Səni itirməkdən…

Səni itirməkdən yaman qorxuram,
Adını çəkəndə titrəyir dilim.
Ayrılıq çətindir, aman, qorxuram,
Qorxuram, qorxuram, qorxuram, gülüm!

Yerini salmışam ürəyimdə mən,
Orda qoruyuram soyuqdan səni.
Kimsə tərpədəmməz səni yerindən,
İtirsəm taparam haradan səni?

Sevən ürəyimin açarı səndə,
Həmişə həyanım, həmsöhbətimsən.
Bizdən uzaqdadır duman da, çən də,
Əbədi eşqimsən, səadətimsən.

Səni itirməkdən qorxuram, gülüm,
Qorxuram itirəm, tapa bilməyəm.
Həyatda təkliklə yox aram, gülüm,
Gedəni qaytarmaq asandır bəyəm?

Mənimlə uçursan mavi səmada,
Qolumdan tutursan dara düşəndə.
Boranda, şaxtada yetirsən dada,
Günəşsən çovğuna, qara düşəndə.

Səni itirməkdən qorxuram, gülüm,
Neyləyək gendəsən, uzaqlardasan.
Həyatda təkliklə yox aram, gülüm,
Yerin ürəyimdə – sən orda mehman.

1987