Sən olaydın

Gülüm, hər səhər qapımda
İlk dayanan sən olaydın.
Bu sevdanın yollarında
Oda yanan sən olaydın.

Bilirəm ki, gəlməlisən,
Danışmalı, gülməlisən,
Hər sirrimi bilməlisən,
Məni anan sən olaydın.

Məhəbbətin soltanı sən,
Yad et əhdi-meymanı sən,
Mənimləsən hər anı sən,
Sadiq canan sən olaydın.

Ay Əlinin şirin sözü,
Vuran qəlbi, görən gözü,
Gülər görüm gülər üzü,
Sökülən dan sən olaydın.

29 oktyabr 2001