Sənsiz

(Elegiya)

Oğlum Müşfiqin əziz xatirəsinə

Kədərdən dil açır əlimdə qələm,
Dərdlidir ayım da, ilim də sənsiz,
Olubdur göz yaşım sonsuz kədər, qəm,
Dağım da sənsizdir, çölüm də sənsiz.

Sən bahar ömrümü qışa döndərdin,
Həsrəti gözümdə yaşa döndərdin,
Sevən ürəyimi daşa döndərdin,
Soldu çiçəyim də, gülüm də sənsiz.

Dərdliyəm gülüşü tərgidən gündən,
Qəmliyəm, kövrəyəm, sən gedən gündən,
İşıqlı dünyanı tərk edən gündən,
Söz tutmur, ay Müşfiq, dilim də sənsiz.

Eşidilsin bir də «Yanıq Kərəmi»,
Neyləyəcək dərdə «Yanıq Kərəmi»?
Göydə Allah, yerdə «Yanıq Kərəmi»,
Gücsüzdür ayağım, əlim də sənsiz.

Dinib-danışsam da susmayır ürək,
Könlümü açmayır nə gül, nə çiçək,
Hər ağlayıram şəklini görcək,
Sönməyir alovum, külüm də sənsiz.

25 fevral 2017