Şəlalə, ay şəlalə,
Niyə hirslisən belə?
Kim dəyibdir xətrinə,
Səs salırsan sən yenə?
Enib gəlirsən dağdan,
Görsənirsən uzaqdan.
Qayalara dəyirsən,
Yatıb dincəlməyirsən.
Sənə oxşayıb elə,
Kiçik bacım Şəlalə.
Amma onun dili var,
Məni duyar, anlayar.
Sənin isə əlin yox,
Danışmağa dilin yox.
Yaman şıltaqsan, şıltaq,
Tellərin saçaq-saçaq.
Bacım heyrandır sənə,
Qulaq asır səsinə.
Anlaya bilmirəm mən:
Bəlkə də dəcəlliyi
Bacım öyrənib səndən?