Səndən ayrı

Elə kövrəlmişəm, sənsizləmişəm,
Adını çəkəndə titrəyir dilim.
Sən gələn yollara qurban demişəm,
Hardasan, hardasan, hardasan, gülüm?

Tənhayam, yamanca darıxmışam mən,
Qəlbimi sızladır şəsrət, intizar.
Özümü itirib lap çaşmışam mən,
Gəl güldür könlümü, gecikmə, ey yar.

Yazılır ömrümə sənsiz anlarım,
Ayrılıq bizimlə yaranıb qoşa?
Çoxalıb həsrətim, həyəcanlarım,
Gəl gülüm, bəzək ol sən ömrə, yaşa.

Bil ki, ayrılıq da, vüsal da vardır,
Gecikmə, qoy uçsun, yox olsun hicran.
Atalar dediyi misal da vardır:
«Ürək boş qəfəsdir sevmirsər insan!»

Gəl al bu hicranın əlindən məni,
Ömrüm axarına, yoluna düşsün.
Qoru ayrılığın selindən məni ,
Hər günüm, hər anım sənlə ötüşsün!

Əli əllərinə həsrətdir çoxdan,
Gözlərim axtarır haçandan səni?
Çapır öz atını dördnala zaman,
Mənə çatdıracaq haçan dan səni?

Yanvar 1991