Ürəyimdə ilham aşıb-daşırdı,
Sözlər dilə gəlir, pıçıldaşırdı,
Xəyallarım sərhədləri aşırdı
Sən yanımda olanda…
Sanırdım ki, bütün dünya mənimdi,
Uzaqdasan, lap yetiməm mən indi,
Darıxmazdım, bu da yəqin sirri idi?
Sən yanımda olanda…
Hiss etmirdim ötüb keçən günləri,
Yoxa çıxıb, itib keçən günləri,
Göydə çaxıb, itib keçən günləri,
Sən yanımda olanda…
Nəğmələrdə həsrət hissi yox idi,
Dünyam sənli, gözüm, könlüm tox idi,
Əlinin də qəlbində söz çox idi,
Sən yanımda olanda…
3 oktyabr 2000