Sərhədçi marşı

Səni anam sanmışam,
Sərhəddə dayanmışam,
Oyağam səhər, axşam,
Qibləgahım, gümanım –
Doğma Azərbaycanım!

Hər qarışın müqəddəs,
Dağın, daşın müqəddəs,
Yazın, qışın müqəddəs,
Sənə qurbandır canım –
Doğma Azərbaycanım!

Məftilə, sərhəddə bax,
Önümüzdə Qarabağ,
Bizimkidi o torpaq,
Necə dözüm, dayanım –
Doğma Azərbaycanım!

Keçməliyəm oddan mən,
Qisas alım yaddan mən,
Səsləyir bizi Vətən,
İlə dönüb hər anım –
Doğma Azərbaycanım!

Orda çöllər lalasız,
Ceyran qalıb balasız,
Yurdum Şuşa qalasız,
Dözəmmirəm – nə danım –
Doğma Azərbaycanım!

Ah, talanıb torpağım,
Parçalanıb torpağım,
Oda yanıb torpağım,
Damarda axan qanım –
Doğma Azərbaycanım!

Arxam, köməyim hanı?
Dostu, düşməni tanı,
Xəyanətin qurbanı,
Ağdam – elim, məkanım –
Doğma Azərbaycanım!

Öyünməsin yağılar,
Öndə qanlı döyüş var,
Dünya yada dar olar,
Anım, o günü anım –
Doğma Azərbaycanım!

Qisas alınacaqdır,
«Cəngi» çalınacaqdır,
Qırat, Koroğlu haqdır,
Artıq cana doyanım –
Doğma Azərbaycanım!

Tarixdə izimiz var,
Qəhrəman Həzimiz var,
Mehdi-Mixaylo yaşar,
Zəfər dinim-imanım –
Doğma Azərbaycanım!

6 iyun 2010