Səndən ayrı

Ömür-gün yoldaşım Göyərçinə!

Təbəssümlü üzlər də,
Dəniz də var bu yerdə!
Nəğməsini oxuyur
Şən dalğalar bu yerdə!

İnsanlar gülər üzlü,
Qonaqpərvər, mehriban.
Riqa səhərlərini
Unutmazsan heç zaman!

Gülüşlər könül oxşar,
Baxışlar da gözəldi!
Bol məhsullu payız da,
İlk bahar da gözəldi.

Könüllərdə məhəbbət,
Gözlərdəsə ovsun var.
Baxsan gözəl bir qıza
Dərhal səni ovsunlar.

O gözlərin odunda
Alışarsan, yanarsan.
O gözlərdə sevgini
Sönmüş deyil, yanar san.

Məst eyləyib bu yerdə
Güllərin ətri məni!
Qoruyubdur günəşdən
Ağacın çətri məni!

Baltiklə salamlaşıb,
Görüşməyə gəlmişəm.
Amma bilmirəm niyə
Bu qədər kövrəlmişəm?

Çıxmayacaq yadımdan
Nə bu şəhər, nə sahil!
Vurulmuşam dənizə,
Lakin… Xəzərim deyil!

Tarım simə bənzəyir
Bu gün yenə də qəlbim.
Səndən qeyri ruhumu
Kim oxşayar, söylə kim?

Nə qədər gözlər görsəm,
Gözlərinə tay deyil.
Eşitdiyim xoş sözlər,
Sözlərinə tay deyil!

Kaş olaydın yanımda,
Baltiki seyr edəydik.
Gülüşünə bülənib,
Burda qoşa gedəydik.

Qəlbimi oxşamağa
Sənin xoş səsin gərək.
Nəğməmi canlandıran
İsti nəfəsin gərək!

Bilirsənmi bu səhər
Darıxmışam, nə üçün?
Əllərimə qonmayıb
Ağ əllərin, Göyərçin!..

Riqa, 1977