Sənsən

Həyatda dövlətim, varım da sənsən,
Ülvi məhəbbətin yaşadır məni.
Amalım, ismətim, arım da sənsən,
Sarsılmaz ülfətin yaşadır məni.

Səni yad edəndə, xatırlayanda
Həsrətin əlində qula dönürəm.
Xəyalım cahanı gəzir bir anda,
Əl çəkmir yaxamdan nə hicran, nə qəm.

«Səni yad edəndə» – bu nə deməkdir?
Görün nə söylədim fikirləşmədən?
Ürəyim heç səndən dönməyəcəkdir,
Yadımdan çıxmırsan bircə an da sən.

Könlümdə əbədi məskən salmısan,
Hər yeni şeirimi diqtə edirsən.
Yüz dəfə düşünüb fikrə dalmısan,
Hər yerə mənimlə birgə gedirsən.

Həyatda dövlətim, varım da sənsən,
Ülvi məhəbbətin yaşadır məni.
Amalım, ismətim, arım da sənsən,
Sarsılmaz ülfətin yaşadır məni.

10 yanvar 1987