Qovaq ağacı

Göylərə baş alıb qovaq ağacı,
Boyu nə qədərdir, yaşı nə qədər?
Gör hara ucalıb qovaq ağacı,
Arxada qalıbdır fəsillər, illər.

Günün istisindən təntidim yaman,
Dedim sərinləyim kölgəsində mən.
Elə bil od yağır göydən, havadan,
Budaqlar torpaqdan küsübdür nədən?

Bütün ağaclardan uca olsa da,
Qovağın nə barı, nə kölgəsi var,
Gövdəli olsa da, qoca olsa da,
Bir-birinə sığınıbdır budaqlar.

Gün vurdu başımdan, sarsıldım, dostlar,
Baxaraq qovağa xəyala daldım.
Bəzi insanlartək barsız ağac var,
Dərk edib dünyanı mən də dərs aldım.

Deyirəm nə ola heç vaxt cahanda
Kölgəsiz olmayaq, barsız olmayaq,
Mərd, mübariz insan olaq hər anda,
Təkcə bədxah, təkcə arsız olmayaq.

8 avqust 2002
Rusiya, İvanovo şəhəri