Nənə qutab bişirir,
Dadlı, ləzzətli qutab.
Kimin xoşuna gəlməz
Pencərli, ətli qutab?
Nəvəsinin payını
Bölüb verir nənəsi.
Nəzər salır Aytənə,
Göz gəzdirir nənəsi.
Görür ki, qızcığazın
Əlində bir qutab var.
– Necə oldu, ay qızım,
Bəs verdiyim qutablar?
Nəvə gülümsəyərək
Dönüb baxır Məstana.
Sonra da nəzər salır,
Yanındakı Toplana.
Nənə görür ki, pişik
Astadan miyoldayır.
İt də baxıb Aytənə
Quyruğunu bulayır.
Aytən qutab payını
Bölmüşdü onlar ilə.
Dayanıb nənəsinə
Baxırdı gülə-gülə.