Səsin gəlir

Möcüzədi, əfsanədi,
Qulağıma səsin gəlir.
Bu yuxudu, yoxsa nədi?
Qulağıma səsin gəlir.

Məni yenə sən səslədin,
Niyə qəfildən səslədin?
Gerçək olsun, gəl səslə, din,
Qulağıma səsin gəlir.

Damağımda eşqin dadı,
Səsin könlümü oxşadı,
Niyə xatırlayım yadı?
Qulağıma səsin gəldi.

Həsrətindən oda yandım,
Bir də, bir də səni andım,
Qəfil yuxudan oyandım,
Qulağıma səsin gəldi.

Əli Vəkil dərd əhlidi,
Məğrurdu, comərd əhlidi,
Əzəl gündən mərd əhlidi,
Qulağıma səsin gəldi.

26 sentyabr 2000