Uzun yolun yolçusuyuq əzəldən,
Nəyimə gərəkdir sənsiz bu dünya?
Aşmalıyam zirvələri hələ mən,
Nəyimə gərəkdir sənsiz bu dünya?
Keşməkeşli bu yolları bir keçək,
Yaxşını, yamanı arayıb seçək,
Vaxt çatanda həyatdan da bir köçək,
Nəyimə gərəkdir sənsiz bu dünya?
Birgə böldük sevinci də, qəmi də,
Mən silmişəm gözündəki nəmi də,
Sən dindirdin qəlbimdəki simi də,
Nəyimə gərəkdir sənsiz bu dünya?
Çiynimizdə övladların qayğısı,
Qarlı qışın, ilk baharın qayığısı,
İlk nəvənin, ilk nübarın qayğısı,
Nəyimə gərəkdir sənsiz bu dünya?
Yoxdursa da sərvətimiz, varımız,
Örnək oldu ismətimiz, arımız,
Övladlar, nəvələr ömür barımız,
Nəyimə gərəkdir sənsiz bu dünya?
Rusiya. İvanovo şəhəri.
22 dekabr 2002