Həyatın mənası artır gözümdə,
Səni düşünəndə, səni ananda.
Yaman şirinləşir nəğməm, sözüm də,
Səni düşünəndə, səni ananda.
Qolumun qüvvəti artır, əzizim,
Dizimin taqəti artır, əzizim,
Sevginin qiyməti artır, əzizim,
Səni düşünəndə, səni ananda.
Sevinc, fərəh mənə yar olur, gülüm,
Bu cahan qəlbimə dar olur, gülüm,
Qələm götürməmək ar olur, gülüm,
Səni düşünəndə, səni ananda.
Həyata yenidən gəlirəm, inan,
Hər şeyin qədrini bilirəm, inan,
Həsrəti lüğətdən silirəm, inan,
Səni düşünəndə, səni ananda.
Bilmirəm nə üçün xəyalım çaşır,
Coşan ürək yeni bir nəğmə qoşur,
Bircə anda Əli Vəkil dağ aşır,
Səni düşünəndə, səni ananda.
25 iyul 1999