Sənin yerini

Çoxdu bu dünyada, çoxdu gözəllər,
Kimsə tuta bilməz sənin yerini.
Sevənləri oda yaxdı gözəllər,
Kimsə tuta bilməz sənin yerini.

Bir sim üstə köklənibdir qəlbimiz,
Gah susubdur, gah dinibdir qəlbimiz,
Eşq oduyla isinibdir qəlbimiz,
Kimsə tuta bilməz sənin yerini.

Sevən ürək kökdəndüşməz kamandı,
Qoyma, gülüm, qoyma sussun, amandı,
Aşiqlərin ayrılığı yamandı,
Kimsə tuta bilməz sənin yerini.

Doğulmasan yaşadardı kim məni,
Ağladardı qəmli ötən sim məni,
Sağaldardı hansı bir məlhəm məni?
Kimsə tuta bilməz sənin yerini.

Bu ömür yolunu qoşa gedək biz,
Qoy yelkən dəyməsin daşa, gedək biz,
Əli Vəkil, yaşa, yaşa, gedək biz,
Kimsə tuta bilməz sənin yerini.

17 avqust 2008