Səni xatırlayanda

Sevincim aşıb-daşır
Səni xatırlayanda.
Uzaqlar yaxınlaşır
Səni xatırlayanda.

Xəyala dalmaq nədir?
Qəm sazı çalmaq nədir?
Vaxtsız qocalmaq nədir?
Səni xatırlayanda.

Əhdimizi anıram,
Vallah, mələk sanıram,
Alışıram-yanıram
Səni xatırlayanda.

Göyçə eli dil açdı,
«Göyçə gülü» dil açdı,
Novruzgülü gül açdı,
Səni xatırlayanda.

Dilə gəlir arzular,
Ürəkdə min arzu var,
Əli Vəkil dağ yarar
Səni xatırlayanda.

10 iyun 1998