Sən nə qədər sevimlisən, gülər, mehriban mələyim

Sən nə qədər sevimlisən, gülər, mehriban mələyim,
Xoş saatda xəlq eləyib səni bu dövran, mələyim.

Aldı ağlımı başımdan sənin mənalı gülüşün,
Unutma ilqarını gəl, sevdiyini an, mələyim.

Gözlərində bir ovsun var, ürkək-ürkək baxma elə,
And içəcək öz eşqinə hər sevən insan, mələyim.

Fikir-xəyal içindəyəm, gülüm, səni görən gündən,
Qoy başlayım taleyindən yeni bir dastan, mələyim.

Şairlərin ilhamına baxışınla qol-qanad ver,
Sabah eşqin bağçasında gül açar hər yan, mələyim.

Saf eşqinə xor baxanın gözlərinə qan damacaq,
Sağaldarsan çox dərdləri, olarsan loğman, mələyim.

Gözəlliyə heyran qaldı qələm əhli Əli Vəkil,
Yad edəcək ömrü boyu səni hər bir an, mələyim.

10 iyun 2002