Sən demə…

Gecə yuxusuz qalmağım,
Susub, xəyala dalmağım,
Sazı qəm üstə çalmağım
Məhəbbətmiş sən demə.

Öz-özümə danışmağım,
Xəyalən dağlar aşmağım,
Bəxtim ilə barışmağım
Məhəbbətmiş sən demə.

Dünyanın gül qoxuması,
Yerin, göyün oxuması,
Qəlbin hər gün oxuması
Məhəbbətmiş sən demə.

Arzunun qanad açması,
Əngin göylərdə uçması,
Gözlərin şəfəq saçması
Məhəbbətmiş sən demə.

Məni dara çəkən hisslər,
Ürəyimə çökən hisslər,
Başımda turp əkən hisslər
Məhəbbətmiş sən demə.

Hardasan, tez gəl deməyim,
Tanrım, kömək ol, deməyim,
Kədərlənib qəm yeməyim
Məhəbbətmiş sən demə.

Əli Vəkil əhdinə düz,
Nəğmə yazdı gecə, gündüz,
Taleyində bir gülər üz
Məhəbbətmiş sən demə.

12 oktyabr 2005