Səsini eşidəndə…

İlham coşur ürəkdə,
Aşıb-daşır ürəkdə,
Pıçıldaşır ürəkdə –
Səsini eşidəndə…

Artır gücüm, cürətim,
İnamım, dəyanətim,
Çağlayır məhəbbətim –
Səsini eşidəndə…

Dünya gülür gözümdə,
Dan sökülür gözümdə,
Şirinləşir sözüm də –
Səsini eşidəndə…

Ay mələyim, ay incim,
Yoxdur sənə tay, incim,
Ümman olur sevincim –
Səsini eşidəndə…

Aşmağa dağ istərəm,
Qanad açmaq istərəm,
Sənə çatmaq istərəm –
Səsini eşidəndə…

May 1996