Səsim çatmır, ünüm yetmir, ay gulum,
Haraylaram səsimə səs verən yox.
Yad ölkədə, uzaqdasan, sevgilim,
Haraylaram səsimə səs verən yox.
Yuxumda da səni görə bilmirəm,
Hakim olub ürəyimə kədər, qəm,
Kədərliyəm, qəlbim dərdli, gözüm nəm,
Haraylaram səsimə səs verən yox.
Kaş ki, Haqdan səsim sənə yetişə,
Həsrətli ürəyim şüşədir, şüşə,
Bəs sən özün nə deyirsən bu işə?
Haraylaram səsimə səs verən yox.
Darıxanda qəlb sirdaşım kim olsun?
Sevgi ürəklərə qoy hakim olsun,
İki qəlbdə ortaq dinən sim olsun,
Haraylaram səsimə səs verən yox.
Bilirsən ki, Əli Vəkil tənhadı,
Keçir aylar, ötür fəsil, tənhadı,
Yadda saxla, sən yaxşı bil, tənhadı,
Haraylaram səsimə səs verən yox.
29 sentyabr 2000