,
Nifrət hissim aşıb-daşır, İlahi.
Yol azdırır, perikdirir dərd məni,
Nifrət hissim aşıb-daşır, İlahi.

Qayğılarım bu gün birmi, beşdimi?
Qəm xəncəri ürəyimi deşdimi?
Tablaşıram, incə qəlbim daşdımı?
Nifrət hissim aşıb-daşır, İlahi.

Zəbt olunub millətimin torpağı,
Gör neçə yaylağı, gör neçə dağı,
Nə qədər axacaq dilimdən ağı?
Nifrət hissim aşıb-daşır, İlahi.

Qan tökülür bircə qarış yer üstə,
Hünərin var get kimdənsə yer istə,
Haçan vuruşacaq Kəlbəcər üstə,
Nifrət hissim aşıb-daşır, İlahi.

Hey qalıram xəyallarla baş-başa,
Qarabağda qan tökülüb hər daşa,
Ana Vətən, gəl Şuşasız sən yaşa,
Nifrət hissim aşıb-daşır, İlahi.

Dildən-dilə düşdü Laçın dəhlizi,
Yağı dindi: tezcə açın dəhlizi,
Töhfə verək düşmən üçün dəhlizi?
Nifrət hissim aşıb-daşır, İlahi.

Əsir düşüb Şuşa – qartal yuvası,
Xəyal olub yaylaqları, havası,
Tapılacaq bir gün dərdin davası,
Nifrət hissim aşıb-daşır, İlahi.

Bizim kimi Xocalısı talan var?
Bizim kimi quru yurdda qalan var?
Bizim kimi hər dərsi tərs alan var?
Nifrət hissim aşıb-daşır, İlahi.

Neçə ildir görməmişəm Ağdamı,
Yad edirəm ürəkdə qəm Ağdamı,
Qəlbi dərdli, gözləri nəm Ağdamı,
Nifrət hissim aşıb-daşır, İlahi.

Tora düşüb köks ötürür Qubadlı,
Ağır dərdə sinə gərir Qubadlı,
Qəm-qüssəli ömür sürür Qubadlı,
Nifrət hissim aşıb-daşır, İlahi.

Neçə ildir Füzulisiz qalmışıq,
Ah çəkərək onsuz nəfəs almışıq,
Həsrətindən saralmışıq, solmuşuq,
Nifrət hissim aşıb-daşır, İlahi.

Cəbrayılı kimdən sorum mən indi?
Haqqım vardır bu gün deyim mənimdi,
Namərd qonşu çoxdan bizə qənimdi,
Nifrət hissim aşıb-daşır, İlahi.

Yad əlində çox qalacaq Zəngilan?
Xəyallara çox dalacaq Zəngilan?
Vallah dərddən boğulacaq Zəngilan,
Nifrət hissim aşıb-daşır, İlahi.

Xankəndini, Xocavəndi qaytaraq,
Neçə-neçə abad kəndi qaytaraq,
Gexikməyək, elə indi qaytaraq,
Nifrət hissim aşıb-daşır, İlahi.

Göyçə eli yada qalıb, dözmüşük,
Göyçə gölü yada qalıb, dözmüşük,
Sazın teli yada qalıb, dözmüşük,
Nifrət hissim aşıb-daşır, İlahi.

Dağılıbmı Ələsgərin məzarı?
Talan oldu el sərvəti, el varı,
Qalırmı aşığın tunc büstü barı,
Nifrət hissim aşıb-daşır, İlahi.

İllər boyu Təbriz, Təbriz söylədik,
Açılaydı kaş ki, yol, iz, söylədik,
Bəxt açılar, eloğlu döz, söylədik,
Nifrət hissim aşıb-daşır, İlahi.

Neyləyim ki, yalnız adı bizimdi,
Qəlblərdəki həsrət odu bizimdi,
Sönməz olan qeyrət odu bizimdi,
Nifrət hissim aşıb-daşır, İlahi.

İtirmişik Dəmir Qapı Dərbəndi,
Yıxammadıq nə bərəni, nə bəndi,
Tariximdə nər məskəni, nər bəndi,
Nifrət hissim aşıb-daşır, İlahi.

Bizim idi Dərəçiçək, Qəmərli,
Sənsiz necə dözsün ürək, Qəmərli,
Bağışlasın bizi gərək Qəmərli,
Nifrət hissim aşıb-daşır, İlahi.

Görəmmirik indi Qarakilsəni,
Ağbabayla tanış edim gəl səni,
Cəlaloğlu heyran edər bil səni,
Nifrət hissim aşıb-daşır, İlahi.

Bu, Çamırlı, bu da Zəngibasardı,
Daşardı, sahili Zəngi basardı,
Bu çayın şərəfli bir adı vardı,
Nifrət hissim aşıb-daşır, İlahi.

Bu, Gümrüdü, bu da Qaraqoyunlu,
Məskən oldu yada Qaraqoyunlu,
Düşəcəkdir yada Qaraqoyunlu,
Nifrət hissim aşıb-daşır, İlahi.

Araratdı adı Vedibasarın,
İndi yox imdadı Vedibasarın,
Qəlbimdədir odu Vedibasarın,
Nifrət hissim aşıb-daşır, İlahi.

At oynadır düşmən Dərələyəzdə,
Rakimdir duman, çən Dərələyəzdə,
Olaydım kaş ki, mən Dərələyəzdə,
Nifrət hissim aşıb-daşır, İlahi.

İrəvana söylədilər Yerevan,
Bizim idi o doğma yer, o məkan,
Yağılar yurd salıb orada yaman,
Nifrət hissim aşıb-daşır, İlahi.

Bax beləcə əsir edib qəm məni,
Yaşadır bu kağız, bu qələm məni,
Əli Vəkil, eşitsin aləm mənim,
Nifrət hissim aşıb-daşır, İlahi.

2 sentyabr 2000

 

Haray, ay haray…

Əbədi odlara qalanan mənəm,
Doğma yurd-yuvası talanan mənəm,
Evinin içində qul olan mənəm,
Müqəddəs torpağım, haray, ay haray!

Üzür Qarabağın həsrəti bizi,
Cıdır düzündədir Vaqifin izi,
Gəlin itirməyək ümidimizi,
Şuşalı növrağım, haray, ay haray!

Köksünü ötürür Zəngilanımız,
Havayı axmasın gərək qanımız,
Deyin, harda qaldı bəs ad-sanımız?
Cənnət Qarabağım, haray, ay haray!

Ağdamı, Şuşanı əldən vermişik,
Abad Xocalını viran görmüşük,
Qəm-qüssə içində ömür sürmüşük,
Yad gəzən oylağım, haray, ay haray!

Dünyada mənim tək dərdli tapılmaz,
Qışa çevrilibdir gözlərimdə yaz,
Götür qələmini, şair, bir də yaz,
Yaralı torpağım, haray, ay haray!

Füzuli, Cəbrayıl, Qubadlı əsir,
İndi sinəsində düşmənlər gəzir,
Dağımız, daşımız satıldı bir-bir,
Sönən gur ocağım, haray, ay haray!

Haçandan ağlayır “İsa bulağı”,
Kədərlə çağlayır “İsa bulağı”,
Qəlbləri dağlayır “İsa bulağı”,
Səfalı yaylağım, haray, ay haray!

Bir gün qucaqlayar Kəlbəcər məni,
Qoynunda saxlayar Kəlbəcər məni.
Doğma oğlu sayar Kəlbəcər məni,
Məğrur Keyti dağım, haray, ay haray!

Vulkana çevrilsin torpağım, daşım,
Yaddan təmizlənsin hər dağım, daşım,
Zəfərlər olacaq dostum, sirdaşım,
Qələbə sorağım, haray, ay haray!

 

Vətən çağırır

Qanımızla suvarılır Qarabağ,
Alovlanıb külə dönür hər oymaq.
Qəlbimizlə, canımızla qoruyaq,
Soydaşım, silahlan, Vətən çağırır!

Yadigardır Dədə Qorqud babamdan,
Yad qovulsun qoy elimdən, obamdan,
Qarabağda söküləcək qızıl dan,
Gecikmə, Mil, Muğan, Vətən çağırır!

Zəfərlər çalıbdır Şuşa qalası,
Düşmənə qalıbdır Şuşa qalası,
Niyə qul olubdur Şuşa qalası?
Başında çən, duman, Vətən çağırır.

Sinəmi dağlayıb Xocalı dərdi,
Bundan sonra yaşamağım hədərdi.
Ürəyində götür-qoy et ha dərdi,
El çıxsın qoy yasdan, Vətən çağırır!

Hey çarpışır yad əlində Laçınım,
Dara düşüb öz elində Laçınım,
Yenilməzdi durub öndə Laçınım,
Qisas al yağıdan, Vətən çağırır!

Avqust 1992

 

Ölləm

Odlar diyarının ağır günündə
Övladtək qeydinə qalmasam ölləm.
Çətin məqamlarda dayanıb öndə
Adını şeirimə salmasam ölləm.

Ağrılı-acılı ötür hər günüm,
Dünyanı sarsıdır harayım, ünüm,
Təxirə salınır toyum, düyünüm,
Yaddan qisas almasam ölləm.

Düşmənə nifrətim ümmandır, ümman,
Qələbə eşqiylə yanıram hər an,
Alınmaz qaladır bu yer, bu məkan,
Qəzəbdən çağlayıb dolmasam ölləm.

Bu diyar cəsurlar, mərdlər oylağı,
Haqdan yanıb, sönməz elin çırağı,
Əbəs xam xəyala düşməsin yağı,
Qeyrət qılıncını çalmasam ölləm.

Sinəmdə qövr edir Laçın yarası,
Şuşa itirmişəm, qəlbin parası,
Tarix olur günün ağı, qarası,
Tezliklə Qələbə çalmasam ölləm!

19 yanvar 1993

 

Allah

Dünya yaman dəyişibdir,
Nələr gördü gözüm, Allah.
Çərxi-dövran dəyişibdir,
Gəl dözüm ver, dözüm, Allah!

Başım üstə duman-çən var,
Torpağıma göz dikən var,
Yad önündə diz çökən var,
Sönməz odum, közüm, Allah!

Boş qalıbdır Göyçə elim,
Qəribsəyir Göyçə gölüm,
Niyə susub “Göyçəgülü”m,
Ötmür telli sazım, Allah!

Nə qaça-qaç, köçə-köçdü,
Gəl sən baş aç, köçə-köçdü,
Quş olub uç, köçə-köçdü,
Tükənibdir sözüm, Allah!

Top atılır, evlər yanır,
Yad özünü qoçaq sanır,
Damarımda qanım donur,
Qışa dönür yazım, Allah!

Ağa qara deyir namərd,
Sinəsinə döyür namərd,
Özünü hey öyür namərd,
Bilməm necə yozum, Allah!

Başkəsənlər silahlanıb,
Əsli danıb, kökü danıb,
Danışdıqca dilim yanıb,
Niyə gülmür üzüm, Allah?

Qarabağım vuran ürək,
Dilə gəlir hər an ürək,
Viran olub, viran ürək,
Sən bizimsən, bizim, Allah!

Tablaşıram hər dərdə mən,
Baş əymirəm namərdə mən,
Qələm aldım bu yerdə mən,
Gərək yazım, yazım, Allah!

Biz deyən gün gələcəkdir,
Qan içənlər öləcəkdir,
Fərəhlənib güləcəkdir,
Onda dağım, düzüm, Allah!

Oktyabr 1990

 

Dünya

Doğulandan insan oğlu,
Çox düşübdür oda, dünya.
Arxalanan az olmayıb,
Vəzifəyə, ada, dünya.

Mərd oğul üsyan qoparıb,
Fərhad kimi dağlar yarıb,
Beşcə arşın ağ aparıb,
Axır köçüb o da, dünya.

Toylar varsa, yas nədi bəs,
Ölüm varsa, hər şey əbəs,
Bacarammaz sənnən heç kəs,
Barı yetiş dada, dünya.

Nələr çəkib başın sənin,
Bilinməyir yaşın sənin,
Adicə bir daşın sənin,
Qoy getməsin bada, dünya.

Ömür qısa, hamı qonaq,
Mənzil yaxın, mənzil uzaq,
Kimlərəsə verdin ancaq,
Min dərd, min bir qada, dünya.

Tiri görməz öz gözündə,
Nöqsan gəzər el sözündə,
Gəl meydanı yer üzündə,
Heç vaxt vermə yada, dünya.

Əli Vəkil gəldi dilə,
Çox borcludur doğma elə,
İmtahan var, öndə hələ,
Gərək salsın yada, dünya.

Dekabr 1990

 

Ağlama, elim, ağlama…

 

Yad qapını döydü nədən?
Ox çinəmdən dəydi nədən?
Dərd qəddimi əydi nədən?
Ağlama, elim, ağlama!

Torpaqdan şəhid cücərir,
Xalq səngərə sinə gərir,
Vətən yenə qurban verir,
Ağlama, elim, ağlama!

Cəsurlarım, qılınc çalın,
Qaniçəndən qisas alın,
Vuruşuram əliyalın,
Ağlama, elim, ağlama!

Ha yalan de, ha Haqqa dan,
Yerdə qalmaz bu nahaq qan,
Belə getməz axı, dövran,
Ağlama, elim, ağlama!

Gözləyir al səhər bizi,
Qırat üstə yəhər bizi,
Qoy boğmasın qəhər bizi,
Ağlama, elim, ağlama!

Mart 1992

 

Ədalət çalır

 

Ön cəbhədə dövrə vurub igidlər,
Sıralanıb, səf-səf durub igidlər,
Saz dillənir, məclis qurub igidlər,
Atılın döyüşə – Ədalət çalır…

Sazla gedib döyüşlərə əcdadım,
Qalib gəlib neçə kərə əcdadım,
Koroğlu tək çəkib nərə əcdadım,
Atılın döyüşə – Ədalət çalır…

Keçmişimi, ərənləri, anın siz,
Qartal kimi zirvələrə qonun siz,
Bu diyarı doğma ana sanın siz,
Atılın döyüşə – Ədalət çalır…

Od alacaq pərdələrdən barmaqlar,
Yaya dönür vallah hərdən barmaqlar,
Tətik çəkir sanki birdən barmaqlar,
Atılın döyüşə – Ədalət çalır…

Simlər bizi qələbəyə səsləyir,
Elimizi qələbəyə səsləyir,
Dağı,düzü qələbəyə səsləyir,
Atılın döyüşə – Ədalət çalır…

Vurub yıxın, məhv eləyin yadları,
Yada salın ən müqəddəs adları,
Tez söndürün alovları, odları,
Atılın döyüşə – Ədalət çalır…

Çoxdandı Şuşanın yol çəkir gözü,
Doğma Laçınımın gülməyir üzü,
Çoxmu gözləyəcək Kəlbəcər bizi?
Atılın döyüşə – Ədalət çalır…

Vallah dəli olub Dəlidağ indi,
Qəzəbdən dil açır o torpaq indi,
Sönüb Qarabağda çox ocaq indi,
Atılın döyüşə – Ədalət çalır…

Ceyransız qalıbdır Ceyran bulağı,
Xəyala dalıbdır Vurğunlu çağı,
Köməksiz neyləsin bəs Murovdağı?
Atılın döyüşə – Ədalət çalır…

Bu çalğı döyüşə son çağrış olsun,
Ürəklər nifrətlə, qəzəblə dolsun,
Düşmənlər yurdumdan qoy tez qovulsun,
Atılın döyüşə – Ədalət çalır…

16 may 1994

 

Dedi

 

(«Çal, ay ustad» poemasından)

Aşıb-daşdı Üzeyirin nifrəti,
Bir ox oldu Nəvvabın da həsrəti,
Dada yetsin uluların qeyrəti,
Tar allahı Sadıqcan da çal, dedi.

Dözə bilmir qəzəbindən Xan əmi,
Narahatdır Vətən səndən, Xan əmi,
Ustad Seyid necə çəksin bu qəmi?
Şəhid yatan Xiyaban da çal, dedi.

Az olmayıb tara söhbət gətirən,
Bu sənəti eldən-elə ötürən,
Mizrabıyla dərdi-qəmi bitirən,
Tar ustadı, bax, Qurban da çal, dedi.

Topxanada xarıbülbül dilləndi,
Yaylaqlarda açılan gül dilləndi,
Şair Vaqif, bütün bir el dilləndi,
Xurşud Banu Natəvan da çal, dedi.

Çağlamadı, susdu İsa bulağı,
Çoxdan elin batıb yasa bulağı,
Cıdır düzü, sərin Şuşa yaylağı,
Cənnət diyar – o məkan da çal, dedi.

Yurdu andı yenə Cabbar Qaryağdı,
Havalandı yenə Cabbar Qaryağdı,
Qışa döndü Savalan da, qar yağdı,
Qəribsəyən Savalan da çal, dedi.

Axı, niyə səsi gəlmir Bülbülün?
Kədərindən üzü gülmür Bülbülün,
Kimsə göz yaşını silmir Bülbülün –
Bir səs: «Sevgili canan» da çal, dedi.

Qan ağlayan Cıdır düzü ah çəkdi,
Natəvanın şeiri, sözü ah çəkdi,
Şuşa qalasının özü ah çəkdi –
İbrahim Xan, Pənah Xan da çal, dedi.

«Ərim gəldi», «Meydan başı», Kirs dağı,
Dərdimizi sən də daşı, Kirs dağı,
«Qırx qız» ilə, cəsurların oylağı –
Göy meşələr, aisman da çal, dedi.

Uzaqlarda – çox ölkədə tar dinib,
Simlərində xalqa sözü var, dinib,
Ustadın ürəyi, barmaqlar dinib –
İstanbul da, İsfahan da çal, dedi.

Qəm üstə səsləndi Hacının tarı,
Tarıydı Əhsənin dövləti, varı,
Ay ustad, onlara qulaq as barı –
Qarabağ da, Mil-Muğan da çal, dedi.

25 may 2002

 

Gəlir

 

(«Ramiz sənətinin sehri» poemasından)

Allah, məni məndən alır, bu çalğı,
Varlığımı oda salır bu çalğı,
Yaddaşıma hopur, qalır bu çalğı –
Dəniz dalğalanır, göl dilə gəlir.

Muğam dinlə, mahnı dinlə tarda sən,
Vurularsan bu elə sən, yurda sən,
Belə sənət harda gördün, harda sən?
Sönmüş ocaqlarda kül dilə gəlir.

Sevinc də var, kədər də var simlərdə,
Qəhrəmanlıq – «Cəngi» yaşar simmlərdə,
Məcnun dinər, Leyli ağlar simlərdə –
Barmaqlar tərpənir tel dilə gəlir.

Yadigardır, babalardan yadigar,
Mahallardan, obalardan yadigar,
Vuruşlardan, davalardan yadigar,
Fəsillər səslənir, il dilə gəlir.

Təranələr çağladıqca çağlayır,
Həsrət odu ürəkləri dağlayır,
Könülləri bir-birinə bağlayır,
Muğan dilə gəlir, Mil dilə gəlir.

Çalğı deyil, möcüzədir, möcüzə,
Sevinc, kədər bəxş eləyir tar bizə,
Sanki yüz yol yollanırsan Təbrizə –
O taylı, bu taylı el dilə gəlir.

Yarış, ustad, öz oğlunla yarış sən,
Belə fitkri istedadla barış sən,
Pərdələrdə, simdə odla barış sən –
Tarınla yamaclar, çöl dilə gəlir.

Bu çalğıdan məst olacaq çiçəklər,
Ovsunlanıb açılacaq çiçəklər,
Tar susanda tez solacaq çiçəklər –
Qönçələr əl çalır, gül dilə gəlir.

Muğamları çaldıqca, çal, ay Ramiz,
İlhamını bu eldən al, ay Ramiz,
Öz yoluna sən sadiq qal, ay Ramiz –
Bulaqlar, gur çaylar, sel dilə gəlir.

10 sentyabr 2001

 

Bu çalğı

 

Ramiz əli heç bir ələ bənzəmir,
Doğma eli özgə elə bənzəmir,
Tarın teli özgə telə bənzəmir,
Salonlarda haray salır bu çalğı.

Ara vermir, davam edir alqışlar,
Bir millətə məhəbbətdir alqışlar,
Muğamlara sədaqətdir alqışlar –
Unudulmur, yadda qalır bu çalğı.

Dinləyənlər: üzüldü can, deyirlər,
Yox, tapılmaz belə insan, deyirlər,
Odlu simlər Azərbaycan, deyirlər –
Nağıl olur, yuxu olur bu çalğı.

Ürəkləri simə-tara bağlayır,
Ülviyyətə, ilk bahara bağlayır,
Bizim yurda, bu diyara bağlayır –
Bulaq kimi heç gurlayır bu çalğı.

Əli Vəkil, bu bir Allah vergisi,
Bu, əfsanə, bu sirr Allah vergisi,
Elim yaxşı bilir – Allah vergisi –
Tarix olur, yaşa dolur bu çalğı.

10 sentyabr 2001

 

Təbiət

 

Anamsan, boynuna dolanıb qolum,
Səyyaham, dağlara düşübdür yolum,
Yaşıl çətirlərdir sağımla, solum,
Oxşayıb laylamı çalır təbiət!

Şirvan xasiyyətli, Muğan könüllü,
Dolan bu yerləri, dolan könüllü,
İylə hər çiçəyi, iylə hər gülü,
Ağlını başından alır təbiət!

Sevinc piyaləmə – Göy gölümə bax,
Onu seyr etməkdən olarmı doymay,
Vəsf elə yurdumu sən oymaq-oymaq,
Gör necə səfalı olur təbiət!

Doldur buz bulaqdan piyaləni sən,
Dinlə şən quşları, şəlaləni sən,
Dəstələ nərgizi, dər laləni sən,
Bəzən xəyala da qalır təbiət!

Turacların nəğməsinə qulaq as,
Bulaqların şən səsinə qulaq as,
Xan çinarın nəfəsinə qulaq as,
Qolunu boynuna salır təbiət!

Onun da qəlbi var, insandı sanki,
Dərdlərə dərmandı, loğmandı sanki,
Ellərə arxadı, həyandı sanki,
Qəlbində yadigar qalır təbiət!

1979

 

Sazımda

Təzənə simlərə toxundu yenə,
Dalğadı, şimşəkdi tellər sazımda!
Yüz hava səsləndi, oxundu yenə,
Açılar bağlanan dillər sazımda!

Babam Dədə Qorqud çalıbdır onu,
Bəlkə şəlalədən alıbdır onu?
Ozanlar dillərə salıbdır onu,
Yaşayır əsrlər, illər sazımda!

Qədimdir, uludur göylərdən enib,
Gah zildə köklənib, gah bəmdə dinib,
Kərəmin əlində alova dönüb,
Min hava çalıbbdır əllər sazımda!

Bu, Qərib, bu, Abbas Tufarqanlıdır,
Nağıllı, dastanlı, yüz ünvanlıdır,
Gah həzin səslənər, gah tufanlıdır,
Dinər şəlalələr, sellər sazımda!

Ana laylasıyla coşar qanımda,
Hopub varlığıma yaşar qanımda,
Kükrəyər, çalxanar, daşar qanımda,
Çalxanar dənizlər, göllər sazımda!

Koroğlu onunla döyüşə girib,
Qılınca, qalxana saz sinə gərib,
Düşübdür bəxtimə, tale göndərib,
Birləşər cığırlar, yollar sazımda!

Ürəyin açılar ələ alanda,
Könül cuşa gələr onu çalanda,
«Cəlili», «Kərəmi», «Dilqəmi» onda,
Tapar keçmişini ellər sazımda!

Sevək canımıztək yaşadaq onu,
Unutmaz bu ellər aşıq oğlunu,
Sazla tərif edək Odlar yurdunu,
Əsməsin havayı yellər sazımda!

Əli Vəkil, sazı ələ al görək,
Göyçəlisən, «Göyçəgülü» çal, görək,
Ələsgəri bir də yada sal görək,
Dil açsın səhralar, çöllər sazımda!

1982

 

Qəhrəman Fərman

 

Fərman Salmanova

Dolaşdın Sibiri başdan-başa sən,
Dözmüsən şaxtaya, qara, qışa sən,
Ən böyük sınağa, bərkə-boşa sən,
Vətənin vurğunu, tayqalar oğlu.

Adın şöhrət olub Azərbaycana,
Buzlu tayqaları gətirdin cana,
İndi Sibir nefti axır hər yana,
Elimin, obamın bəxtiyar oğlu.

İnam suyun oldu, çörəyin oldu,
Yurdum böyük arxan, köməyin oldu,
Koroğlu qeyrəti gərəyin oldu,
Şad xəbər soraqlı, ay bahar oğlu.

Sevdin canın qədər ana torpağı,
Güldü arzuların bir səhər çağı,
Alışdı gözündə zəfər çırağı,
Xəzər təlatümlü, ay odlar oğlu.

Əzəldən atəşə, oda vurğunsan,
Dönmədin sözündən etiqadından,
Həm böyük alimsən, həm də Qəhrəman,
Şəmkir ata yurdun, ay dağlar oğlu.

Hər səhər tayqada söküləndə dan,
Günəşdir qəlbində alışıb-yanan,
Şadlansın obamız, öyünsün anan,
Qoşqar ürəklisən, ay Qoşqar oğlu!

1985

 

Mənim

Gör haçandan ötmür sazım,
Qarlı qışa dönüb yazım.
Gərək daha qəmdən yazım,
Kədərdir sirdaşım mənim.

Bu dünya niyə laxlayıb,
Lap yerdən-göyə laxlayıb,
Çatıb, əllini haxlayıb,
Yarı olub yaşım mənim.

Kimdir baxan göz yaşına?
Hamı olub öz başına,
Düşür yadların başına,
Ağır olub daşım mənim.

Güvənib ata adına,
Çatammıram el dadına,
Yandı qurumun oduna,
Yaman yandı yaşım mənim.

Xiyabandır and yerimiz,
Ora Məkkəmiz, Pirimiz,
Bir əsgərik hər birimiz,
Bəlalıdır başım mənim.

10 mart 1991

 

 

Günümdü

Tanrım, sən yetiş dadıma,
Halı pərişan günümdü.
Kim çatacaq imdadıma?
Ürəyi şan-şan günümdü.

Dərd ümmandı dözmək olmur,
Dərya dərin üzmək olmur,
Baş qaldırıb gəzmək olmur,
Yığvalı yatan günümdü.

Neçə ildir gülmür üzüm,
Bu dərdlərə necə dözüm?
Allah, nələr gördü gözüm?
Göz yaşım ümman günümdü.

Hərraca qoyulub torpaq,
Satılıb cənnət Qarabağ,
Düşmən qurduğu tora bax,
Qələbə, üsyan günümdü.

Şəhidlərin yoxdur sayı,
Qan rənglidir yurdun çayı,
Yasa dönür elin toyu,
Bəsdir, qana-qan günümdür!

Yanvar 1994

 

Öz yeri

Fəsillər ardınca gəlir fəsillər,
Qışın öz yeri var, yazın öz yeri.
Mizrab toxunduqca dil açır tellər,
Tarın öz yeri var, sazın öz yeri.

İşıqlı dünyaya vurulur könül,
Çaylartək çağlayır, durulur könül,
Gözəllik önündə qul olur könül,
Dağın öz yeri var, düzün öz yeri.

Bir-bir yola salır illəri insan,
Cənnətə döndərir hər yeri insan,
Dərk edir ulduzlu göyləri insan,
Ürəyin öz yeri, gözün öz yeri.

Eşqin badəsini içən aşiqlər,
Bu yolda canından keçən aşiqlər,
Yaxşını yamandan seçən aşiqlər,
İpəyin öz yeri, bezin öz yeri.

Dəyişir kainat, dəyişir zaman,
Kimi sərraf olur, kimi də nadan,
Gözümüz doymayır ulu dünyadan,
Çoxun öz yeri var, azın öz yeri.

Sabaha inamla baxmalıyıq biz,
İllərin əlini sıxmalıyıq biz,
Uca zirvələrə çıxmalıyıq biz,
Yolun öz yeri var, izin öz yeri.

Kimi bağ becərib barını dərdi?
Mənim söz dərdimi el-oba dərdi,
Əli, öyünməyin bəlkə hədərdi?
Odun öz yeri var, sözün öz yeri.

1979

 

İnlərəm

Ümmana dönübdür sinəmdə dərdim,
Yenə qəm sazını çalıb inlərəm.
Oğullar itirdim, qurbanlar verdim,
Bulud tək çağlayıb, dolub, inlərəm.

Qana boyanıbdır torpağım, daşım,
Yaman bəlalıymış, bəlalı, başım,
Qəlbimə axıbdır isti göz yaşım,
Dərin xəyallara dalıb, inlərəm.

İlahi, özün de, bu nə sınaqdı,
Nəydi günahımız, qanımız axdı?
Yağının istəyi, əhdi nahaqdı,
Bu gerçəyi hayqırıb da, inlərəm.

Üz alıb dığalar Qarabağımda,
Min qarğa, quzğun var Qarabağımda,
Susur mərd oğullar Qarabağımda?
Kədərdən, qüssədən solub, inlərəm.

Xoş günlər, zəfərlər gələcək yəqin,
Bədxahlar, namərdlər öləcək yəqin,
Xalqım fərəhlənib güləcək yəqin,
Sabaha bir nəzər salıb, inlərəm.

Mart 1992

 

Gülmədi-gülmədi

 

Tarix olan doxsan üçdə,
Açıb-solan doxsan üçdə,
Qılınc çalan doxsan üçdə
Üzüm gülmədi-gülmədi.

Susdu neçə mərd soydaşım,
Açılmadı dərddən başım,
Qan ağladı dağım, daşım,
Düzüm gülmədi-gülmədi.

Niyə süqut etdi Şuşam?
Qəlbimi inlətdi Şuşam,
Dərd çəkməkdən yorulmuşam,
Gözüm gülmədi-gülmədi.

Ərənlərdin vaxtsız ölən,
Torpağını Məkkə bilən,
Əllərimlə dilə gələn
Sazım gülmədi-gülmədi.

Ələsgərdir dərdli yatan,
Yox dadına gedib çatan,
Göyçəmizdə itib-atan
İzim gülmədi-gülmədi.

Şəhidlər verdi torpağım,
Vaxtsız soldu bağça-bağım,
Kömək umur dərəm, dağım,
Yazım gülmədi-gülmədi.

Allah, qoru bu milləti,
Kimlər etdi xəyanəti?
Məğlubiyyət – müvəqqəti –
Sözüm gülmədi-gülmədi.

1 yanvar 1994

 

Şeyx Nizami

 

İlk beşiyin Azərbaycan,
Hər nəğmənlə sökülür dan,
Yüz illərin arxasından,
Səsin gəlir, Şeyx Nizami!

Qüvvət aldın doğma yerdən,
Xəbərdardın hər bir sirdən,
«Xəmsə»n sevən ürəklərdən
Dərdi silir, Şeyx Nizami!

Eldə gəzir «Yeddi gözəl»,
Dildə gəzir «Yeddi gözəl»,
Əldə gəzir «Yeddi gözəl»,
Üzlər gülür, Şeyx Nizami!

Müdrik, ulu-şair babam,
Qəlbi dolu-şair babam,
Odlar oğlu – şair babam,
Dünya bilir, Şeyx Nizami!

Sirdir «Sirlər xəzinəsi»,
Yaşar dürlər xəzinəsi,
Göylər, yerlər xəzinəsi,
Hey sevilir, Şeyx Nizami!

29 iyul 1999

 

Yunus İmrə

 

«Ömrüm, məni sən aldatdın» –
Deyib şeirə ha can atdın,
Sözlə dünyanı oyatdın,
Hey ucaldın, Yunus İmrə.

Nəğmə idi eşqin, canın,
Vuran qəlbin, din-imanın,
Şairisən bu cahanın
Qələm çaldın, Yunus İmrə.

Sözdə qatdın balı yağa,
Vurğun idin sən torpağa,
Sevən qəlbin döndü dağa,
Yaşa doldun, Yunus İmrə.

Türk elinin sənətkarı,
Vəsf elədin o diyarı,
Öz xalqının iftixarı,
Ustad oldun, Yunus İmrə.

Əli Vəkil, götür sazı,
Havalansın İmrə sözü,
Şeirindədir Haqqın özü,
Bir mahaldın, Yunus İmrə.

30 iyul 1999

 

Yaşar qardaşım

Əziz qardaşım, yaxın qohumum,
gözəl insan, yaxşı yoldaş, mehrian dost
Yaşar Əliyevin 65 yaşı tamam oldu.

Qəlbimdə xoş hisslər, əlimdə qələm,
Eşitsin səsimi qoy bütün aləm.
Gəlmişəm məclisə şadlanam, güləm,
Ad günün mübarək, Yaşar qardaşım!

Özün cavan-əzən, yaşın altmış beş,
Bu ömrü bizlərə Tanrı bəxş etmiş,
Başı uca edir hər şərəfli iş,
Uğur, zəfər görək, Yaşar qardaşım!

Göyçə mənim idi, İrəvan sənin,
Oğuz yadigarı ir məkan sənin,
Bir də olacaqdır bəs haçan sənin?
Biz əl-ələ verək, Yaşar qardaşım!

Sınmadın önündə bədxahın, yadın,
Həmişə hörmətlə çəkilir adın,
Vətənə layiqşdir hər bir övladın,
Öndədir gələcək, Yaşar qardaşım!

Sən ki, hər sim üstə çalmadın, a dost,
Gah zildə, gah pəsdə çalmadın, a dost,
Heç kəsdən geridə qalmadın, a dost,
Belə ömür sürək, Yaşar qardaşım!

Ülvi arzuların, öz qürurun var,
Millətin gərəyi müdrik Nurun var,
Ümidlər bəsləyir ona bu diyar,
Zaman göstərəcək, Yaşar qardaşım!

Öndə xeyir işlər, öndə məclislər,
Oynayaq toylarda qəlbdə xoş hisslər,
Müjdə gətirəcək gör neçə səhər,
Gəlinlər gələcək, Yaşar qardaşım!

Əli Vəkil, qardaş sayır özünə,
Ağsaqqalsan, el möhtacdır sözünə,
Qoy indidən hazırlaşaq yüzünə –
Əllərdə gül-çiçək, Yaşar qardaşım!

31 oktyabr 2002

 

Sənin

 

Qələm dostum Nəriman Həsənzadənin 70 illiyinə

Dünən salam verdin ədəiyyata,
Sevənlər gözlədi sözünü sənin.
Yeni nəğmələrin gəldi həyata,
Tarix yaşadacaq izini sənin.

Vurğunan elinə, şair Nəriman,
Damarda qanındır şeir, Nəriman,
Adına alqışlar deyir, Nəriman –
Vətən çəkməlidir nazını sənin.

Oldun nəğməkarı Azəraycanın,
Odur bu dünyada ürəyin, canın,
Əbədi şöhrətin, əbədi şanın,
Şöhrət qamaşdırmaz gözünü sənin.

Sevirlər Nəriman Həsənzadıni,
Dinləyin siz bir az Həsənzadəni,
Çox sıxıb bu dövran Həsənzadəni,
Gülər görməyirik üzünü sənin.

Yetmiş il nədir ki, öndə zirvə var,
Sənə oğul deyir bu qədim diyar,
Nə olsun ki, saçlarına yağıb qar,
Bir gün qeyd edərik yüzünü sənin.

Ünvanla nəğməni, sözü yetmişə,
Yarı yaş deyirəm düzü yetmişə,
Mən də yol gəlirəm üzü yetmişə,
Heç kəs çala bilməz sazını sənin.

Yurdu qarış-qarış bir də dolan, gəz,
Doğma Qarabağsız ürəyin gülməz,
Güclü tufanlar da söndürə bilməz,
Qəlbinin odunu, közünü sənin.

Beləcə yaz, yarat, yaşa, a qardaş,
Vur ömrü şərəflə başa, a qardaş,
Yelkənin dəyməsinə daşa, a qardaş,
Büdrəyən görməyək dizini sənin.

28 noyabr 2001

 

Görkəmli təbib

 

«Neftçilər» xəstəxanasının baş həkimi, ti elmləri namizədi Fəxrəddin Cavadova ithaf

Sağlamlığın keşiyində dayanır,
Fəxrəddin Cavadov – görkəmli təbib.
Hər işdə, həmişə Allahı anır,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Üzü gülər, həm də alicənabdı,
Arzunu, istəyi sənətdə tapdı,
Şöhrəti, hər şeyi sənətdə tapdı,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Xəstəliyi baxışlardan oxuyur,
Ürəklərdən keçənləri tez duyur,
Öz adını, şərəfini qoruyur,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Ağıllı loğmandı, müdrik baş həkim,
Dərdi duyan, xəstəyə sirdaş həkim,
İnsana məhəbbət qəlbinə hakim,
Fəxrəddin Cavadov – görkəmli təbib.

«Neftçilər» adlanır o xəstəxana,
Xeyirxahdı, burda hörmət var ona,
Ürək-dirək verir neçə insana,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Nə yaxşı onunla tanış oldu mən,
Səliqə-səhmana heyran qaldım mən,
Bir cərrah kəşf etdim, bir dost buldum mən,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Vətən ona oğul deyib, nə dərdi,
Vətən varsa hər şey, hər şey hədərdi,
Qarabağsız qəlbə hakim kədərdi,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Xeyirxah atadır, müdrik babadır,
Qəlbində yurd salan bu el-obadır,
Sənət eşqi çox şirindir, bal dadır,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Xəstəxana möcüzədir, möcüzə,
Möcüzəni bəxş eləyib o bizə,
Hər şey göz oxşayır, hər nə var təzə,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Bu təmirdi? Yox, yenidən qurulub,
Memarı, ustası baş həkim olub,
Neçə adam şəfa tapıb, sağalıb,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Sadiq qalıb o, Hippokrat andına,
İnsanlıq andına, həyat andına,
Qüvvət verir, ilham verir and ona,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Neçə il əyləşib yüksək kürsüdə,
Ən ağıllı bir rəhbərtək kürsüdə,
Amanatdı vəzifə də, kürsü də,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Sayılan səhiyyə xadimi idi,
Nazirin birinci müaviniydi,
El onun, o elin qədrini bildi,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Vətənə gərəkdir elə oğullar,
Kömək olsun doğma elə oğullar,
Şöhrətlənsin, düşsüş dilə oğullar,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Rəngli şəkil – Öndərimiz Heydərdi,
Ümummilli Liderimiz Heydərdi,
Baş həkim də çəkib, çəkir hey dərdi,
Fəxrəddin Cavadov – görkəmli təbib.

İlham Heydər oğlu qonaq oludur,
Görülən işlərdən razı qalıbdır,
Şəfa ocağından o, həzz alıbdır,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Mayın onu Öndərin ad günündə,
Gənc Lider İlhamı xalq gördü öndə,
Fərəhlə yad etdim o günü mən də,
Fəxrəddin Cavadov – görkəmli təbib.

Şəfalıdır baxışları, əlləri,
Təbabətdə öz hörməti, öz yeri,
Əli Vəkil həqiqətin əsiri,
Fəxrəddin Cavadov – görkəmli təbib.

3 aprel 2004

 

 

Mənalı ömür

 

Bakı şəhərindəki 7 saylı doğum evinin bacarıqlı həkimi Çimnaz Məmmədovaya ithaf

Qəlbimin hökmüylə qələm aldım mən,
Söz üstündə xəyallara daldım mən,
Mənalı ömrünə nəzər saldım mən,
Millətə gərəksən, ay Çimnaz həkim!

Sadiq qalıb Hippokrat andına,
Övlad verdin bir gör neçə qadına,
Xoş sözlər, alqışlar sənin adına,
Millətə gərəksən, ay Çimnaz həkim!

Sən sənət vurğunu, loğmansan, loğman,
Xidmətinlə çıxmısan çox sınaqdan,
Allaha üz tutdun, Allaha hər an,
Millətə gərəksən, ay Çimnaz həkim!

Min ümidlə qəbuluna gələn var,
Övlad həsrətiylə dinir qadınlar,
Bu işdə İlahi olur sənə yar,
Millətə gərəksən, ay Çimnaz həkim!

Yüzlərlədir kömək, imdad diləyən,
Bəhrə verib müalisən, tövsiyən,
Var əlindən öpən, sənə baş əyən,
Millətə gərəksən, ay Çimnaz həkim!

Ananı duyursan, anasan axı,
Nənəni duyursan, nənəsən axı,
Əldə bısaq çağırırsan Allahı,
Millətə gərəksən, ay Çimnaz həkim!

Üç nəvəmə xeyir-dua vermisən,
Hissə, həyəcana sinə gərmisən,
Hər körpəni sən qışqıran görmüsən,
Millətə gərəksən, ay Çimnaz həkim!

Sonsuzluqla mübarizə edirsən,
Tanrım, deyib Haqq yoluyla gedirsən,
Övlad tapan neçə ana olub şən,
Millətə gərəksən, ay Çimnaz həkim!

Hörmətin, adın var doğum evində,
Çətin əməliyyatlar doğum evipndə,
Körpələr göz açır doğum evində,
Millətə gərəksən, ay Çimnaz həkim!

Sən cərrah-həkimsən gör neçə ildir,
Qəlblərə hakimsən gör neçə ildir,
Hamı deyir əhsən, gör neçə ildir,
Millətə gərəksən, ay Çimnaz həkim!

Hər gün başlayanda əməliyyata,
Sən zamin durursan iki həyata,
Sevinir gənc ana, minnətdar ata,
Millətə gərəksən, ay Çimnaz həkim!

Şəfalı, sehrli əllərinlə sən,
Gör neçə insanı xilas etmisən,
Sənə ünvanlanıb təşəkkür, əhsən,
Millətə gərəksən, ay Çimnaz həkim!

Mükafatın – bala, ana gülüşü,
Dünyada bol ola ana gülüşü,
Bəxş edirsən bu cahana gülüşü,
Millətə gərəksən, ay Çimnaz həkim!
Ağ donlu mələksən, ay Çimnaz həkim!

12 avqust 2004

 

Əhsən!

 

Afinada keçirilən 28-ci yay olimpiya oyunlarında,
yunan-Roma güləşində qızıl medala layiq görülmüş
Azərbaycan əsgəri Fərid Mansurova ithaf

Mətinlik yarışı, güc yarışında,
Qələbən mübarək, Fərid Mansurov.
Qalacaq ellərin qan yaddaşında,
Qələbən mübarək, Fərid Mansurov.

Yaydı şad xəbəri telekanallar,
Şəhr etdi zəfəri telekanallar,
Gözün aydın olsun, a doğma diyar,
Qələbən mübarək, Fərid Mansurov.

Azərbaycan ordusunun əsgəri,
Tutdun o yarışda birinci yeri,
Çalmalısan Qarabağda zəfəri,
Qələbən mübarək, Fərid Mansurov.

Ən yüksək pilləsi – fəxri küosünün,
Sevinci yer tapıb qəlbdə o günün,
Fərəhlənib, öyünməyək nə üçün?
Qələbən mübarək, Fərid Mansurov.

Dövlət Himnim heyran etdi dünyanı,
Yaddaşıma həkk elədim o anı,
Ucalan bayrağım ölkənin şanı,
Qələbən mübarək, Fərid Mansurov.

Doğmaların Borçalıda şad oldu,
Medalın onlara qol-qanad oldu,
Bu xəbərdən kədərlənən yad oldu,
Qələbən mübarək, Fərid Mansurov.

O sən, bu mən, bu da meydan, deyiblər,
Buyur, güləş, çıx sınaqdan, deyiblər,
Qalib gələr ər pəhləvan, deyiblər,
Qələbən mübarək, Fərid Mansurov.

Bu güləşdi, pul da, var da mənasız,
Şan-şöhrət də, havadar da mənasız,
Təbrik edin, əhsən, deyin ona siz,
Qələbən mübarək, Fərid Mansurov.

Azərbaycan basacaqdır bağrına,
Gözün aydın, oğul doğan mərd ana,
Qalib gəldi orda mərdi-mərdana,
Qələbən mübarək, Fərid Mansurov.

Əlli milyon soydaşımız sevindi,
Dostlarımız, sirdaşımız sevindi,
Odlar yurdu – dağ-daşımız sevindi,
Qələbən mübarək, Fərid Mansurov.

Əli Vəkil, təbrik elə onu sən,
Alqışla Vətənin mərd oğlunu sən,
Qələm alıb yazmalıydın bunu sən,
Qələbən mübarək, Fərid Mansurov.

25 avqust 2004

 

Uça bilmədim

Xəyalın dalınca gəzdim, dolaşdım,
Neyləyim, quş olub uça bilmədim.
Tilsimli qapılar görəndə çaşdım,
«Sim-sim» deyib niyə aça bilmədim?

Yollar hamar oldu, sıldırım oldu,
Dizlərim qanadı, gözlərim doldu,
Güldən çələng hördüm, əlimdə soldu,
İnsanlıq səddini keçə bilmədim.

Heyif, uşaqlığım düşdü odlara,
Qanlı döyüş hara, xoşbəxtlik hara?
Qəmli ürəklərdə çal-çarpaz yara,
Fərəh xəyal oldu, quca bilmədim.

Ən dəhşətli müharibə gedirdi,
Atamı apardı, yetimlik verdi,
Bir-birini insanlar məhv edirdi,
Onda dünyadan baş aça bilmədim.

Dərd bol idi, uşaq qəlbim yaraydı,
Mənim üçün bəxtin üzü qaraydı,
Qızıl ordu kaş hədəfi vuraydı,
Alın yazısından qaça bilmədim.

Əlim qələm, dilim söz tutan andan,
Umacağım çox olmadı dövrandan,
Sadiq qaldım öz əhdimə hər zaman,
Xəyanət yolunu seçə bilmədim.

Tərənnüm elədim saf məhəbbəti,
Duydum saxta eşqi, təmiz niyyəti,
Yolum doğru oldu, sözlərim qəti,
Səadət şərbəti içə bilmədim.

Olmadı sərvətim, şöhrətim, şanım,
Odlar diyarıdır dinim, imanım,
Doğma Vətənimə qurbandır canım,
Yoluna gur işıq saça bilmədim.

Əli Vəkil sarban olub sözlərə,
Nəğmələri nur paylasın gözlərə,
İlham versin qoy ürəyi düzlərə,
Alaq otlarını biçə bilmədim.

15 avqust 2002

 

Ömür sirdi…

Başımıza nə gələcək,
Kim ağlayıb, kim güləcək,
Dərdi qəlbdən kim siləcək?
Ömür – sirdi, müəmmadı.

Harda toydu, harda yasdı?
Tanrıya kim qulaq asdı?
Yediyini kimlər qusdu?
Ömür – sirdi, müəmmadı.

Göyün yerə borcu vardır,
Borcluya gen dünya dardır,
Aqil olmaq iftixardır,
Ömür – sirdi, müəmmadı.

Möcüzə çox, sual çoxdu,
Beşi acdı, biri toxdu,
Dərd çəkməyin xeyri yoxdu,
Ömür – sirdi, müəmmadı.

Əli Vəkil – budur adım,
Fitri deyil istedadım,
Münəccim ki, doğulmadım,
Ömür – sirdi, müəmmadı.

1 avqust 2002

 

Biz

 

(Azərbaycan əsgərinin dilindən)

Şuşasız, Laçınsız, Kəlbəcərsizəm,
İstərəm Ağdamı dolaşam, gəzəm,
Çətin bu həsrətə tablaşam, dözəm,
Azad etməliyik torpaqları biz!

Dəlidağ kədərdən dəli olubdur,
Cəbrayılın gül-çiçəyi soludur,
Səbrimin kasası daha dolubdur,
Azad etməliyik torpaqları biz!

Fəzuli, Zəngilar, bir də Qubadlı,
Dözəmmir həsrətə, dərdə Qubadlı,
Güvən cəsurlara, mərdə Qubadlı,
Azad etməliyik torpaqları biz!

Darıxmasın cənnət Qarabağım da,
Qayıdacaq xoş günüm, xoş çağım da,
Toy-düyün olacaq hər bucağımda,
Azad etməliyik torpaqları biz!

Bəsdir ömür sürdük çöldə, çadırda,
Çovğunla, yağışla, seldə, çadırda,
İlahi, yaşarmış el də çadırda?
Azad etməliyik torpaqları biz!

15 may 2002

 

Yerində

Bir gün mən də gedəcəyəm,
Dünyanı tərk edəcəyəm,
Ömür oyuncaqdı bəyəm?
Hər söz deyilsin yerində.

Bu cahana gələn insan,
Çox sirləri bilən insan,
Gah ağlayan, gülən insan,
Köçər günlərin birində.

Müqəddəsdi hər bir ana,
Övlad gətirər cahana,
Su gəlmirsə dəyirmana –
Günahı yoxdur pərin də.

Bahara söz de, yazda sən,
Əalış donma ayazda sən,
Heç vaxt üzmə dayazda sən –
Gövhəri axtar dərində.

Hər ürəyin öz yarası,
Kaş sağala tez yarası,
Yaman olur sö yarası,
Meydanı var şərin də.

Əli Vəkil, nəğməni an,
Qismətindi təmiz vicdan,
Yaddaşda qal hər bir zaman,
Oldun qonağı Pirin də.

30 iyul 2002
Rusiya, İvanovo şəhəri

 

Hər kəsin

Dünyaya gələndən bəşər övladı,
Öz taleyi, öz qisməti hər kəsin.
Dəyərli kapital-insandır axı,
Öz taleyi, öz qisməti hər kəsin.

Bu dünyada söz düşübdür bəztimə,
Atəş düşüb, köz düşübdür bəxtimə,
Göyçəliyəm, saz düşübdür bəxtimə,
Öz taleyi, öz qisməti hər kəsin.

Vardır mənim ülvi arzum, diləyim,
Həqiqətdi, məhəbbətdi gərəyim,
Dürlü sözün beşiyidir ürəyim,
Öz taleyi, öz qisməti hər kəsin.

Kədərlənib, gileylənmə baxtından,
Məqam çatır şah da enir taxtından,
Dünyanın hakimi zamandır, zaman,
Öz taleyi, öz qisməti hər kəsin.

Əli Vəkil, öz ad-sanın sənin də,
Öz Vətənin, öz məkanın sənin də,
Ləkəsizdi pak vicdanın sənin də,
Öz taleyi, öz qisməti hər kəsin.

20 iyun 2001

 

«Qara Yanvar» olmasaydı

Faciələr baş verməzdi,
«Qara Yanvar» olmasaydı.
Dərd yurdumu bürüməzdi,
«Qara Yanvar» olmasaydı.

Xalqa tutulmazdı divan,
Yaralardan axmazdı qan,
Susmazdı günahsız insan,
«Qara Yanvar» olmasaydı.

Zəhər içməzdi Fərizə,
Candan keçməzdi Fərizə,
Nakam köçməzdi Fərizə,
«Qara Yanvar» olmasaydı.

Öyünərdi İlham ata,
Vurulardı bu həyata,
Bağlanardı kainata,
«Qara Yanvar» olmasaydı.

Ülvi yeni söz anardı,
Şeiri müqəddəs sanardı,
Nə bu dastan yanarardı –
«Qara Yanvar» olmasaydı.

Qərənfillər ağlamazdı,
Ürəkləri dağlamazdı,
Ana qara bağlamazdı,
«Qara Yanvar» olmasaydı.

Balalar qalmazdı yetim,
Olmaz idi ölüm-itim,
Yasa batmazdı millətim,
«Qara Yanvar» olmasaydı.

30 may 2004

 

Ay Həsən Mirzə

 

Elin ağsaqqalı, Dərələyəzin ləyaqətli oğlu,
görkəmli alim, gözəl şair, millət vəkili Həsən Mirzəyə cavab

Göyçə dərdi ürəyimdə dağ olub,
Qüssə-kədər kürəyimdə dağ olub,
Şuşaya getmək də bax, yasaq olub,
Vallah üzülür can, ay Həsən Mirzə.

Od-ocaq itkisi ağır olarmış,
Qərib insan mağmın, fağır olarmış,
Dil də yurd deməkdən yağır olarmış,
Bizik eli talan, ay Həsən Mirzə.

Hərənin öz dərdi özünə bəsdi,
Ağlayıb ah çəkmək məncə əbəsdi,
Azğın yaraqlılar yolları kəçdi,
Çıxarmı heç yaddan, ay Həsən Mirzə.

Dərdinin şəriki nə qədər desən,
Ürəkdi sızlayan, ürəkdi əsən,
Bilmirsən nə yaza, nə söyləyəsən?
Ağıl kəsmir inan, ay Həsən Mirzə.

Səsinə səs verən Zəlimxan dindi,
Sözdən çələng hörən Zəlimxan dindi,
Dərdə sinə gərən Zəlimxan dindi,
Sazda etdi üsyan, ay Həsən Mirzə.

Dərdə qərq olubdu Səadət Buta,
Bulud tək dolubdu Səadət Buta,
Saralıb, solubdu Səadət Buta,
Qəmdi ona mehman, ay Həsən Mirzə.

Bəhmən Vətənoğlu Kəlbəcərsizdi,
Bağlanıbdı yolu – Kəlbəcərsizdi,
Qəlbi sözlə dolu – Kəlbəcərsizdi,
Yar olsun Yaradan, ay Həsən Mirzə.

Dönüb dərddaş oldu Fəridə Ləman,
Sözləri kövrəltdi səni nə yaman,
Niyə dərdinizə tapılmır dərman?
Düşməndə yox iman, ay Həsən Mirzə.

Əli Qurban – deyiləsi sözü var,
Alim, şair Həsən, deyə səs salar,
Əlləriylə yazılıbdır dastanlar,
Dərdimiz də dastan, ay Həsən Mirzə.

Vətənsiz qoymasın Allah heç kəsi,
Xəyaldı Eldarın ulu Göyçəsi,
Göylərdə durnaya yetişir səsi,
Xəbər yox yurdundan, ay Həsən Mirzə.

Dərdin nə ölçüsü, nə meyarı var,
Ürəkləri ha yandırır, hə yaxar,
İnsanları dərd sarsıdar, dərd yıxar,
Dözümlü ol, dayan, ay Həsən Mirzə.

Minayə Azaflı sözün vurğunu,
Gülarə Azaflı sazın vurğunu,
Dilarə Azaflı yazın vurğunu,
Çoxdur səni anan, ay Həsən Mirzə.

Kəlbəcər itirib Şamil Dəlidağ,
Yad gəzsə də, unudarmı eli dağ?
Bəs Ədalət dərdə dözsün nə sayaq?
Donur damarda qan, ay Həsən Mirzə.

Narınc Xatun, Aşıq Mehdi, Alqayıt,
Unutmur Göyçəyə əhdi Alqayıt,
Mahal getdi, nələr çəkdi Alqayıt?
Buna dözməz insan, ay Həsən Mirzə.

Sözüylə ağlayır Cığatel indi,
Haradadı qaçqın düşən el indi?
Yada qalan o torpaqlar elindi –
Alınsın yadlardan, ay Həsən Mirzə.

Aftandil Ağbaba, Əvəz Lələdağ,
İtib doğma oba, Əvəz Lələdağ,
Gərək deyək: – harda qaldı lələ, dağ?
Bunu bilsin cahan, ay Həsən Mirzə.

Zəki İslam, Əli Əkbər, İbrahim,
Bu dərdlərə gəl sinə gər, İbrahim,
Qisas qalır göstər hünər, İbrahim,
Susmur Qüdrət Bilmağ, ay Həsən Mirzə.

Firuzə Məmmədli, bir də Mərziyə,
Səs verməyək biz Ballıya bəs niyə?
Doğma torpaqları qaytaraq deyə –
Gərək keçək candan, ay Həsən Mirzə.

Aşıq Ulduz töhfə etdi sözləri,
Yaşarıbdır Mənsurənin gözləri,
Salman Qazi, Şəkil andı bizləri,
Olsun sənə təyan, ay Həsən Mirzə.

Eldar Sadıq, Əli Qəmli, Həqiqət,
Sərdar Zeynal, gözü nəmli Həqiqət,
Gün gələcək, sevinəcək el, əlbət,
Belə dedi Rəhman, ay Həsən Mirzə.

Əli Vəkil, qəlbdən sevir torpağı,
Hər bələni, hər təpəni, hər dağı,
Söz də silah, söz də elin yarağı,
Qələbə, zəfər, an, ay Həsən Mirzə.

24 noyabr 2002

 

Dərdimi

 

Görkəmli alim, şair, el ağsaqqalı, millət vəkili, qələm dostum
Həsən Mirzənin «Dərdim» şeirinə cavab

Yəqin xəbərin var, ay Həsən Mirzə,
Bir kimsə bölməyir hələ dərdimi.
Səsimiz yayılsın Kürreyi – Ərzə,
Pay verirəm ildən ilə dərdimi.

Yrx dağlar gözəli Göyçə gölü tək,
Varmı şöhrətli el, Göyçə eli tək,
Hanı saz havası «Göyçəgülü» tək,
Söylədim mizraba, telə dərdimi.

«Adım Ələsgərdi, Göyçə mahalım»,
Yadıma salıram dəyişir halım,
Təkdi Qızılvənddə, tək, Aşıq Alım,
Yandırıb, döndərim külə dərdimi.

Aşıq Nəcəf, Aşıq Bəhmən, Ağaşıq,
Sazdı, sözdü mahalıma yaraşıq,
Ələ düşməz bir də gözəl çağ, aşıq,
Ay qağa, xəlbirlə ələ dərdimi.

Sinəmdəki təkcə Göyçə dağımı?
Qaytarın özümə Dəli dağımı,
Alagöllər, Sarıyer yaylağımı,
Görmürəm söyləyim gülə dərdimi.

Kim deyir ki, indii unut, dan, kəndi?
Dal xəyala, gecə-gündü az kəndi,
Qondarma paytaxtdı orda Xankəndi,
Qələbə gərəkdi, silə dərdimi.

Axı, niyə olduq qaçqın, köçəri?
Ev bizimdi, buraxmırlar içəri,
Vardeniz etdilər Basarkeçəri,
Axıdıram gilə-gilə dərdimi.

Dərbənd getdi, Təbriz qaldı o tayda,
Şad olmuram nə şənlikdə, nə toyda,
Heç torpaq da itirərlər bu boyda?
Səpim ümmanlara, çölə dərdimi.

Dözmək olmur Cəbrayılsız, Laçınsız,
Qarabağın yollarını açın siz,
Kim dedi Şuşanı atıb qaçın siz?
Paylayıram hər fəsilə dərdimi.

Tərk eləmək, tez itirmək Ağdamı,
Yad əlində əsir görmək Ağdamı,
Olardımı əldən vermək Ağdamı?
Apararmı desəm selə dərdimi?

Füzulini, Xankəndini itirdik,
Yox, düşməni tanımadıq, üz verdik,
Qubadlını, Zəngilanı biz verdik,
Ala bilməyirəm dilə dərdimi.

Ləkə gəldi cəsurların adına,
Yetəmmədik Qarabağın dadına,
Vallah düşmür bir kimsənin yadına,
Əssin xəzri, verim yelə, dərdimi.

Qağa, danışmaqdan dilimiz qabar,
Olsun silah tutan əlimiz qabar,
Şələmiz qüssə-qəm, belimiz qabar,
Bəlkə Dədə Qorud bölə dərdimi?

Çoxumuz olmuşuq dil qəhrəmanı,
Babəkin, Mehdinin qeyrəti hanı?
Yerdə qalmayacaq şəhidin qanı,
Döndərək nizəyə, milə dərdimi.

Zaman məni sıxır məngənəsində,
Hələ yol gedirəm dumanda, çəndə,
Üz tutdum durnaya burdan keçəndə,
Həsən Mirzə, gəl silkələ dərdimi.

Gərək Qələbəni görəm, ay Allah,
Övladlıq borcumu verəm, ay Allah,
Kərəm eylə, barı kərəm, ay Allah,
Etmişəm qəlbimdə kölə, dərdimi.

Milləti eşitsin Əli Vəkil də,
Biləcək nə etsin Əli Vəkil də,
Gərək öndə getsin Əli Vəkil də,
Daşıyım ümman tək silə dərdimi.

15 dekabr 2002

 

Alicənabsan

 

«Odlar Yurdu» universitetinin rektoru, professor Əhməd Vəliyevə ithaf

Oturduq üz-üzə – qəlbini duydum,
Zilləndi göz-gözə – qəlbini duydum,
Qarışdı söz-sözə – qədbini duydum,
Müdriksən, aqidlsən, alicənabsan.

Kəşf etdim ən ali bir vətəndaşı,
Vətəndaş saymıram hər vətəndaşı,
El sevir ürəkdən ər vətəndaşı,
Müdriksən, aqilsən, alicənabsan.

Nə yaxşı, nə yaxşı tanış olduq biz,
Eynidir arzumuz, istəklərimiz,
Bağlanıbdır yurda gedən cığır, iz,
Müdriksən, aqilsən, alicənabsan.

Xeyirxah ziyalı, ağıllı insan,
Ürəyində xalq sevgisi asiman,
Yapışırsan təntiyənin qolundan,
Müdriksən, aqilsən, alicənabsan.

Sənin söhbətinlə zənginləşidim mən,
Dinləyib doymadım məslhətindən,
Qəbuldan çıxanlar söylədi əhsən,
Müdriksən, aqilsən, alicənabsan.

Heyran qaldım vallah sənin qəlbinə,
Toxunmadın bir kimsənin qəlbinə,
Dil açdı kölümdə duyğular yenə,
Müdriksən, aqilsən, alicənabsan.

Ürəyimdə xoş arzular boy atdı,
Faydalı sözlərin könlümdə yatdı,
Mənəvi aləmin bir kainatdı,
Müdriksən, aqilsən, alicənabsan.

Ağırdı yurd-yuva, torpaq həsrəti,
Kül edir insanı ocaq həsrəti,
Mənim ürəyimdə Çaldağ həsrəti,
Müdriksən, aqilsən, alicənabsan.

Dərdimiz eynidir Əhməd müəllim,
Mahallar itirdik, gödəkdir dilim,
Göyçəsiz mən necə şadlanım, gülüm,
Müdriksən, aqilsən, alicənabsan.

Doğma torpaqları itirib gəldik,
Niyə köksümüzü ötürüb gəldik,
Qəlbdə ümid hissi gətirib gəldik,
Müdriksən, aqilsən, alicənabsan.

Ürəkdə dərd lap daşlaşdı, a qardaş,
Ümman oldu, aşdı-daşdı, a qardaş,
Sorma Əli, nə təlaşdı? – a qardaş,
Müdriksən, aqilsən, alicənabsan.

1 sentyabr 2003

 

Bax

 

Şair dostum Firudin Şimşəyin «Bax» və «Ağlasın» şeirlərinə cavab

Başımıza nələr gəldi, a qardaş,
Üz tut İlahiyə, Şimşək yerə bax.
Qismətimiz ürəkdə dərd, gözdə dərd,
Qəmli axan Araza bax, Kürə bax.

Qarabağda ər meydanı var idi,
Koroğlu tək nər meydanı var idi,
Millətimin adı, sanı var idi,
Əsir düşüb, bir dön Kəlbəcərə bax.

Başçısız el ağır günlər yaşadı,
Müqəddəsdi mahal adı, el adı,
Sönüb ürəklərin atəşi, odu,
Döydü sinəsinə onda hərə, bax.

Nə yaxşı ki, Naxçıvanın yerində,
Odur sənin ocağın da, Pirin də,
Dürr gəzirik dəryalarda, dərində,
Başımızdan aşan dərdi-sərə bax.

Lal olmağın mənası yox, ay qağa,
Haray çəkək, dərdimiz çox, ay qağa,
Yüzümüz ac, beşimiz tox, ay qağa,
Villa tikənlərə, işsizlərə bax.

Əli Vəkil ibrət aldı sözündən,
Baş verənlər yayınmayır gözündən,
Kədərini oxudum mən üzündən,
Cövlan edən böhtana bax, şərə bax.

16 dekabr 2002

 

Ağlasın

 

Şimşək, Aşıq Alı, Dədə Ələsgər,
Qocadağ da, Göyçə göl də ağlasın.
Düşünüb yurdunu hər axşam səhər,
Kəndləri boş qalan el də ağlasın.

Mirzə Bəylər, Bəhmən, Aşıq Ağayar,
Qayıtsın el, tale olsun sizə yar,
Didərgini, qaçqınları kim sayar?
İtmiş mahallara Mil də ağlasın.

Haraylayaq yenə Növrəs İmanı,
Kim axtarsın, kim tapsın bəs İmanı?
Yada salır simlərdə səs İmanı,
Bağçada bülbül də, gül də ağlasın.

Əli Vəkil Göyçəsizdi bilir el,
Ürəyini kədər üzdü, bili el,
Qərib oldu, dərdli gəzdi, bilir el,
Halına çəmən də, çöl də ağlasın.

16 dekabr 2002

 

İbrahim Köçkün

 

Aşıq sənətində, söz dünyasında,
Qoşma zəfər çaldı, İbrahim Köçkün.
Əbədi hakimdi öz dünyasında,
Sevinci, vüsaldı, İbrahim Köçkün.

Koroğlu savaşda oxuyub onu,
Coşub dağda-daşda oxuyub onu,
Aşıq Alı başda oxuyub onu,
Arzudu, xəyaldı, İbrahim Köçkün.

Ozanlar xoşladı hikmət yarandı,
Qoşmalı, təcnisli sənət yarandı,
Aşığa, ustada hörmət yarandı,
Ürək sözlə doldu, İbrahim Köçkün.

Hopubdur varlığa qanda dövr edir,
Simlərlə danışır, canda dövr edir,
Məclislərdə, asimanda dövr edir,
Qəlbdə haray saldı, İbrahim Köçkün.

Göyçə söz vətəni, inci vətəni,
Deyişən aşıqlar kövrəldib məni,
Bəyan etdim ürəyimdən keçəni,
Əli – vəkil oldu İbrahim Köçkün.

12 iyul 2004

 

Qaldırıb zirvəyə…

 

Qaldırıb zirvəyə hərdən birini,
Kefini kök edib güldürdü dünya,
Duyub, dərk etməmiş sezdiklərini
Bir gör neçəsini öldürdü dünya?

Ömür pəncərədir baxıb gedirik,
Göydə ildırımtək çaxıb gedirik,
Arzuya yetməmiş çıxıç gedirik,
Görürsən ömrünü soldurdu dünya.

Qoymur yaşayasan, nakam aparır,
Deyirsən: – Almışam nə kam? – aparır,
And iç ki, vicdanı pakam, aparır,
Atlını atından saldırdı dünya.

Məcnun Leylisinə yetişəmmədi,
Kərəm Əsli dedi, yandı, sönmədi,
Kənardan seyr etdi, amma dinmədi,
Bizə havasını çaldırdı dünya.

Könül heyran olur bağçaya, bağa,
Üç yüz il yaşayır çanaqlı bağa,
Deyirsən ömrümüz qısadır, qağa,
Nə dindi, nə fikir bildirldi dünya.

Sevinc də, kədər də verib insana,
Qaralar bağladı gör neçə ana,
Birini çatdırdı şöhrətə, şana,
Yüzünü taxtından saldırddı dünya.

Əli Vəkil yalan bilməz heç vədə,
Ömrün çoxu qalıb artıq geridə,
Dediyim sözlərə kaş əməl edə,
Bəlkə yıxılanı qaldırdı dünya?

10 iyun 1985

 

Torpaq dərdi…

 

Yaya döndərib qəddimi,
Torpaq dərdi, Vətən dərdi.
Amansızdı xərçəng kimi,
Torpaq dərdi, Vətən dərdi.

Yanır, sönür ürəyimdə,
Daşa dönür ürəyimdə,
Susmur, dinir ürəyimdə,
Torpaq dərdi, Vətən dərdi.

Cücərir qeyrət toxumu,
Yada tuşladım oxumu,
Ərşə çəkibdir yuxumu,
Torpaq dərdi, Vətən dərdi.

Şəhid qəbri düzüm-düzüm,
Qan ağlayır dərəm, düzüm,
Çağlayan kədər dənizim –
Torpaq dərdi, Vətən dərdi.

Düşmənin cəhdi hədərdi,
El səngərə sinə gərdi,
Bütün dərdlərdən betərdi –
Torpaq dərdi, Vətən dərdi.

Aprel 1992

 

Nə mənası var

İlham almırsansa doğma elindən,
Böhtanlar yağırsa zəhər dilindən.
Tutmursansa təntiyənin əlindən,
Belə yaşamağın nə mənası var?

Hərdən bir gözələ vurulursansa,
Çaylartək bulanıb, durulursansa,
Gəzib bəd niyyətlə yorulursansa,
Belə yaşamağın nə mənası var?

Tələ qurursansa gündə birinə,
El nifrət edirsə əməllərinə,
Yadlar utanırsa sənin yerinə,
Belə yaşamağın nə mənası var?

Ülvi məhəbbətə pəl vurursansa,
Zəlitək qan sorur qudurursansa,
Tez-tez türmələrdə oturursansa,
Belə yaşamağın nə mənası var?

Uca tutmursansa ata adını,
Səni saymayırsa evin qadını,
Qəlbdən sevmirsənsə öz övladını,
Belə yaşamağın nə mənası var?

Darda, çətin anda gizlənirsənsə,
Sən lazım olanda gizlənirsənsə,
Vətən çağıranda gizlənirsənsə,
Belə yaşamağın nə mənası var?

Əli Vəkil, bu misralar sənindi,
Beləsini xəbərdar et, sən indi,
Gəl onlardan cavab eşit sən indi –
Belə yaşamağın nə mənası var?

18 iyul 2002

 

 

QOŞMALAR,

         GƏRAYLILAR,

                   TƏCNİSLƏR,

                            MÜXƏMMƏSLƏR

 

 

HAMIYA GƏRƏKDİR
HALAL MƏHƏBBƏT

 

Görmədin  

Səninlə gəldik üz-üzə,
Gülüm, dayandıq göz-gözə,
Yolun təzə, sevdan təzə,
Məni görmədin, görmədin.

Gültək bitdin ürəyimdə,
Şahlıq etdin ürəyimdə,
Niyə itdin ürəyimdə?
Məni görmədin, görmədin.

Axır getdin, get, ay gülüm
Özgə bağda bit, ay gülüm,
Sözümü eşit, ay gülüm,
Məni görmədin, görmədin.

Hey düşünüb, hey anmışam,
Həsrətinlə çox yanmışam,
Vallah, daha usanmışam,
Məni görmədin, görmədin.

Ürəyimdə ümid, inam,
Haqqım yoxdur eşqi danam,
Gəlin gözləyirdi anam,
Məni görmədin, görmədin.

14 oktyabr 1987

 

Yaşat məni

 

Mənim üçün doğulmusan,
Yaşat gülüm, yaşat məni!
Köksüm altdı köz olmusan,
Yaşat gülüm, yaşat məni!

Baxmır gözdə yaşa dünya,
Sirdir başdan-başa dünya,
Qıyır ömrə, yaşa dünya,
Yaşat gülüm, yaşat məni!

Uzaqlaşma, dön ömrümə,
Baş vur, baş vur sən ömrümə,
Qoyma ensin çən ömrümə,
Yaşat gülüm, yaşat məni!

Hər yuxumu yozan sən ol,
Hər nəğməmi yazan sən ol,
Söz dünyamda azan sən ol,
Yaşat gülüm, yaşat məni!

Heç bilmirəm hardan gəldin?
Oddan gəldin, qardan gəldin?
Yoxdan gəldin, varodan gəldin?
Yaşat gülüm, yaşat məni!

Necə dözsün Əli sənsiz?
Vallah olar dəli sənsiz,
Söz də tutmaz dili sənsiz,
Yaşat gülüm, yaşat məni!

May 1990

 

Mənim ol

Məhəbbətdə payım sənsən,
İlk baharım, yayım sənsən,
Al günəşim, ayım sənsən,
Bil, gözəlim, bil mənim ol.

Həzin nəğməm, şirin sözüm,
İlqarımız vardır bizim,
Qalmayıbdır daha dözüm,
Gəl, gözəlim, gəl mənim ol!

Axı necə dözüm sənsiz?
Qann-yaş tökür gözüm sənsiz,
Vallah gülmür üzüm sənsiz,
Gül, gözəlim, gül mənim ol!

Dedim nəğmə yazım yenə,
Ətir saçsın yazım yenə,
Sənsiz susub sazım yenə,
Çal, gözəlim, çal mənm ol!

Al könlümü, al, gecikmə,
Çal könlümü, çal, gecikmə,
Gəl yanımda qal, gecikmə,
Qal, gözəlim, qal, mənim ol!

20 aprel 1991

 

Dəymədüşər

Dəymədüşər olma belə,
İncidirsən billə-bilə,
Sevən qəlbim gəldi dilə –
Ananın şıltaq balası,
Oldun başımın bəlası.

Yaş üstünə gəldi bir yaş,
Ürəyimdə sevgi, təlaş,
Gəzidirsən sinəndə daş?
Ananın şıltaq balası,
Oldun başımın bəlası.

Çoxdan düşüb gözüm sənə,
Kar etməyir sözüm sənə,
Bəlkə məktub yazım sənə?
Ananın şıltaq balası,
Oldun başımın bəlası.

Sevgi bəzək yerə, göyə,
Doğulmusan sevilməyə,
Ərköyunsən axı niyə?
Ananın şıltaq balası,
Oldun başımın bəlası.

Sirrim sənə olsun əyan,
Məhəbbətin oduna yan,
Sözlərimi dinlə, oyan,
Ananın şıltaq balası,
Oldun başımın bəlası.

İnsaf, mürvət yoxdu səndə,
Dolanırsan niyə gendə?
Bir nişan, bir toy var öndə,
Ananın şıltaq balası,
Oldun başımın bəlası!

10 iyun 1998

 

Bağışla məni

 

Səfərə çıxmışdım, yubandım yenə,
Bağışla, əzizim, bağışla məni.
Sevdalı anları hey andım yenə,
Bağışla, əzizim, bağışla məni.

Bilirəm ki, çox baxırsan yollara,
Günahın yox, həsrət hara, sən hara?
Ürəkdə intizar, gözdə çən hara?
Bağışla, əzizim, bağışla məni.

Xəyalımdan çıxmamısan bir an da,
Sən olsuman məni hər vaxt anan da,
İlk eşqinin soltanı san, cahanda,
Bağışla, əzizim, bağışla məni.

Qəlb sirdaşım, bələdçim sən olmusan,
Mənimlə bir kədərli, şən olmusan,
Kim deyir ki, sən məndən gen olmusan?
Bağışla, əzizim, bağışla məni.

Gəldim, evimizdə toy-bayram oldu,
Sevən ürəyimiz sevinclə doldu,
Hicran da, həsrət də, qəm də qovuldu,
Bağışla, əzizim, bağışla məni.

15 mart 2000

 

Daşqəlblisən

Gecə-gündüz çəkirəm ah,
Gülüm, məndə yoxdur günah,
Ahım tutar səni vallah,
Niyə belə daşqəlblisən?

Əhdinə düz çıxmayırsan,
Heç üzümə baxmayırsan,
Yoxsa məni yad sayırsan?
Niyə belə daşqəlblisən?

Eşqin ilə mən varlıyam,
Qeyrətliyəm, vüqarlıyam,
Hamıdan etibarlıyam,
Niyə belə daşqəlblisən?

Heç kimsəyə bənzəmərəm,
Mən yaxşıya pis demərəm,
Kaş üzünü hər gün görəm,
Niyə belə daşqəlblisən?

Sevənin sirr dünyası var,
Məhəbbət, pir dünyası var,
Bir qəlbin bir dünyası var,
Niyə belə daşqəlblisən?

Könlündə kin varsa unut,
Hərdən olma dolmuş bulud,
Gəl Əlinin əlindən tut,
Niyə belə daşqəlblisən?

12 aprel 2000

 

Sənsiz anlarım

 

İlhamı susdurar, qəlbimi üzər,
Nəğmə də, gülüş də hədərdir, hədər,
Qəlbimi üzəcək, axı, nə qədər,
Sevgisiz anlarım, sənsiz anlarım?

Kimə deyim ürəyimin sözünü?
Gülər görüm, gülüm hər an üzünü,
Yorur məni, eşit deyim düzünü –
Sevgisiz anlarım, sənsiz anlarım?

Qəm-kədər badəsi içir ömrümdən,
Qırmızı xətt kimi keçir ömrümdən,
Səni axtarmağa qaçır ömrümdən –
Sevgisiz anlarım, sənsiz anlarım?

16 aprel 2000

 

Sənsiz

 

Hələlik, söyləyib, ayrılan gündən,
Sığınıb dünyama tək qalan gündən,
Həsrətin qəlbimdə köz olan gündən,
Ətrini havadan alıram sənsiz.

Dözməkdən savayı nədir əlacım,
Eşqinlə bağlıdır hər ağrım, acım,
Ol könül soltanım, ol şöhrət tacım,
Tənhayam, xəyala dalıram sənsiz.

Gecələr fikirlər yorur qəlbimi,
Bükürəm boynumu br uşaq kimi,
Bu qədər həsrəti, bu qədər qəmi,
Könül rübabımda çalıram sənsiz.

Yaman insafsızdı həsrət, intizar,
Tükənən deyildir möhnət, intizar,
De, niyə vermirlər möhnət, intizar?
Beləcə saralıb, soluram sənsiz.

Bəlkə heç yadına düşməyirəm mən?
Oda yandığımı hardan biləsən?
Niskili ürəkdən necə siləsən?
Əksinlə baş-başa qalıram sənsiz.

Bircə an getmirsən vallah gözümdən,
Oxu ürəyimi, anla sözümdən,
Yazammıram sənə layiq sözü mən,
Meylimi nəğməyə salıram sənsiz.

Əli Vəkil dərdə sinə gərəndir,
Gözəlliyə, sözə qiymət verəndir,
Nəğmələrlə, yarla ömür sürəndir,
Ümidlə, inamla qalıram sənsiz.

14 may 2000

 

Küsmə məndən

Yol çəkir gözüm, hardasan?
Qalmayıb dözüm, hardasan?
Gülməyir üzüm, hardasan?
Barı küsmə, küsmə məndən.

Ümidimi qırdın, gülüm,
Məni yaddan sordun, gülüm,
Ürəyimi yordun, gülüm,
Barı küsmə, küsmə məndən.

Söz verib niyə unutdun?
Baxmadın göyə, unutdun,
Kasıbam deyə, unutdun?
Barı küsmə, küsmə məndən.

Gözləməyir illər bizi,
Haraylayır çöllər bizi,
Qınayacaq ellər bizi,
Barı küsmə, küsmə məndən.

Görən nədir qismətimiz?
Var həyamız, ismətimiz,
İtirməyək qisməti biz,
Barı küsmə, küsmə məndən.

Təmiz sevgi var-dövlətdir,
Xoşbəxtlikdir, səadətdir,
Könlüm susmur, nə hikmətdir?
Barı küsmə, küsmə məndən.

Əli Vəkil yarı gözlər,
Sevimli dildarı gözlər,
Bülbül ilk baharı gözlər,
Barı küsmə, küsmə məndən.

20 may 2000

 

Barı gəl çıx…

 

Ümid ilə gözləyirəm,
Baxıb gülə, gözləyirəm,
Dönüb külə gözləyirəm,
Bapı gəl çıx, ay gözəlim.

Səni tutar ahım mənim,
De, nədir günahım mənim?
Ümidim, pənahım mənim,
Bapı gəl çıx, ay gözəlim.

Eşqə sadiq yarım sənsən,
Yarım özüm, yarım sənsən,
İki gözüm, varım sənsən,
Bapı gəl çıx, ay gözəlim.

Unutma ki, yar gözləyir,
Sənə sözü var, gözləyir,
Qoy olmasın xar, gözləyir,
Bapı gəl çıx, ay gözəlim.

Həsrətin qul etdi məni,
Yandırıb kül etdi məni,
Öldürüb-diriltdi məni,
Bapı gəl çıx, ay gözəlim.

20 mart 2000

 

Sən Allah

Bu beş günlük gəldi-gedər dünyada,
Sevmirsənsə, hər şey hədər dünyada.
Məhəbbətə gəl sinə gər dünyada,
Məndən uzaq gəzmə, gülüm, sən Allah!

Camalından doymaq olmur, ay gözəl,
Saf məhəbbət heç vaxt solmur, ay gözəl,
Saxta sevgi yaşa dolmur, ay gözəl,
Gəl qəlbimi üzmə, gülüm, sən Allah!

Sən əl açma heç vaxt yada, mən varam,
Eşqimizi vermə bada, mən varam,
Nə qədər ki, bu dünyada mən varam,
Uzaqlarda gəzmə, gülüm, sən Allah!

Ürəyimdə deyiləsi sözüm var,
Qəlbim oddur, atəşim var, közüm var,
Əli Vəkil, axı dərdə dözüm var,
Gözlərini süzmə, gülüm, sən Allah!

13 may 2000

 

Qurban mən olum

Asta-asta dön bizə gəl,
İzinə qurban mən olum!
Demirəm ki, sən gözə gəl,
Gözünə qurban mən olum!

Gəl danışaq, gülək bir də,
Dərdə qalib gələk bir də,
Bağçamızda gül ək, bir də,
Yazına qurban mən olum!

Xoş söz ilə dindir məni,
Gəl oxşa, sevindir məni,
Hicran bihal edir məni,
Nazına qurban mən olum!

Dil açsın ürək telləri,
Dindirək gərək telləri,
Bir də köklə, çək, telləri,
Sazına qurban mən olum!

Bu sevdamız təzə, gülüm,
Gəl evimi bəzə, gülüm,
Baxma qeyri sözə, gülüm,
Sözünə qurban mən olum!

Qoru, saxla sən aşiqi,
Hər gün yoxla sən aşiqi,
Görəmməzsən şən aşiqi,
Üzünə qurban mən olum!

Adi bir insandır Əli,
Saf eşqi duyandır Əli,
Elin gözəllər gözəli
Qızına qurban mən olum!

20 may 2000

 

Hardasan, gəl

Sən göylərdən enən mələk,
Ruhum, canım, hardasan, gəl.
Arzulayır səni ürək,
Ruhum, canım, hardasan, gəl.

Şölə saç otaq nurlansın,
Könül, dil-dodaq nurlansın,
Gül üzün, yanaq nurlansın,
Ruhum, canım, hardasan, gəl.

Alçaq könül, gülər üzsən,
Bağda güllər gülər, üzsən,
Yeni nəğmə, yeni sözsən,
Ruhum, canım, hardasan, gəl.

Köksümdə çırpınır ürək,
Sən ətir saç ilk bahartək,
Gül üzünü xoşdü görmək,
Ruhum, canım, hardasan, gəl.

Əli Vəkil, nəğmə yazdı,
Qəlbi dil-dil ötən sazdı,
Sənsiz könlü qar, ayazdı,
Ruhum, canım, hardasan, gəl.

6 iyun 2002

 

Sən qoru

 

Üz döndərmə, qədrimi bil,
Məni sən qoru, sən qoru!
Məhəbbət əyləncə deyil,
Məni sən qoru, sən qoru!

Gəl can deyək, can eşidək,
Əhdimizə əməl edək,
Ayrılığa dözmür ürək,
Məni sən qoru, sən qoru!

Dilin şirin, özün gözəl,
Daim gülər üzün gözəl,
Yara vurğun gözün gözəl,
Məni sən qoru, sən qoru!

Haraylasam səsimə gəl,
Sən mənimsən axır, əzəl,
Uzansa da birdən yüz əl,
Məni sən qoru, sən qoru!

Səhv salmayaq yolu, izi,
Sevək biri-birimizi,
Qəlbim dönmür sözün düzü,
Məni sən qoru, sən qoru!

Ümidlə bax gələcəyə,
Addımlayaq gələcəyə,
Qonaq olaq gələcəyə,
Məni sən qoru, sən qoru!

18 iyul 2000

 

Gülüşün

Könlümdə gül açır, məlhəmə dönür
Sənin təbəssümün, sənin gülüşün.
Kim deyir üzündə yox olur, sönür
Sənin təbəssümün, sənin gülüşün.

Dözəmmərəm qaşqabaqlı olsan, yar,
Coşar könlüm, bir ürəkdən gülsən, yar,
Nə qədər şad edər məni bilsən, yar,
Sənin təbəssümün, sənin gülüşün.

Yaddaşıma, ürəyimə həkk olub,
Gülər üzün nə qəmlənib, nə solub,
Ülviyyətdən, məhəbbətdən doğulub
Sənin təbəssümün, sənin gülüşün.

Necə də yaraşır gör sənə gülmək,
Xoş olur gülüşlə kədəri silmək,
Dilə gəlir ürəyimdə nəğmətək
Sənin təbəssümün, sənin gülüşün.

Anların gülüşlə ötüşsün hər gün,
Qəhqəhən dadıma yetişsin hər gün,
Doğulub Əlini yaşatmaq üçün
Sənin təbəssümün, sənin gülüşün.

22 iyul 2000

 

Gəl qoruyaq sevgimizi

Sökülən dan bizim olsun,
Gül-gülüstan bizim olsun,
Gözəl dövran bizim olsun,
Gəl qoruyaq sevgimizi.

Həyat şirin, ömür qısa,
Yollanırıq toya, yasa,
Qəlbə qulaq asa-asa,
Gəl qoruyaq sevgimizi.

Bircə dəfə doğuluruq,
Gah atəş, gah buz oluruq,
Bəzən də vaxtsız soluruq,
Gəl qoruyaq sevgimizi.

Dilimdədir yenə adın,
Doğma olub mənə adın,
Xoş nəğməyə dönə adın,
Gəl qoruyaq sevgimizi.

Saf məhəbbət həyat demək,
Qədrini biz bilək gərək,
Əhdimizdən dönməyərək,
Gəl qoruyaq sevgimizi.

Bu dünyaya səs salaq biz,
Eşqimizlə uzalaq biz,
Sadiqlərdən dərs alaq biz,
Gəl qoruyaq sevgimizi.

Unutmayır Əli səni,
Doğma sayır Əli səni,
Haraylayır Əli səni,
Gəl qoruyaq sevgimizi.

24 iyul 2000

 

Nə yaxşı dünyada…

 

Vüqarım, inamım, şanım-şöhrətim,
Adınla bağlıdır gücüm, qüdrətim,
Ülvidir əzəldən arzum, niyyətim,
Nə yaxşı dünyada sən varsvn, yarım.

Çətin anlarımda yetirsən dada,
Qoymursan əl açım namərdə, yada,
Vurğunam həyatda mən bircə ada,
Nə yaxşı dünyada sən varsvn, yarım.

Sənsiz yer üzündə neyləyərdim mən?
Şeirimi bəs kimə söyləyərdim mən?
Ayrıla bilərmi bülbül çəməndən?
Nə yaxşı dünyada sən varsvn, yarım.

Gah kədərli, gah şən keçir ömrümüz,
Dağlardan, dərədən keçir ömrümüz,
Bəndlərdən, bərədən keçir ömrümüz,
Nə yaxşı dünyada sən varsvn, yarım.

Nəğmədən savayı nəyim var mənim,
Könül açan şirin arzular mənim,
Əli Vəkil, sədaqətli yar mənim,
Nə yaxşı dünyada sən varsvn, yarım.

23 iyul 2000

 

Gözləmə daha

Bu eşqin oduna yanmayırsansa,
İlahi, müqəddəs sanmayırsansa,
İlk əhdi-peymanı anmayırsansa,
Gözləmə sən məni, gözləmə daha!

Qəfləti zəngin yox, bir sorağın yox,
Sevgidə saymazlıq qəlbə oxdür, ox,
Onsuz da kədərim, qayğılarım çox,
Gözləmə sən məni, gözləmə daha!

Verdiyin o vədlər harada qaldı?
Baxdıqca gözümün kökü saraldı,
Bülbülün yerini bəlkə sar aldı?
Gözləmə sən məni, gözləmə daha!

Eşqimə sadiqəm, bil ki, dünyada,
Yoxsa vurulmusan şöhrətə, ada?
Keçən günlərimiz düşsə də yada,
Gözləmə sən məni, gözləmə daha!

Əli Vəkil sadiq yardı əzəldən,
Nəğmələrim ona yardı əzəldən,
Düz ilqarı, əhdi vardı əzəldən,
Gözləmə sən məni, gözləmə daha!

20 iyul 2000

 

Xoş gəlmisən

Xoş arzu, xoş niyyət ilə
Gülüm, bizə xoş gəlmisən.
Təmiz eşqlə, məhəbbətlə
Gülüm, bizə xoş gəlmisən.

Eşidilsin evdə səsin,
Ətirlidir gül nəfəsin,
Var məqsədin, var həvəsin,
Gülüm, bizə xoş gəlmisən.

Təki qonağım ol mənim,
Getmə, yanımda qal mənim,
Könül sazımı çal mənim,
Gülüm, bizə xoş gəlmisən.

Bu gəlişə quzu kəsim,
Qoy hər yana yetsin səsim,
Dil-dil ötür qəlbimdə sim.
Gülüm, bizə xoş gəlmisən.

Əli Vəkil dözmür sənsiz,
Bağ-bağçanı gəzmir sənsiz,
Tər gülləri üzmür sənsiz,
Gülüm, bizə xoş gəlmisən.
Evimizə xoş gəlmisən!

25 iyul 2000

 

Yoruldum

Yollarına göz dikməkdən
Vallah yoruldum-yoruldum.
Fikrə dalıb qəm çəkməkdən
Vallah yoruldum, yoruldum.

Sənsən mənim ümid yerim,
Adınadır neçə şeirim,
Gülüm, gəl ol Məkkəm, Pirim,
Vallah yoruldum, yoruldum.

Axı, bizim əhdimiz var,
Unudarmı vədini yar?
Gətirməyir səni yollar,
Vallah yoruldum, yoruldum.

Yar yarını anar, ay qız,
Eşq oduna yanar, ay qız,
Məhəbbətsiz donar, ay qız,
Vallah yoruldum, yoruldum.

Qəlbin atəşi, közü var,
Hər ürəyin öz sözü var,
Hər gecənin gündüzü var,
Vallah yoruldum, yoruldum.

Gəl unutma sən Əlini,
Bəxtinə düşən Əlini,
Görəmməzsən şən, Əlini,
Vallah yoruldum, yoruldum.

29 iyul 2000

 

Mən səni sevəndən…

Dünya yaman gözəlləşib,
Mən səni sevəndən bəri.
Eşqim dilə-dişə düşüb,
Mən səni sevəndən bəri.

İlhamım hey aşıb-daşır,
Söz qəlbimdə pıçıldaşır,
Fərəh hissi başdan aşır,
Mən səni sevəndən bəri.

Mənalıdır ömrüm-günüm,
Yetir sənə səsim, ünüm,
Hər gəlişin toy-düyünüm,
Mən səni sevəndən bəri.

Bildim sevgi nə deməkdir,
Yeri, ünvanı ürəkdir,
Könlümdəki xoş diləkdir,
Mən səni sevəndən bəri.

Azalıbdır dərdi-sərim,
Gərək qəmə sinə gərim,
Üzə gülür hər səhərim,
Mən səni sevəndən bəri.

Dost-tanışın gülür üzü,
Nur saçır anamın gözü,
Xoş gəlir hamının sözü,
Mən səni sevəndən bəri.

Dünya yaman gözəlləşib,
Mən səni sevəndən bəri.
Eşqim dilə-dişə düşüb,
Mən səni sevəndən bəri.

30 iyul 2000

 

Könül sevən…

Cəfası çox məhəbbətin,
Həsrətinə dözmək çətin,
Bir üzü var həqiqətin –
«Könül sevən göyçək olar!»

Gözəldir yar yar yanında,
Bülbül ötməz sar yanında,
Heç vaxt olma xar, yanında,
«Könül sevən göyçək olar!»

Özü də bilməz bəxti nə?
Bir gözəl düşər bəxtinə,
Sevər, qovuşar bəxtinə,
«Könül sevən göyçək olar!»

Oğlan sevməz hədər, qızı,
Leyliyə bənzədər qızı,
Yəqin xoşbəxt edər qızı,
«Könül sevən göyçək olar!»

Bir könüldən min könülə,
Məftun olar bilə-bilə,
Sevən qəlbi gələr dilə,
«Könül sevən göyçək olar!»

Hey istər ki, nəğmə yaza,
Meylini salar o qıza,
Dözər hər işvəyə-naza,
«Könül sevən göyçək olar!»

Əli Vəkil, sevgidən yaz,
Təmiz sevgi heç vaxt solmaz,
Sevən aşiq peşman olmaz,
«Könül sevən göyçək olar!»

30 iyul 2000

 

Qəm etmə

Sevgilindən ayrı düşsən əgər sən,
Hicran nədir? Bilməyirsən məgər sən?
Eşqin əzabına tək sinə gər sən,
Həsrətdən gözlərin dolar, qəm etmə.

Qəfildən yanına dönə sevgilin,
Can-can deyə dönə-dönə sevgilin,
Yapışa qolundan yenə sevgilin,
Kədərin əlindən alar, qəm etmə.

Kədər dolu dünyası var aşiqin,
Baxışının mənası var işiqin,
Eşq adlanan röyası var işiqin,
Sazda bir «Kərəmi» çalar, qəm etmə.

Qibtə edir bu sevdaya çoxları,
Öz eşqində sədaqətli ol barı,
Kədər hissi məhv eləyir əğyarı –
Əlac yox, saralar, solar, qəm etmə.

Nə ola, bir sona yetə intizar,
Yox ola intizar, itə intizar,
Tükənə intizar, bitə intizar,
Yar gəlib yanında qalar, qəm etmə.

Həsrətə, hər dağa dözən ürəkdir,
Uzun ayrılığa dözən ürəkdir,
Gizli mətləbləri sezən ürəkdir,
Qəlbindən keçəni bilər, qəm etmə.

Əli Vəkil, bir gün üzün güləcək,
Qələbə soraqlı sözün güləcək,
Qarabağ həsrətli gözün güləcək,
Gələr tarixi gün, gələr, qəm etmə.

28 iyul 2002

 

Nə gözəl xəlq edib…

Hüsnü-camalına baxdım, doymadım,
Nə gözəl xəlq edib səni Yaradan.
Ürəyimi oda yaxdım, doymadım,
Nə gözəl xəlq edib səni Yaradan.

Həm ağıllı, həm də gözəl-göyçəksən,
İlahəsən, ya pərisən, mələksən,
Vallah gözəllikdə dünyada təksən,
Nə gözəl xəlq edib səni Yaradan.

Sən olmasan bir gənc yarsız qalardı,
Fikrə dalıb saralardı, solardı,
El oğlunun sevəni kim olardı?
Nə gözəl xəlq edib səni Yaradan.

Əhsən! – dedim səni doğan anaya,
Yaraşıqsan sən günlərə, sən aya,
Sən al yanaq, sən gül çöhrə, sən maya,
Nə gözəl xəlq edib səni Yaradan.

Əli Vəkil qələm tutan mirzədir,
Ülviliyə hey can atan mirzədir,
Dar ayaqda dada çatan mirzədir,
Nə gözəl xəlq edib səni Yaradan!

30 iyul 2000

 

Küsmüşəm

 

Yaman gendə dolanırsan,
Səndən küsmüşəm, küsmüşəm.
Yoxsa məni yad sanırsan?
Səndən küsmüşəm, küsmüşəm.

Gözləməyir illər bizi,
Gəl yaşadaq sevgimizi,
Gendən salma yolu, izi,
Səndən küsmüşəm, küsmüşəm.

Fəxr edirəm eşqinlə mən,
Doymayıram gül üzündən,
Niyə qaçırsan sözündən?
Səndən küsmüşəm, küsmüşəm.

Ürəyim kövrəkdir, kövrək,
Onu anlayasan gərək,
Eşqimizə sinə gərək,
Səndən küsmüşəm, küsmüşəm.

Atəş görüm gözlərində,
Günahı var gözlərin də,
Eşqi qoru sözlərində,
Səndən küsmüşəm, küsmüşəm.

Əli Vəkil söz sərrafı,
Qəlbdə atəş, köz sərrafı,
Hər bir şeyin öz sərrafı,
Səndən küsmüşəm, küsmüşəm.

31 iyul 2000

 

Unutma

Unutqanlıq yaman olur dünyada,
Unutma gəl məni, unutma, gülüm.
Yaşat ürəyində, hər an sal yada
Unutma gəl məni, unutma, gülüm!

Arayır, axtarır gözlərim səni,
Oyatsın yuxudan sözlərim səni,
Yanıma səsləyir izlərim səni,
Unutma gəl məni, unutma, gülüm.

Ocaq çataq məhəbbətin odundan,
Bilirəm ki, çıxmamışam yadından,
Sənindir bu nəğmə mənim adımdan,
Unutma gəl məni, unutma, gülüm.

Hər an fikrimdəsən, xəyalımdasan,
Sən mənim eşqimi ülvi, ali san,
Sevda yollarında nə bez, nə usan,
Unutma gəl məni, unutma, gülüm.

Mən sənə gərəyəm, sən mənə gərək,
Həsrətə, möhnətə gəl sinə gərək,
Tale qismətidir, ömürdür sürək,
Unutma gəl məni, unutma, gülüm.

Əli Vəkil sadiqdir öz əhdinə,
Bilirsən ki, sevdası nə, əhdi nə?
Nəğməsi var hər saata, hər günə,
Unutma gəl məni, unutma, gülüm.

4 avqust 2000

 

Səni anmışam…

 

Biz ayrılan gündən bəri, əzizim,
Səni düşünmüşəm, səni anmışam.
Yola salıb mən günləri, əzizim,
Səni düşünmüşəm, səni anmışam.

Qəlb sirdaşım, həmsöhbətim olubsan,
Hamı bilir mənimçün kim olubsan,
Ürəyimdə dil açan sim olubsan,
Səni düşünmüşəm, səni anmışam.

Sənli anlar, sənli günlər yadımda,
Baxışınla gülən səhər yadımda,
Səsli anlar, səsli ünlər yadımda,
Səni düşünmüşəm, səni anmışam.

Görmüsənmi heç yuxuda sən məni?
Unutmasın gərək sevən-sevəni,
Duymusanmı ürəyimdən keçəni?
Səni düşünmüşəm, səni anmışam.

Yadındasan hər an Əli Vəkilin,
Sənsiz könlü viran Əli Vəkilin,
Ayı, günü yoran Əli Vəkilin,
Səni düşünmüşəm, səni anmışam.

5 avqust 2000

 

O gözlərə…

Qəlbin çox incədir, kövrəkdir yaman,
O gözlərə yaş yaraşmır, əzizim.
Min məna duydum mən baxışlarından,
O gözlərə yaş yaraşmır, əzizim.

Ağlamaq qadına təsəlli olur,
Bəzən kədərlənir, ürəyi dolur,
Üzündən qəm yağır, çöhrəsi solur,
O gözlərə yaş yaraşmır, əzizim.

Ürəyində ümman olur qəm-kədər,
Dərdli insan yer üzündə nə qədər?
Gəl özünü üzmə, gülüm, sən hədər,
O gözlərə yaş yaraşmır, əzizim.

Qəlbinə də axır bəzn göz yaşı,
Gizlətməyir sifət yaşı, üz yaşı,
Axı necə təqdim etsin söz yaşı?
O gözlərə yaş yaraşmır, əzizim.

Bir an gəlir ağlamasan olmayır,
Ağlamaq da bəzən asan olmayır,
Hər ağlayan gözdə leysan olmayır,
O gözlərə yaş yaraşmır, əzizim.

Fərəhdən də ağlayan var dünyada,
Damlalar üzündə çevrilir oda,
Çətində göz yaşı yetişir dada,
O gözlərə yaş yaraşmır, əzizim.

Süzülür üzlərdən kədər yaşları,
İnsanlar axıtmır hədər yaşları,
Dərd əhli bir məlhəm edər yaşları,
O gözlərə yaş yaraşmır, əzizim.

6 avqust 2000

 

Yerin görünür

Əzizim, evimi tərk edən andan,
Hara baxıramsa yerin görünür.
Sükut hakim olub sən gedən andan,
Hara baxıramsa yerin görünür.

Nəfəsin, xoş ətrin otaqda qalıb,
Söz demək istərdim – dodaqda qalıb,
Qoşa qumru quşu budaqda qalıb,
Hara baxıramsa yerin görünür.

Axı, nə biləydim tez gedəcəksən?
Məni xəyallara qərq edəcəksən?
Yoxdur bərabərin, dünyada təksən,
Hara baxıramsa yerin görünür.

Zaman öz işində, sözə ki, baxmır,
Ağlayan ağlasın, gözə ki, baxmır,
Qəmlisən, ya şənsən, üzə ki, baxmır,
Hara baxıramsa yerin görünür.

Çox qalıb, az qalıb ömür, nə bilək?
Taledən nə umaq, nə alıb bölək?
Sevgi bağçamızda əsməsin külək,
Hara baxıramsa yerin görünür.

İlahidəe hədiyyədir eşqimiz,
Gəl qoruyaq düz ilqarı, eşqi biz,
Sevinclə kədər də doğulub əkiz,
Hara baxıramsa yerin görünür.

Sənə həsr edirəm bu misraları,
Oxu, nəfəəsinlə yu, misraları,
Pozmasın, silməsin su misraları,
Hara baxıramsa yerin görünür.

Sanki yenə oturmuşuq üz-üzə,
Çözələnir, hey canlanır söz-sözə,
Könül gülür zillənəndə göz-gözə,
Hara baxıramsa yerin görünür.

Əli Vəkil sinəsinə döyməyir,
Qürrələnib heç özünü öyməyir,
Bir kimsənin xatirinə dəyməyir,
Hara baxıramsa yerin görünür.

6 avqust 2000

 

Dərdimin dərmanı

Yer üzündə dərdsiz insan tapılmaz,
Əzizim, dərdimin dərmanı sənsən.
Yanımda qal, yoxsa könlüm şad olmaz,
Əzizim, dərdimin dərmanı sənsən.

Gəlməsən, üzərdi kədər, qəm məni,
Güldürə bilməzdi bu aləm məni,
Necə xilas etsin bəs qələm, məni?
Əzizim, dərdimin dərmanı sənsən.

Ürəyimin məlhəmidir xoş sözün,
Kədərlənmə, şölə saçsın qoy üzün,
Ömrüm təzələnir güləndə gözün,
Əzizim, dərdimin dərmanı sənsən.

Mənim üçün yaranıbsan, bilirəm,
Hey sınayır bizi dövran, bilirəm,
Sənsən hər vaxt məni anan, bilirəm,
Əzizim, dərdimin dərmanı sənsən.

Yanımdasan, dərdi-sərim az olur,
Könlüm gülür, kefim bir az saz olur,
Lap qışda da mənim üçün yaz olur,
Əzizim, dərdimin dərmanı sənsən.

Min dörd vardır, min bir dərman, dünyada,
Sağaldır dərdləri loğman dünyada,
Yaşamağa sən ver fərman, dünyada,
Əzizim, dərdimin dərmanı sənsən.

Əli Vəkil, məhəbbəti qoru sən,
Qoyma sönsün ürəyinin qoru, sən,
Duru saxla, öz qəlbini, duru, sən,
Əzizim, dərdimin dərmanı sənsən.

13 avqust 2000

 

Dözəmmirəm

 

Kimin kimdən xəbəri var?
Həsrətinə dözəmmirəm.
Ürəyimin kədəri var,
Həsrətinə dözəmmirəm.

Vallah yaman kövrəlmişəm,
Mənə inan, kövrəlmişəm,
Halıma yan, kövrəlmişəm,
Həsrətinə dözəmmirəm.

Qoy kimlərsə qonaq gəlsin,
Fərəhlənsin, desin, gülsün,
Bəyan edim hamı bilsin,
Həsrətinə dözəmmirəm.

Ürək-dirək nəyə lazım,
Sənsizlikdən gərək yazım,
Seçilməyir qışım, yazım,
Həsrətinə dözəmmirəm.

Hər sınağa tablaşaram,
Sıldırımlı dağ aşaram,
Vüsal nəğməsi qoşaram,
Həsrətinə dözəmmirəm.

Yaxalayıb hicran məni,
Tərk etməyir bir an məni,
Ha sınayır dövran məni,
Həsrətinə dözəmmirəm.

Əli Vəkil sınan deyil,
Hər alovla yanan deyil,
Yox, gizlədib danan deyil,
Həsrətinə dözəmmirəm.

20 avqust 2000

 

Gecikdin

 

Tükənibdir səbrim daha,
Yaman gecikdin, gecikdin.
Ümid qalıbdır Allaha,
Yaman gecikdin, gecikdin.

Nəyə dəyər sənsiz anım,
İnildəyər sənsiz anım,
Ağı deyər sənsiz anım,
Yaman gecikdin, gecikdin.

Təkəm, necə tutum qərar,
Gözüm hər vaxt səni arar,
İntizarın məni yorar,
Yaman gecikdin, gecikdin.

Qonağıq, qonaq, dünyada,
Yaşayırıq Haqq dünyada,
Ayrılıq nahaq, dünyada,
Yaman gecikdin, gecikdin.

Hər insanın öz qisməti,
Bir yar, gülər üz qisməti,
İtirməyək biz qisməti,
Yaman gecikdin, gecikdin.

Taledən bir ömür payı,
Barı olmasın havayı,
Yola saldın günü, ayı,
Yaman gecikdin, gecikdin.

Bir özünü yetir görək,
Qucaqlaşaq, tez əl verək,
Əli Vəkil dözsün gərək,
Yaman gecikdin, gecikdin.

20 avqust 2000

 

Yaşaya bilmərəm

Kim nə deyirsə, qoy desin,
Sənsiz yaşaya bilmərəm.
Bəsdir, sevgidən doy, desin,
Sənsiz yaşaya bilmərəm.

Yolumuzu qoşa gedək,
Ömrü vuraq başa, gedək,
Deyək, sevgi yaşa! – gedək,
Sənsiz yaşaya bilmərəm.

Gəl quraq bir binə, dedim,
Sirr sözümü sənə dedim,
Söz var dönə-dönə dedim,
Sənsiz yaşaya bilmərəm.

Bir yastığa baş qoymuşuq,
Demə sevgidən doymuşuq,
Yuva quran bir cüt quşuq,
Sənsiz yaşaya bilmərəm.

Hamar deyil ömür yolu,
Sıldırımdır sağı, solu,
Yağır hərdən yağış, dolu,
Sənsiz yaşaya bilmərəm.

Oğlumgildə qonaqsan sən,
Qovruluram həsrətindən,
Həyatımsan, anladım mən,
Sənsiz yaşaya bilmərəm.

Həyanıq bir-birimizə,
Eşqimiz gəlməsin gözə,
Bəzə sən ömrümü, bəzə,
Sənsiz yaşaya bilmərəm.

20 avqust 2000

 

Elə bildim

Gözləyirəm yolunu mən,
Gecikirsən bilməm nədən?
Diksindim qapı səsindən,
Elə bildim gələn sənsən.

Günüm ilə dönür, gülüm,
Susmuş qəlbim dinir, gülüm,
Yetişməyir sənə əlim,
Elə bildim gələn sənsən.

Yoxsan, evim isinməyir,
İlham lal olur, dinləyir,
Heç nə canıma sinməyir,
Elə bildim gələn sənsən.

Niyə əlim yatmır işə?
Sevən ürək sanki şüşə,
Gəl yanımda qal həmişə,
Elə bildim gələn sənsən.

Qəlbimə həyan olmayır,
Bir məni duyan olmayır,
Darıxma, deyən olmayır,
Elə bildim gələn sənsən.

Yorularmış yol gözləyən,
Hardasan yarım, gəl, deyən,
Gülüm, birdən səksəndim mən,
Elə bildim gələn sənsən.

Əli, hanı can sirdaşın?
Axır qəlbinə göz yaşın,
Bəlalıdır vallah başın,
Elə bildim gələn sənsən!

27 avqust 2000

 

Sənin üçün

Xəyallarım hey baş alıb,
Könlüm ha dolub, boşalıb,
Evim-eşiyim boş qalıb,
Darıxmışam sənin üçün.

Tək qalmışam gör haçandan?
Neçə dəfə sökülüb dan,
Ayrılıq yamandır, yaman,
Darıxmışam sənin üçün.

Gün də keçir, ay da ötür,
Yaz da ötür, yay da ötür,
Gəl özünü mənə yetir,
Darıxmışam sənin üçün.

Bilməm məni anırsanmı?
Eşq oduna yanırsanmı?
Bu ayrılıq bircə anmı?
Darıxmışam sənin üçün.

Əli Vəkil sənsiz qalıb,
Qəm sazını bəmdə çalıb,
Deyirlər ki, rəngi solub,
Darıxmışam sənin üçün.

27 avqust 2000

 

Yazmalıyam

Mənə qol-qanad verən,
Eşqindən yazmalıyam.
Yadda saxla bunu sən,
Eşqindən yazmalıyam.

Əhdə sadiq yarım, sən,
Fəxrim, iftixarım sən,
Yarım – özüm, yarım – sən,
Eşqindən yazmalıyam.

Qəmlənirik, gülürük,
Haçandan yol gəlirik,
Övlad nədir, bilirik,
Eşqindən yazmalıyam.

Bələdçimsən yollarda,
Büdrəmə sən, yollarda,
Yolçuyuq gen yollarda,
Eşqindən yazmalıyam.

Yazı, qışı görürük,
Dərdə sinə gəririk,
Bir ömürdü – sürürük,
Eşqindən yazmalıyam.

28 avqust 2000

 

Sən qəlbimdə…

Yaranmazdı nəğmələrim
Sən qəlbimdə olmasaydın.
Çoxalardı dərdi-sərim,
Sən qəlbimdə olmasaydın.

Büllur hisslər, təmiz hisslər,
Ümman hisslər, dəniz hisslər,
Qəlbə salar nə iz hisslər,
Sən qəlbimdə olmasaydın.

Bəlkə yolu azardım mən?
Bu həyatdan bezərdim mən,
Bilmirəm nə yazardım mən,
Sən qəlbimdə olmasaydın.

Ürək tamam boş olardı,
Bəlkə adi daş olardı,
Kiminlə sirdaş olardı,
Sən qəlbimdə olmasaydın.

Xəyallara dalmazdım mən,
Qəlb sazımı çalmazdım mən,
Əli Vəkil olmazdım mən,
Sən qəlbimdə olmasaydın.

28 avqust 2000

 

Bilmədim, bilmədim

 

Gülüm, neynim, görüşünə
Gələ bilmədim, bilmədim.
Gözünün sevinc yaşını
Silə bilmədim, bilmədim.

«Hə» çıxaydı kaş dilindən,
Doymayaydın sevgilindən,
Səni kədərin əlindən
Ala bilmədim, bilmədim.

Sevmişəm bir el qızını,
Gərək çəkəydim nazını,
Niyə məhəbbət sazını
Çala bilmədim, bilmədim?

Gendə gəzmə, di gəl bəri,
Sən ilahə, nazı pəri,
Ürəyindən keçənləri
Bilə bilmədim, bilmədim.

Tellərini bir də dara,
Gəl aşiqi çəkmə dara,
Səninlə bir xəyallara
Dala bilmədim, bilmədim.

Baxdıq taleyn oynuna,
Sənsiz ürəyim ha yana,
Ay qız, qolumu boynuna
Sala bilmədim, bilmədim.

Dolanır ay, ötür fəsil,
Ömürdəndir keçən hər il,
Sənin üçün Əli Vəkil
Ola bilmədim, bilmədim.

29 avqust 2000

 

Hardasan

Yollara dikilib gözüm,
Yarım, hardasan, hardasan?
Ayrığıla necə dözüm,
Yarım, hardasan, hardasan?

Qəlbim sənsiz intizarda,
Qışa döndü ilk bahar da,
Niyə qoydun məni darda,
Yarım, hardasan, hardasan?

Vallah yaman darıxmışam,
Gözləyirəm səhər, axşam,
Getmisən, tənha qalmışam,
Yarım, hardasan, hardasan?

Gəl yollardan yığ gözümü,
Dinlə nəğməmi, sözümü,
Tanrım veribdir dözümü,
Yarım, hardasan, hardasan?

Əli Vəkil gözləyəcək,
Yubanma, tez gəl, deyəcək,
Həsrətinə dözmür ürək,
Eşqim, hardasan, hardasan?

29 avqust, 2000

 

Bu gün mən…

Fikirlərim pərən-pərən olubdur,
Kövrəlmişəm, yenə gözüm dolubdur.
Söz karvanım, axı, harda qalıbdır?
Sanki susuz dəyirmanam mən bu gün.

Necə çəkim bəs bu qədər dərdi mən?
Tez tanıyım namərdi mən, mərdi mən?
Bilsin hamı dərdimənəm, dərdimən,
Sanki susuz dəyirmanam mən bu gün.

Elə bil ki, qaçaq düşüb sözlər də,
Nə od vardı, nə də atəş gözlərdə,
Bəlkə gedib söz axtarım düzlərdə?
Sanki susuz dəyirmanam mən bu gün.

Varım-yoxum sözdür axı, əzəldən,
Söz ürəkdə közdür axı, əzəldən,
İlqarımız düzdür axı, əzəldən,
Sanki susuz dəyirmanam mən bu gün.

Bu hikmətdir, əfsanədir, bilmirəm,
Möcüzədir, yoxsa nədir, bilmirəm,
Məni niyə məyus edir, bilmirəm,
Sanki susuz dəyirmanam mən bu gün.

Axı, mənim hər səhərə borcum var,
Fərəhlənməz, dərdli olar borclular,
Aman Allah, bu qədər də borc olar?
Sanki susuz dəyirmanam mən bu gün.

Su gələn arxdan bir də gələr, ay Əli,
Müşkül işlər tez düzələr, ay Əli,
Nələr olmur, axı, nələr, ay Əli?
Sanki susuz dəyirmanam mən bu gün.

31 avqust 2000

 

Hər gün səni

İlhamım susmasın deyə,
Səni hər gün anıram mən.
Sözü verərək nəğməyə,
Səni hər gün anıram mən.

Yad eləmək, anmaq gözəl,
Eşq oduna yanmaq gözəl,
Hər mətləbi qanmaq gərək,
Səni hər gün anıram mən.

Çıxmayasan gərək yaddan,
Necə hörmət görək yaddan?
Nə umacaq ürək yaddan,
Səni hər gün anıram mən.

Kövrəlirəm həsrətindən,
Doymayıram söhbətindən,
Qoy söz açım ismətindən,
Səni hər gün anıram mən.

Sənin qədər doğmadı kim?
Qoy dərdini özüm çəkim,
Ay ortağım, ay şərikim,
Səni hər gün anıram mən.

Uzaqdasan, indi, gülüm,
Yenə könlüm dindi, gülüm,
Şübhə məndən gendi, gülüm,
Səni hər gün anıram mən.

İlqarı düz Əli Vəkil,
Qəlbi təmiz Əli Vəkil,
Eşqi dəniz Əli Vəkil,
Səni hər gün anıram mən.

31 avqust 2000

 

Yolçuyam mən

Yolum yaxın, yolum uzaq,
Bir mənzilə yol gedirəm.
Hər gün nəğmələr yazaraq,
Bir mənzilə yol gedirəm.

Enişli-yoxuşludur yol,
Kəsəkli, daşlıdır yol,
Yallı, yamaclıdır yol,
Bir mənzilə yol gedirəm.

Yıxılıram, dururam mən,
Özümü çox yoruram mən,
Vaxt olur otururam mən,
Bir mənzilə yol gedirəm.

Hər saatın öz hökmü var,
İnsanları yollar yorar,
Tale olsun qoy mənə yar,
Bir mənzilə yol gedirəm.

Az qalıb yol, çox qalıb yol?
Bəlkə elə azalıb yol?
Azma yolu, gəl sayıq ol,
Bir mənzilə yol gedirəm.

Kaş bu yolda izim qalsın,
Dildə beş-on sözüm qalsın,
Ürəyimdə közüm qalsın,
Bir mənzilə yol gedirəm.

Uzaqları görsün gözüm,
Yolçuyamsa niyə bezim?
Gəl dözüm ver, Allah, dözüm,
Bir mənzilə yol gedirəm.

3 sentyabr 2000

 

Çağır məni

Biz ayrı düşmüşük bir-birimizdən,
Çağır məni, çağır gəlim, ay gülüm.
Yaman incimisən adicə sözdən,
Çağır məni, çağır gəlim, ay gülüm.

Bu həsrət, intizar dərs oldu bizə,
Yəqin ki, sevgimiz tez gəldi gözə,
Gəlib sənsiz keçən ömrümü bəzə,
Çağır məni, çağır gəlim, ay gülüm.

Axı, ayrılığa dözüm gərəkdir,
Sənə məsləhətim, sözüm gərəkdir,
Qoy təzə nəğməni yazım, gərəkdir,
Çağır məni, çağır gəlim, ay gülüm.

Qəlbimdən keçəni duya biləydin,
Həsrətə dözməyib dönüb gələydin,
Sevincimi, kədərimi böləydin,
Çağır məni, çağır gəlim, ay gülüm.

Ağır keçir indi sənsiz günlərim,
Hardadı dumansız, çənsiz günlərim,
Başlayıbdır səssiz, ünsüz günlərim,
Çağır məni, çağır gəlim, ay gülüm.

Neyləyirsən mənsiz orda sən indi?
Niyə düşdün axı bizdən gen indi?
Köksümdəki odlu ürək sənindi,
Çağır məni, çağır gəlim, ay gülüm.

Ümidsiz dolanıb gəzmə, amandı,
Gəl Əli Vəkili üzmə amandı,
Bezmə eşqimizdən, bezmə, amandı,
Çağır məni, çağır gəlim, ay gülüm.

22 avqust 2002

 

Bağışla

Bəlkə səni duymamışam,
Məni bağışla, bağışla.
Saf eşqindən doymamışam,
Gülüm, bağışla, bağışla.

Yoxsa qəlbinə dəymişəm?
Yaxud ağır söz demişəm,
Nəğmə yazmaq olub peşəm,
Gülüm, bağışla, bağışla.

Dara çəkir hisslər məni,
Dilə gəlib səslər məni,
Duyar hansı kəslər məni,
Gülüm, bağışla, bağışla.

Sən məndən küsüb gedibsən?
Əlin üzüb gedibsən?
Ya məndən bezib gedibsən?
Gülüm, bağışla, bağışla.

Unutmaram bircə an da,
Sənsən arxam bu cahanda,
Bəyan edim qo hər yanda,
Gülüm, bağışla, bağışla.

Əli Vəkil qəm eləyir,
Özünə sitəm eləyir,
Sənə xoşbəxtlik diləyir,
Gülüm, bağışla, bağışla.

4 sentyabr 2000

 

Yubanma

Tükəndi səbri-qərarım,
Yubanma, tez gəl, nə olar?
Ay şöhrətim, ay vüqarım,
Yubanma, tez gəl, nə olar?

Niyə gecikdin bu qədər,
Vaxiı yelə verdin hədər,
Ağır keçir dəqiqələr,
Yubanma, tez gəl, nə olar?

Sevincimi aparmısan,
Ürəyimdir oda yanan,
Mənəm hər vaxt səni anan,
Yubanma, tez gəl, nə olar?

Gözüm yolda axşam, səhər,
Hərdən məni boğur qəhər,
Bu həsrətə adam dözər?
Yubanma, tez gəl, nə olar?

İlhamımı gətirib gəl,
Dərdi-qəmi itirib gəl,
Səfərini bitirib gəl,
Yubanma, tez gəl, nə olar?

Ayrılıqdan çox yazılıb,
Ona çarə yox, yazılıb,
Bir tarixə bax, yazılıb,
Yubanma, tez gəl, nə olar?

Əli Vəkil yol gözləyir,
Gecikmə sən, gəl, gözləyir,
Dərib təzə gül, gözləyir,
Yubanma, tez gəl, nə olar?

5 sentyabr 2000

 

Səni

 

Xəyallarım pərən-pərən olubdur,
Yenə yad elədim bu səhər səni.
Kövrəlmişəm, qəlbim yaman dolubdur,
Yenə yad elədim bu səhər səni.

Könlümün rübabı ha dilə gəlir,
Ürəkdən keçəni sevənlər bilir,
Dərdli adam nə danışır, nə gülür,
Yenə yad elədim bu səhər səni.

Qoy səhərlər bizə uğur gətirsin,
Həsrətlini bir-birinə yetirsin,
Eşq bağında təzə güllər bitirsin,
Yenə yad elədim bu səhər səni.

Çoxmu yanım bu həsrətin odunda?
Külə döndüm məhəbbətin odunda,
Ha qovruldum xoş niyyətin odunda,
Yenə yad elədim bu səhər səni.

Əli Vəkil, sözlə bəzə hər günü,
Al Günəş gətirir bizə hər günü,
Axşam başa vurur səhər ömrünü,
Yenə yad elədim bu səhər səni.

6 sentyabr 2000

 

Ağla, mələyim

 

Dərdlilərin dərmanıdır göz yaşı,
Nalə çəkib ağla, mələyim, ağla.
Hönkürməyin azaldacaq təlaşı?
Nalə çəkib ağla, mələyim, ağla.

Göz yaşınla qüssəni yu, ay gülüm,
Göz yaşları olur duzlu, ay gülüm,
Nə adətdir bilmirəm bu, ay gülüm?
Nalə çəkib ağla, mələyim, ağla.

Sevincdən ağlasan, göz yaşı şirin,
Kədər yaşı həm duzludur, həm sərin,
Yoxsa qoşa çeşmə oldu gözlərin?
Nalə çəkib ağla, mələyim, ağla.

Göz də dolur sevən qəlbin dolanda,
Yarla görüş çağla onda, dol onda,
Məhəbbətdən həyatda zövq alanda,
Nalə çəkib ağla, mələyim, ağla.

Ar deyildir qadın üçün ağlamaq,
Nəyə lazım, gülüm, hər gün ağlamaq?
Yaş tökərək ürəkləri dağlamaq,
Nalə çəkib ağla, mələyim, ağla.

Üzdən axmır kişilərin göz yaşı,
Torpaq dərdi köz eləyir, köz yaşı,
Qəlbə axan üz yaşıdır, üz yaşı,
Nalə çəkib ağla, mələyim, ağla.

Əli Vəkil kaş fərəhli olaydı,
Sevinc hissi ürəklərə dolaydı,
Qollarını hey boynuna salaydı,
Nalə çəkib ağla, mələyim, ağla.

10 sentyabr 2000

 

Amandı

 

Deyirsən ki, usanmışam, bezmişəm,
Sən dünyadan küsmə, canan, amandı.
Doğulmuşuq biz yaşayaq, demişəm,
Sən dünyadan küsmə, canan, amandı.

Görsən bəbxah, görsən nadan, incimə,
Nə nalə çək, nə oda yan, incimə,
Gileylənib insanlardan, incimə,
Sən dünyadan küsmə, canan, amandı.

Üzdə gülüş, gözdə yaşdı kainat,
Sehrbazdı, sirdi, daşdı kainat,
Həm fərəhdi, həm təlaşdı kainat,
Sən dünyadan küsmə, canan, amandı.

Milyonlar ac, beşi, onu tox oldu,
Barışmayan, üsyan edən çox oldu,
Bir nadanın yersiz sözü ox oldu,
Sən dünyadan küsmə, canan, amandı.

Haqsızlıqla barışmırsan, neyləmək?
Sənin üçün deyil asan, neyləmək?
Hökmü belə verib dövran, neyləmək?
Sən dünyadan küsmə, canan, amandı.

Yer üzünə gəlmişik ki, yaşayaq,
Qəlbimizdə sevinc, kədər daşıyaq,
Avand işlər qoy olmasın başayaq,
Sən dünyadan küsmə, canan, amandı.

Sənsiz mənim bircə anım olmasın,
Nə şöhrətim, nə də şanım olmasın,
Əli Vəkil heç vaxt tənha olmasın,
Sən dünyadan küsmə, canan, amandı.

9 sentyabr 2000

 

Ağır keçir

Yola saldım həftələri,
Sənsiz anlar ağır keçir.
Hər şey axır, dönmür geri,
Sənsiz anlar ağır keçir.

Rahatlığım yoxdur daha,
Ümid bəslərəm sabaha,
Vallah batmısan günaha,
Sənsiz anlar ağır keçir.

Sənsiz günüm gün deyildir,
Yox, dözmək mümkün deyildir,
Vərəqlənən aydır, ildir,
Sənsiz anlar ağır keçir.

Düşüncələr yorur yaman,
Qəm-qüssə də vermir aman,
Gəl yapış barı, qolumdan,
Sənsiz anlar ağır keçir.

Əli Vəkil lap darıxıb,
Həsrət onu oda yaxıb,
Min ümidlə yola baxıb,
Sənsiz anlar ağır keçir.

13 sentyabr 2000

 

Gəlməsin

 

Deyirəm ki, ay gülüm, kaş
Eşqimiz gözə gəlməsin.
Ömür ötür yavaş-yavaş,
Eşqimiz gözə gəlməsin.

Qoruyaq gözümüz kimi,
«Sevirəm» – sözümüz kimi,
Məhəbbət qəlbin hakimi,
Eşqimiz gözə gəlməsin.

Əsiriyik bu sevdanın,
Tale deyir əhdi anın,
Bir eşqin odunda yanın,
Eşqimiz gözə gəlməsin.

Sevənlərin bir andı var,
Ülvi andı, Pir andı var,
Talenin də sapandı var,
Eşqimiz gözə gəlməsin.

Gəl unutma bəd nəzəri,
Yad baxışı, yad nəzəri,
Buz nəzəri, od nəzəri,
Eşqimiz gözə gəlməsin.

Əli Vəkil yalan bilməz,
Sirdaşı qəm, deyib-gülməz,
Sevgimizə yoxdur əvəz,
Eşqimiz gözə gəlməsin.

15 sentyabr 2000

 

Xatırla

Yuxun ərşə çəkiləndə
Məni xatırla, xatırla.
Təklik sənə güc gələndə
Məni xatırla, xatırla.

Məhəbbəti yaşat qanda,
Gəl unutma bircə an da,
Səsləsən ollam yanında,
Məni xatırla, xatırla.

Qəlbim eşqinlə dinəcək,
Məhəbbətsiz daşdır ürək,
Bunu unutmayaq gərək,
Məni xatırla, xatırla.

Aşiqlər sevir ülfəti,
Biz ilqarda olaq qəti,
Gəl qoruyaq ülviyyəti,
Məni xatırla, xatırla.

Bu dünya ulu dünyadı,
Doğma edir iki yadı,
Əli Vəkil el övladı,
Məni xatırla, xatırla.

15 sentyabr 2000