Sən

 

Çıxaraq seyrinə Zod dağlarının,
Olaraq qonağı yaylaqlarının,
Lilparlı, yarpızlı bulaqlarının
Sərin sularından içmədinmi sən!

Göz açandan zirvələrə vuruldun,
Səfalıydı hər dağ, dərə, vuruldun,
Doğulandan bu yerlərə vuruldun,
Tanış cığırlardan keçmədinmi sən!

Səsləyirdi gül-çiçəkli yamaclar,
Gəl, deyirdi gül-çiçəkli yamaclar,
Mahalımda dağlar qədər yamac var,
Zirvədə qartalla uçmadınmı sən!

Dil açırdı təmiz hisslər qəlbində,
Təlatümlü dəniz hisslər qəlbində,
Sənə tabe, kəniz hisslər qəlbində,
Eşqin şərbətini içmədinmi sən!

Ürəyində ümman idi arzular,
Dilə gəlib nələr dedi arzular?
Gah şən oldu, gah inlədi arzular?
Həqiqət donunu biçmədinmi sən!

Səməd Vurğun «Katib qardaş» – çağırdı,
Kəlbəcərdə sal qaya, daş çağırdı,
İz saldığın hər bələn, qaş çağırdı,
Anatək torpağı qucmadınmı sən!

El adamı, sən bir dövlət xadimi,
Hünər meydanında durdun nər kimi,
Ər oğlusan, ad çıxardın ər kimi,
Yalandan, böhtandan qaçmadınmı sən!

Gördün xəyanət də, gördün böhtan da,
Sözündən dönmədin heç vaxt bir an da,
Eşitmir kimsəni çərxi-dövran da,
Zülmətə gur işıq saçmadınmı sən!

Katib oğul, şair oğul, nər oğul,
Aqil oğul, müdrik oğul, ər oğul,
Yarışammaz sənin ilə hər oğul,
Yaddaşa əbədi köçmədinmi sən!

Dörd oğulu, iki qızı böyütdün,
Övlad payı – bəxt ulduzu böyütdün,
Hər birindən oldun razı, böyütdün,
Onlara doğru yol seçmədinmi sən!

Xanım ana ər qeyrətli qadındı,
Vüqarındı, şöhrətindi, adındı,
Zirvəyə uçmağa qol-qanadındı,
Qəlbini tək ona açmadınmı sən!

10 sentyabr 2002