Səsini eşidəndə

İlham coşur ürəkdə,
Aşıb-daşır ürəkdə,
Pıçıldaşır ürəkdə
Səsini eşidəndə.

Artır gücüm, cürətim,
İnamım, dəyanətim,
Çağlayır məhəbbətim
Səsini eşidəndə.

Dünya gülür gözümdə,
Dan sökülür gözümdə,
Şirinləşir sözüm də
Səsini eşidəndə.

Ay mələyim, ay incim,
Yoxdur sənə tay, incim,
Ümman olur sevincim
Səsini eşidəndə.

Aşmağa dağ istərəm,
Qanad açmaq istərəm,
Sənə çatmaq istərəm
Səsini eşidəndə.

May 1996