Gör necə dadlıdı, necə şirindi
Sənin intizarın, sənin həsrətin.
Qəlbimdə dil açır, çağlayır indi
Sənin intizarın, sənin həsrətin.
Mənimlə xəyala dalar gecələr,
Yuxumu əlimdən alar gecələr,
Könül rübabımı çalar gecələr
Sənin intizarın, sənin həsrətin.
Gah sevinc bəxş edər, gah da ki, hicran,
Dünyada sevgisiz yaşarmı insan?
Kədərli anımda tutar qolumdan
Sənin intizarın, sənin həsrətin.
Əbədi sirdaşım, mehmanım olub,
Ümidim, inamım, gümanım olub,
Sehirli söz dünyam, cahanım olub
Sənin intizarın, sənin həsrətin.
Alışıb alova dönər qanımda,
Sənsizlik dərdindən donar qanımda,
Özüm dinməsəm də, dinər qanımda
Sənin intizarın, sənin həsrətin.
Avqust 1991