Sənsizəm-sənsizəm

Səsi-ünüm yetmir sənə,
Yad elədim dönə-dönə,
Dözəmmirəm həsrətinə,
Gəl ki, sənsizəm-sənsizəm.

Nəğmələr yazdım adına,
Yandım bu eşqin oduna,
Bircə dəfə sən yadına
Sal ki, sənsizəm-sənsizəm.

Kaş arzum həqiqət ola,
Peymanımız yadda qala,
Sən də mənimtək xəyala
Dal ki, sənsizəm-sənsizəm.

Gülsün yenə, gülsün üzün,
Şirindi söhbətin, sözün,
Həsrətli könlümü özün
Al ki, sənsizəm-sənsizəm.

Gətir ömrümün yazını,
Gərək çəkəm mən nazını,
Gəlib məhəbbət sazını
Çal ki, sənsizəm-sənsizəm.

Əli Vəkil, güvən yara,
Dönüb gələr getsə hara,
Tablaşıram intizara
Bil ki, sənsizəm-sənsizəm.

20 mart 2003