Sənsiz bir ağacam susuz səhrada,
Gecə də, gündüz də düşürsən yada.
Ürəkdən gəl sevək, sevilək, gülüm,
Qul olma dünyada şöhrətə, ada.
Sənsiz bu dünyanın nə mənası var?
Könlümün könlündən təmənnası var.
Əhdi-peyman edən iki aşiqin
Məhəbbət adlanan bir dünyası var.
Həyatda sevginə möhtacam yaman,
Qəlbimə od düşüb baxışlarından.
Sevib-sevilənin nə günahı var,
Ürəkdir alışan, ürəkdir yanan.
Sən mənim vüqarım, şöhrətim, adım,
Saf eşqin olubdur qolum-qanadım.
Tanrıdan istəyim budur, ay gözəl,
Tezcə hasil olsun arzum, muradım.
Həmişə axtarır gözlərim səni,
Niyə düşündürmür sözlərim səni?
Neyləyim, eşqindən yazmasam olmur,
Alıram qələmə ürək deyəni.
Amandır unutma əhdi-peymanı
Gəl tanı eşqindən oda yananı.
Tale qismətidir sevmək əzəldən,
Arayıb-axtarma əhdi dananı.
Mən səni görməsəm, dözərmi ürək?
Adını çəkirəm, yarım,-deyərək.
Sadiq əsgər kimi durub keşikdə
Eşqimi əbədi qoruyam gərək.
Yaşadır həyatda saf eşqin məni,
De, niyə unutsun sevən-sevəni?
Aşiqlər gərək ki, öz yollarından
Birgə yox etsinlər dumanı, çəni.
Gözünə baxmağa yox cəsarətim,
Ülvidir, gözəlim, ülvi, niyyətim.
Varsa qəbahətim, məni bağışla,
Günəştək odludur saf məhəbbətim.
Unuda bilmirəm qara gözünü,
İstərəm həmişə gbrüm üzünü.
Bəs niyə susursan, dözməyir ürək,
«Sevirəm» – deyərək, söylə sözünü.
Səni düşünmüşəm, anmışam, inan,
Eşqini əbədi sanmışam, inan.
Həsrətin o qədər üzür qəlbimi,
Şam kimi əriyib, yanmışam, inan.
Kaş ki, oxuyaydın sözlərimi sən,
Dərk edib, duyaydın sözlərimi sən.
Sevinc, fərəh gətir, sevinim, gülüm,
Gəl qoyma yollarda gözlərimi sən.
Yenə küsdürmüsən, al könlümü sən,
Bəmdə-zildə bir çal könlümu sən.
Dil-dil ötəcəkdir onun hər simi,
Yenə də odlara sal könlümü sən.
Gözlərim qamaşdı, baxa bilmədim,
Qəlbində şimşəktək çaxa bilmədim.
Nə qədər mən sənə yalvardım, gülüm,
Nəğmətək könlünə axa bilmədim.
Bu dünya ölümlü, itimli dünya,
Fatehli, yoxsullu, yetim dünya.
Onun havasını çalmaq çətindir,
Kamanı, rübabı üç telli dünya.
Yox, ana doğmayıb dünyada səni,
Kaş ki, bu sözlərim oyada səni.
Vallah, saf eşqindən oluram dəli,
Düşünüb saldıqca ha yada səni.
Elimin ilahi gözəli sənsən,
Təmiz məhəbbətin əzəli sənsən.
Layiqsən həyatda təmiz sevgiyə,
Sənintək mələyi doğana əhsən.
Xor baxma, gözəlim, sən ülviyyətə,
Arxalan sevjiyə, say məhəbbət.
Vəfalı olanlar yetir dünyada
Əbədi bir eşqə, ülvi niyyətə.
Nə olar, gözəlim, qəlbimi üzmə,
Uzaqda dolanma, uzaqda gəzmə.
Tablaşmaq çətindir, dözmək çətindir,
Heyran-heyran baxıb gözünü süzmə.
Eşqimiz bahardır, çiçəkli yazdır,
Adına yüz nəğmə yazsam da azdır.
Hər nə yaddan çıxsa da, ay qız,
Bil ki, ilk məhəbbət unudulmazdır.
Zaman öz işində, öz gərdişində,
Şair söz ovunda, söz gərdişində.
Hər kəsin dünyada alın yazısı,
Xeyri yox, yüz hökmün, yüz gərdişin də.
Adına ətirli gülləri dərdim,
Əllərin əlimə dəysə nə dərdim.
Həyatda bir neçə ömrüm olsaydı,
Yenə də könlümü sənə verərdim.
Amandır, gözəlim, insafa gəl bir,
Yetər cəfaların, qəlbimi dindir.
Sənin saf eşqini tərənnüm edib
Hər nə yazmışamsa, bil ki, sənindir.
Taleyin qəribə işləri vardır,
Gəl sevək-sevilək, yenə bahardır.
Yaman darıxıram səndən uzaqda,
Elə bil gen dünya başıma dardır.
Ağlımı başımdan aldın, ay gözəl,
Məni bu sevdaya saldın, ay gözəl.
Eşqinə, əhdinə hörmət elə sən,
Qəlbimdə əbədi qaldın, ay gözəl.
Göy çəmən, bağ-bağat səfasız olmur,
Məhəbbət dünyada cəfasız olmur.
Əhdinə, eşqinə sədaqətli qız,
Sevir öz yarını, vəfasız olmur.
Lal etdin sən məni, nədən, bilmirəm?
Sevən ürəklərdə nə kədər, nə qəm.
Eşqimi cavabsız qoyduğun gündən
Niyə kədərliyəm bəs mən, bilmirəm.
Namərddir sevgidə sözündən dönən
Eşqin zirvəsini tərk edən, enən.
Hey səni düşünür, səni anıram,
Bil ki, bu sevdanın Fərhadıyam mən.
Əl çəksin yaxamdan hicran bu gündən,
Mənimdir sevgili canan bu gündən.
Dünya gözlərimdə gözəlləşibdir,
Yaman sevincdəyəm yaman, bu gündən..
Əzizim, gözünə dikilib dözüm,
Daha qalmayıbdır mətanət, dözüm.
Qələmi əlimə alarkən, ay qız,
Sənə ünvanlanır hər nəğməm, sözüm.
Taledən köklənib könül rübabım,
İnsaf et, hicrana qalmayıb tabım.
Kaş ki, əllərində vərəqlənəydi
Məhəbbət dastanım, sevgi kitabım.
Ətirli çiçəksən, sevdyim gülsn,
Bəs niyə susursan, danışıb gülsən.
Həqiqi sevgimiz düşəcək dilə,
Ona hörmət edib, qədrini bilsən.
Zərifsən, incəsən, ay nazlı mələk,
Mən sənə aşiqəm, tərslikdən əl çək.
Payızda çalınsın barı toyumuz,
Birlikdə şadlanaq, birlikdə gülək.
Varmı bu dünyada, de, səndən gözəl?
Gözəlsən, lalədən, süsəndən gözəl.
Yox demə, amandı, könül ver mənə,
Birilkdə sevişək, olaq şən, gözəl.
Amandı, üzünü döndərmə məndən,
Sadiqəm əhdimə, qovma çəməndən.
Nə qədər arxanca boylanım, baxım?
Qəlbimi odlara yandırma gendən.
Ay elin, obanın ürkək ceyranı,
Ülvi gözəllikdə sənə tay hanı?
Vəfasız olma gəl, amandı, gülüm,
Sevib cənnət görək biz bu cahanı.
Nəyim var dünyada sözümdən qeyri,
Səni kəşf eləyən gözümdən qeyri?
Ayrı nə bəxş edim, gözəlim, sənə?
Bu büllur eşqimdən, özümdən qeyri.
Mən səni görəndən ürəyimdəsən,
Arxumda, qəlbimdə, diləyimdəsən.
Qeyrisinə necə ümid bəsləyim?
Ən ülvi istəyim, diləyim də sən.
Təmiz eşqin ilə qələm çalıram,
Hər an xəyalınla nəfəs alıram.
Yuxumda səninlə deyib-gülsəm də,
Gözümü açanda yalqız qalıram.
Ay Allah, bu gözəl göydənmi enib?
Nurdanmı yaranıb, nura bələnib?
Baxışı, duruşu könül oxşayır,
Xəyala dalaraq nə cilvələnib.
Ruhunu, ağlını alır başından,
Uda bilməzsən onu bircə an.
Hansı bəxtəvərə qismət olacaq,
Bu göylər sakini, bu tülək tərlan?
Məhəbbət sınağı çətindən çətin,
Bu yolda həmişə mətin ol, mətin.
Yaxşı bil qədrini daim cahanda
İnsanı yaşadan saf məhəbbətin.
Ətirli çiçəksən sevgi bağında,
Axtar öz eşqini gül yarpağında.
Adətdir, bülbüllər gülün eşqinə
Daim cəh-cəh vurar bahar çağında.
Neyləyim, eşqindən yazmasam olmur,
Həqiqi məhəbbət saralıb-solmur.
Uğursuz lmasın qoy bu sevdamız,
Atalar deyib ki, tökülən dolmur.
Söyləmə nə qayğım, demə nə dərdim?
Eşqin bağçasından axı, nə dərdim?
Əhdə sadiq qalan bir ürəyim var,
Onu da həyatda tək sənə verdim.
Ötən aylar, illər ömürdən gedir,
Əslində ömür də bir əfsanədir.
Zaman öz atını çapır dördnala,
Sevdasız bir ömrün mənası nədir?
Müqəddəs məxluqdur, ülvidir ana,
Odur həyat verən hər bir insana.
Tanrı bağışlamaz incitsən onu,
Böyüdüpr övladı o yana-yana.
Sənin hər baxışın qəlbə od salır,
Sənin hər baxışın yaddaşda qalır.
Unutma, gözəlim, unutma ki, sən
Saf eşqin yuxumu əlimdən alır.
Yox olub dincliyim səni görəndən,
Çoxmu dözəcəyəm bu həsrətə mən?
Eşqinin yolunda uf da demədən
Dözərəm, gözəlim, hər zillətə mən.
İnan sözlərimə, inan, ay gözəl,
Əlində əsirdir bu can, ay gözəl.
Sənsən bu cahanda, sənsən bilirəm,
Eşqimi anlayan, duyan, ay gözəl.
Gülümsən, xoş ətrin məst etdi məni,
Sənli duyğularım isitdi məni.
Hər sözü söyləmək, de nəyə gərək?
Anla baxışımdan ürək deyəni.
Könlümü vermişəm səntək canana,
İncitmə aşiqi, çəkmə hər yana.
Dünyada sadiq yar gərək həmişə
Yalnız bir gözəlin oduna yana.
Gülüm, insafa gəl, bir məni dindir,
Eşqinlə çırpınan bu qəlb sənindir.
Dönük çıxma sən də gəl öz əhdinə,
Sevdiyin aşiqin halına bir yan.
Bəzənib qarşımda durubsan yenə,
Gəl oxu könlümü sən bir an yenə.
Bizli də, bizsiz də yetirəcəkdir
Sevən aşiqləri bu dövran yenə.
Amandı, üzünü çevirmə yana,
Məhəbbət dayaqdır sevən insana.
Ürəkdən sevməsə bülbül də gülü,
Baharda gəlməzdi heç gülüstana.
Hər kəs öz eşqinin qalib əsgəri,
İtirmə tapdığın ləli, gövhəri.
İncitmə sevdiyin aşiqi, gülüm,
Baxma bu sevdaya, baxma ötəri.
Göylərə baxırsan ulduzlu, aylı,
Heyrətdir dünyamız düzlü, dolaylı.
Belə qurulubdur bu ulu dünya,
Toyları gülüşlü, yasları vaylı.
Dalğalı dənizin seyrinə varsan,
Dalğaların nəfəsini duyarsan.
Nə tufan sarsıdar, nə də ildırım,
Sözdən əzəmətli bir qala qursan.
Sinəni coşdurar şirin diləklər,
Sirdaşın, yoldaşın olar mələklər.
Sevgidə aşiqlər zəfər çalacaq,
Əgər bir ahənglə vursa ürəklər.
Qarşında diz çökər, baş əyər hamı,
Əhdi-peyman üçün gəl, deyər hamı.
Şair də yazmasa, ay gözəl pəri,
Adına nəğmələr söyləyər hamı.
Qarabağ qəlbimə vurulan yara,
Doğma Vətən hara, xəyanət hara?
Məhəl qoymadılar heç nəyə, Allah,
Analar, körpələr çəkildi dara.
Şuşa yandırıldı, Laçın kül oldu,
Xocalı naləsi ərşə ucaldı.
Qəflət yuxusundan ayılmadıq biz,
Torpağın harayı cavabsız qaldı.
Kəlbəcər dağları yas içindədi,
Qisası igidlər alacaq dedi.
Sapı özümüzdən olan baltalar
Arxadan vurdular, Vətən inlədi.
16 mart 2000